Oyuncaq

1275

“Bakı”nın, daha doğrusu, klub rəhbərliyininMadrid“Atletiko”su ilə əlaqələri nədənsə mənə fransız rejisoru Fransis Veberinin 1975-ci ildə çəkdiyi “Oyuncaq” filminin süjet xəttini xatırladır. Əminəm ki, aranızda həmin filmi xatırlayanların sayı çoxdur. Unudanlara isə qısaca xatırlatma verə bilərəm. Məhşur aktyor Piyer Rişarən canlandırdığı işsiz jurnalist Fransua Peren uzun arayışlardan sonra özünə iş tapır. İlk ciddi tapşırığında oyuncaq mağazasından reportaj hazırlamağa yollanan Perenin başına qəribə hadisə gəlir. Belə ki, mağaza sahibinin ərköyün oğlu oyuncaq seçimi zamanı qəribə xarici görünüşü olan Pereni görür və onu almağı atasından tələb edir. Milyonçunun evində oyuncaq olmaq Fransuanın qüruruna toxunsa da, balaca Eriklə oynamağa məcbur olur. Filmin bütün ssenarisini bura yazıb, vaxtınızı almayın. Baxmayanlara da məsləhət görərdim ki, “Oyuncağ”a mütləq baxsınlar. Qayıdaq “Bakı” və “Atletiko” qardaşlığına. Yadınızdadısa, paytaxt klubu ispanlarla eyni zamanda Fransanın “Lans” klubu ilə də əməkdaşlıq müqaviləsi imzalamışdı. Nədənsə, fransızlarla əlaqlərin inkişafı haqda xəbərlər ala bilmirik. Xəbərimiz yoxdur ki, “Lans” meydanda çıxarkən formasına Azərbaycanın adı hansısa formada yazılır, ya yox. Madrid klubunun isə sevinci yerə-göyə sığmır. Hətta Arda Turan da bu izdivacdan sevincini ifadə edib. Futbolçu bundan sonra Azərbaycanda Madrid “Atletiko”sunun azərkeşlərinin sayı artacağına inamını vurğulayıb. Daha sonra da qan qardaşımız Arda “Bakı”nın prezidenti Hafiz Məmmədovun tez-tez onların oyunlarını birbaşa stadionda izləməsini arzulayıb. Bu əməkdaşlıqdan fransızların “Oyuncaq” filminin qoxusunun hardan gəlməsini yazımı sona qədər oxuyanlar biləcək. Ötən mövsümün gedişində dəfələrlə söylənilirdi ki, “Atletiko” maddi sıxıntılar məngənəsindədir. Türkiyə mətbuatı hər ay ispanların “Qalatasaray”a Ardanın transferinə görə borclu olduğunu, məbləğin ödənilməməsinə görə hətta futbolçunun geri dönəcəyini yazırdı. Hətta yay fasiləsində klubun Ardayla Falkaonu satmaqla borclu olduqları paraları verməyi düşündüyü söylənilirdi. Allaha şükür “Atletiko” rəhbərliyinin Bakıya ayağı açılandan, bizimkilərlə qardaşlıq müqaviləsi imzalanandan sonra belə həyəcanlı xəbərlər eşitmirik. Deyəsən, bizimkilər “Atletiko”nu bütünlüklə alıblar, sadəcə bəd nəzərdən qorunmaq üçün əsl həqiqət ictimayyətə açıqlanmır. Ötən həftə Azərbaycanın birdən-birə iki nazirinin bir qrup adamla Madridə yollanması, əvvəlcə El-klassikonu, ardından isə “Atletiko”nun İspaniya kuboku çərçivəsində “Sevilya”ilə oyunun izlənməsi əsl şouya bənzəyirdi. Siz nə vaxtsa eşitmisiz ki, Azad Rəhimov naziri olduğu gənclərin arasında görünsün, onların problemləri ilə maraqlansın? Yox?! Heç mən də görməmişəm. İsmayıllıda turizm obyekti olan otel yandırılıb, yiyəsi tapılmır. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev İspaniyaya futbola baxmağa gedib. Analoqsuz inkişafın göstəriciləri elə budur Aqillərin “hardan başlayır vətən?” sualı burda lap yerinə düşür. Yəqin ki, bizim nazirlər və “Bakı” klubunun rəhbərliyi üçün vətən İspaniyadan başlayır. Nazirlər vətənin problemlərini veclərinə almırlar, Madriddə futbola baxırlar. Deyəcəksiz ki, “bəs “Bakı”? Paytax klubu ki, “Atletiko”nun yaxasına “Odlar yurdu Azərbaycan” yazdırıb.” Belə suallar ünvanlayanlara mən də sualla cavab verim. Niyə Azərbaycanın adı “Bakı”nın öz formasına yazılmayıb? “Zolaqlılar” illərdir öz formalarına “Odlar yurdu Azərbaycan”, yaxud “biz Qarabağa qayıdacayıq” yazdırıb, meydana çıxsaydılar mən də onların vətənpərvərlik hisslərini alqışlayar, “Ateltiko”nun formasındakı yazının da səmimiyyətinə şübhə etməzdim. Atalar demişkən “əvvəl evin içi, sonra da çölü”. “Zolaqlılar”ın formasının önünə ümumiyyətlə heç bir yazı yoxdur. Söhbət təkcə daxili yarışlardan getmir ki, “Bakı”nın formasındakı yazının əhəmiyyəti olmasın. Bir-neçə il bundan əvvəl “Bakı”nın qitə kuboklarında “Levski” və “Bazel”lə keçirdiyi oyunlar kifayət qədər diqqət cəlb etmişdi. İddia etmək olar ki, UEFA meydana siyasi şüarlar yazılmış formayla çıxmağa icazə vermir. Amma ortada “Atletiko” boyda fatk var. Yoxsa, qitənin ali futbol qurumunda oturanlar ölkəmizin adının reklamını “Qatar hava yolları”, “Fly Emirates” kimi kommersiya xarakterli qəbul edib? Qorxuram ki, bizimkilərin Madriddə “Odlar yurdu Azərbaycan” adlı biznes şirkəti ola, madridlilərin formasına da həmin firmanın adını yazdırarlar. Əlbəttə, bu iddia qeyri-ciddi səslənir, amma məsələnin kökündə kifayət qədər qaranlıq məqamlar var. Məsələn, klub prezidenti Hafiz Məmmədov Madriddə olsa da, 2013-2014-cü illərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutan müqaviləni “Atletiko”nun prezidenti Enrike Sorezoyla Sənan Məmmədov imzalayıb. Sənan bəysə Hafiz Məmmədovun doğmaca oğludur. O boyda Enrike Sorezonun ata qala-qala oğulla müqavilə imzalamağa razılıq verməsi çox maraqlıdır. Yəqin indi başa düşdünüz ki, niyə bu əməkdaşlıq mənə fransızların “Oyuncaq” filmini xatırladıb. Bəlkə də illər keçəcək, istedadlı fransız rejisorlarından hansısa “Lans”ın “Bakı”yla əməkdaşlıqdan lazımınca faydalana bilməməsindən qeyzlənib, yeni “Oyuncaq2”filmini ekranlaşdıracaq.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər