Rusiya Suriyada sülhməramlı qüvvələr yerləşdirmək istəyir.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi qeyd edib ki, Moskva bu məqsədlə KTMT-yə üzv olan dövlətlərlə danışıqlar aparır:
“Kreml istəyir ki, KTMT-yə üzv olan dövlətlər gələcəkdə Suriyaya hərbçi göndərsinlər. Bu, Moskvaya nə üçün lazımdır? Suriyada terrorçularla mübarizədə uğurlar var. Terrorçuların nəzarətindəki yeganə şəhər İdlibdir. Bu şəhər də terrorçulardan azad olunduqdan sonra Suriya ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi vacib olacaq. Çünki terrorçular hələ bir müddət vətəndaşlara problemlər yaradacaqlar. Ona görə də Rusiyaya geniş koalisiya lazımdır. ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı oxşar koalisiyalar yaratmışdı. Rusiya ABŞ-ın bu siyasətindən istifadə etməklə Suriyada onu dəstəkləyən dövlətlərin olduğunu göstərmək istəyir”.
Politoloq buna baxmayaraq KTMT-yə üzv dövlətlərin Suriya məsələsində ehtiyatlı mövqe tutduqlarını deyib:
“Suriya ərazisində Şimali Qafqazdan xeyli terrorçu var. Bu terrorçular keçmiş Rusiya vətəndaşlarıdır. Suriyada Özbəkistan və Qazaxıstan vətəndaşı olan terrorçular da var. Ancaq Özbəkistan və Qazaxıstan Suriyadakı terrorçularla mübarizə aparmaq üçün Rusiyaya dəstək vermirlər. Qazaxıstan KTMT üzvü olsa da, balanslaşdırılmış xarici siyasət həyata keçirir. Nazarbayevin ABŞ və Fars körfəzi ölkələri ilə yaxşı münasibətləri var. Bu ilin əvvəlində Tramp Nazarbayevlə Ağ Evdə görüşdü. Əgər Nazarbayev hərbçilərini Suriyaya göndərsə, ABŞ və Fars körfəzindəki ərəb ölkələri ilə münasibətləri gərginləşdirmiş olacaq. Çünki ABŞ və ərəb ölkələri Əsədi diktator sayır, onu tənqid edirlər. Qazaxıstan hərbçiləri Suriyaya göndərilsə, Rusiyanın komandanlığı altında Əsədin mövqelərini gücləndirəcəklər. Bu isə Qazaxıstanın Əsədi müdafiə etməsi anlamına gələcək. Ona görə də Nazarbayev Rusiyanın istəyi ilə Suriyaya hərbçi göndərmək istəmir”.
Politoloqun sözlərinə görə, KTMT-nin üzvlərindən yeganə Ermənistan Suriyaya humanitar missiya göndərməyə razılıq verib:
“Paşinyanın bununla iki məqsədi var: Birincisi, Rusiya ilə münasibətləri normallaşdırmaqdır. Paşinyanın siyasəti Kremli narahat edir, rusiyalı rəsmilər və diplomatlar onu tənqid edirlər. Çünki Paşinyan Ermənistanda Rusiyanın dostları sayılan siyasətçiləri həbs etmək istəyir. Paşinyan bunu etməsə, hakimiyyəti zəifləyəcək. Ancaq Paşinyan bunu edərkən Moskva ilə münasibətləri gərginləşdirir. Ona görə də o, Putinlə son görüşündə Suriyaya humanitar missiya göndərməyə hazır olduğunu bildirdi. Paşinyan bu yolla Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa çalışır.
Paşinyanın ikinci məqsədi Suriyadakı ermənilərə dəstək verməkdir. Suriyada ermənilər də yaşayır. Suriyadakı müharibə ermənilərin də vəziyyətini ağırlaşdırıb. Paşinyan Suriyaya humanitar missiya göndərməklə xaricdə yaşayan ermənilər arasında öz mövqeyini gücləndirməyə çalışır. Ancaq Paşinyan Ermənistanda parlament seçkisinə qədər xarici siyasətdə ciddi addım atmayacaq”.