Pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsi dünya üçün nümunədir

831

Pandemiyanın ilk günlərindən etibarən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması üçün geniş tədbirlər planı təsdiq olundu. Qısa müddət ərzində ölkəmizdə 13 modul tipli və 1 daimi xəstəxana inşa edildi. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının sayı artırıldı. Daha çevik qərarların qəbul olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hökümət ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq məqsədi ilə vaxtında və effektiv tədbirlər hazırlayaraq həyata keçirdi. COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarı dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edildi. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Ötən bir il ərzində ölkəmizdə bu istiqamətdə çox mühüm tədbirlər reallaşdırıldı. Pandemiya ilə mübarizə tədbirləri hazırda da uğurla davam etdirilir. Bu gün əsas prioritet ölkə əhalisinin vaksinasiya prosesinə cəlb olunmasıdır. 2021-ci il yanvar ayından başlayaraq Azərbaycan dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələrdən oldu. Artıq ölkəmizdə 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. Ölkəmizdə 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər.

Azərbaycan beynəlxalq müstəvidə də pandemiya ilə mübarizəyə öz töhvəsini verir. Ötən dövr ərzində Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir çox qlobal təşəbbüslərlə çıxış etdi. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı təşkil edildi və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirildi. Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələr arasında peyvəndin ədalətli bölgüsü ilə bağlı qətnamə irəli sürdü və həmin qətnamə bu ilin mart ayında yekdilliklə qəbul olundu.

Azərbaycan pandemiyanın başladığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə də səmərəli əməkdaşlıq etdi. Məhz bunun nəticəsidir ki, ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdı. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdı. Bununla yanaşı, ölkəmiz COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdi.

Sözsüz ki, pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev onlayn formada keçirilən bütün beynəlxalq tədbirlərdə pandemiyanın öhdəsindən gəlmək üçün güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasındakı çıxışı zamanı Prezident İlham Əliyev bir daha inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırdı. Ölkə başçısı çıxışında bildirdi: “Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”.

Sumqayıt da pandemiya ilə mübarizəyə öz töhvəsini verdi

Ölkəmizdə ilk dəfə olaraq Sumqayıtda tibbi maska istehsalına başlanıldı

Pandemiyanın başladığı dövrdən qısa müddət sonra Sumqayıt şəhərində tibbi maska istehsalı müəssisəsinin açılışı baş tutdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında müəssisənin açılışında iştirak etdi.

Ölkə başçısının tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu. “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edildi və ona Sənaye Parkının rezidenti statusu verildi.

Təxminən bir ay sonra isə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı baş tutdu. Tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsalına başlanıldı.

Pandemiya ilə əlaqədar olaraq spirtə tələbatın kəskin artması nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən Sumqayıt şəhərində fəaliyyət göstərən “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olundu.

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində modul tipli xəstəxananın videokonfrans vasitəsilə açılışı oldu.

Sumqayıt şəhərində əhali vaksinasiya prosesində də fəal iştirak edir. Artıq 100 mindən çox doza peyvənd istifadə edilib. Bu gün də bu proses davam edir.

Pandemiya ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə pandemiya vaxtında nəzarət altına alındı, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olundu. İnanırıq ki, ölkəmizdə həyata keçirilən kütləvi vaksinasiya prosesi və digər tədbirlər nəticəsində qısa müddət ərzində pandemiyaya qalib gələcəyik.

Sehri Babayev, Sumqayıt şəhərin baş infeksionisti, Əməkdar həkim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər