Bu günlərdə «Azərikimya» İB-nin akt zalında Birliyin müəssisələri ilə «Paşa-Həyat» Sığorta Şirkəti arasında bu ilin mart ayında imzalanmış sığorta müqavilələri çərçivəsində «Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizliyi» mövzusunda aparılmış auditin nəticələrinin təqdimatı və müzakirəsi keçirilmişdir.
Diqqətəlayiq haldır ki, tərəflər yalnız rəsmi sığorta proseduru ilə kifayətlənməyərək, kimya müəssisələrində çalışan hər bir əməkçinin həyatının və sağlamlığının qorunması məqsədilə istehsalat sahələrində iş yerlərinin mövcud standartlara uyğun, texniki təhlükəsizlik tələblərinə əməl olunmaqla qurulması üçün təhlükənin törənmə ehtimalı olan sahələrdə qarşılıqlı razılaşma əsasında vaxtaşırı auditlərin keçirilməsini planlaşdırmışlar.
«Azərikimya» İB-nin akt zalında «Paşa-Həyat» Sığorta Şirkəti tərəfindən kimya müəssisələrində təhlükə risqlərinin azaldılması məqsədilə «Azəkimya» mütəxəssislərinin iştirakı ilə keçirilmiş auditlərin nəticələri olaraq slayd və video-çəkilişlər nümayiş etdirilmiş, tərəflər arasında qarşılıqlı anlaşma şəraitində müvafiq müzakirələr, birgə təhlil-araşdırmalar aparılmışdır.
Birlik rəhbərliyinin və müəssisələrin əməyin mühafizəsi üzrə mütəxəssislərinin müzakirələrə fəallıqla qoşulduğu tədbirdə səslənən təkliflər də yalnız bir məqsədə – hər bir kimyaçının sağlamlığının maksimum qorunmasına, onların həyatının təhlükəsizliyinin təmin olunmasına yönəlmişdir.
«Azərikimya» İB üçün mühüm bir mərhələ – Etilen-polietilen zavodunun əsaslı təmiri ərəfəsində keçirilən tədbirin praktik əhəmiyyət daşıdığı qeyd olunmuş və gələcəkdə də vaxtaşırı olaraq auditlərin keçirilməsi və onların nəticələrinin birgə müzakirəsi məqsədəuyğun hesab edilmişdir.