“Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanan Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, Azərbaycan, Türkiyə və Pakistan xalqları tarix boyu yaxın və dost münasibətdə olublar: “Hər üç ölkənin dövləti və xalqı çətin zamanlarda daim bir-birilərinə dəstək veriblər. Bu üç ölkənin xalqlarını bir-birilə qardaşlıq, ülvi hisslər və etibarlılıq birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycanın mövcudluğu hər üç ölkənin bir-birilə daha etibarlı şəkildə bağlanmasını təmin etməkdədir”.
Komitə sədri qeyd edib ki, Bəyannamədə dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd olunması əlaqələrin daha da şaxələnəcəyini deməyə əsas verir: “Milli Məclis sədri Sahibə Qafarovanın bu il Pakistana rəsmi səfəri zamanı əlaqələrin daha da gücləndirilməsi üçün parlamentin rolu geniş müzakirə olunub və bu istiqamətdə fəaliyyətin daha da güclənməsinin zəruriliyi qeyd olunub. Eyni zaman hər üç ölkənin parlamenti tərəfindən vahid və əlverişli inkişaf çərçivəsi üzərində işin aparılması da günümüzün tələbidir. Regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi də Bəyannamədə xüsusi vurğulanır. Beynəlxalq təşkilatların bu məsələlərdə aciz qaldığı bir dövrdə regionun üç əsas və güclü dövlətinin bu missiyanı öz üzərinə götürmək səyi təqdirəlayiq haldır və regiondakı bütün xalqların marağına xidmət edəcək. Azərbaycanın işğal altında olan əraziləri Ermənistanın işğalından azad etməsi və bu qələbənin işğalçılıq siyasətinə sarsıdıcı zərbə vurması Bəyannamədə bir daha belə qüvvələrə imkan verilməməsi üçün birgə fəaliyyətin təşkilinin vacibliyinin qeyd olunmasını təmin edib. Digər tərəfdən bütövlükdə beynəlxalq qanunlara hörmət, hər kəsin inkişafı üçün ədalətli şəraitin yaradılması Bəyannamənin əsas xətlərindən birini təşkil edir”.
T. Mirkişili nəzərə çatdırıb ki, Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat, ticarət, enerji layihələrində , xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq inşa etmək səylərində hökumətlərə parlamentlərin ətraflı dəstək vermək çağırışı da Bakı Bəyannaməsinin əsas xətlərindən biridir: “Bakı Bəyannaməsi regionun gələcək inkişafında və dünyada öz layiqli yerinin daha da möhkəmlənməsinə öz mühüm töhfəsini verəcək. Şuşa Bəyannaməsinin imzalanması ilə regionda başladılan yeni bir mərhələ Bakı Bəyannaməsi ilə daha da şaxələndi. Baş verən bütün bu proseslər isə qardaş xalqlarımızın gələcək inkişafı və daha da güclənməsi üçün çox mühüm və strateji bir planın ilk mərhələsidir”.