“Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “France-24” televiziya kanalına müsahibəsindən
Cənubi Qafqazın siyasi simasını əsaslı şəkildə dəyişən 44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə həyata keçirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin, eyni zamanda uğurlu daxili və xarici siyasətin nəticəsi idi. Bildiyimiz kimi, müharibə dövründə düzgün informasiya siyasəti böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya cəbhəsindəki üstünlüklərimizi təmin etdi. Ölkə başçısının dünyanın ən məşhur televiziya kanallarına və müxtəlif nüfuzlu KİV-lərinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və uzun illərdən bəri işğal altında olan torpaqlarımızda törədilən vandalizm aktları, mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyri-qanuni köçürlümə siyasətinin həyata keçirilməsi, 27 sentyabrdan başlayaraq isə Ermənistanın mülki əhalimizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması konkret fakt və sənədlərlə dünya birliyinin diqqətinə çatdırdı. 30-a yaxın müsahibənin hər birində münaqişənin əsl mahiyyətini, problemə dünyanın ikili standartlar əsasında yanaşmasının fəsadlarını, Ermənistanın işğalçılıq və faşist siyasətinin mahiyyətini açıb göstərdi, jurnalistlərin dəfələrlə səsləndirdiyi ittiham dolu, qərəzli, Ermənistana dəstəkdən irəli gələn suallarını təmkinlə cavablandıraraq onları həqiqətə obyektiv qiymət verməyə çağırdı.
Artıq 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasının bir ili arxada qaldı. 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə verən möhtərəm Prezidentimiz cənab İlham Əliyev regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün dövlətimizin danışıqlar aparmağa hazır olduğunu bildirdi: “Sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.”
Təbii ki, Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olub və bunu dəfələrlə bəyan edib. Ölkə başçısının da qeyd etdiyi kimi, aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır.
Birmənalı şəkildə regionda sülhün bərqərar olunması həmişə Azərbaycanın rəsmi mövqeyini əks etdirib. Sülh müqaviləsi bağlanmalıdır ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılsın. Təəssüf hissi ilə qeyd etmək lazımdr ki, Ermənistan rəhbərliyi tərəfindən bunların heç birinə adekvat cavab verilməyib. Bu da Prezidentin də qeyd etdiyi kimi “Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib.”
Arzuolunmaz haldır ki, Ermənistanın bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. Ölkə başçısının da dediyi kimi: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır.”
Münaqişənin həlli məsələsinə də toxunan Prezident bildirib ki: “Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.”
Mövzununun davamı olaraq dövlət başçısı: “Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib. 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan yalnız tarixi faktlara istinad edib. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur” – deyərək məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub.
“France-24” televiziya kanalına verdiyi müsahibədə Azərbaycan-Fransa arasında münasibətlərə də toxunan dövlət başçısı iki ölkə arasında hər zaman əlaqələrin uğurla davam etdiyini və iqtisadiyyat, ticarət, infrastruktur sahəsində layihələrin həyata keçirildiyini qeyd edib. Buna görə də “biz ümid edirdik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı.” Lakin, İkinci Qarabağ müharibəsi zamanı Fransa hökümətinin Azərbaycana qərəzli yanaşmalarının narahatlıq doğurduğunu bildirən Prezident İlham Əliyev mövzu ilə bağlı danışarkən aşıq şəkildə vurğulamışdır ki: “Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi – Ermənistanın tərəfini. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır.”
Sözsüz ki, Azərbaycan hər zəman sülh arzulayan bir ölkə olaraq təhlükəsizliyin və sabitliyin tərəfdarıdır. Ölkə başçısının da qeyd etdiyi kimi “Biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik”.
Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmədiyini söyləyən dövlətimizin başçısı bildirib ki: “Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Biz səhifəni çevirmək istəyirik”.
Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti