Paşinyan Putinlə görüşə tələsir – İrəvanın məkrli hədəfi

742

Fransadan anti-Azərbaycan bəyanatları və “Soros”çu baş nazirin son şansı; Rusiya Güney Qafqazda “ikinci cəbhə”ni önləyə biləcəkmi?..

Ermənistan rəhbərliyinin riyakar, ikibaşlı sülh oyunu davam edir. Estafet indi də Ermənistan xarici işlər naziri Ararat Mirzoyandadır. Az öncə Antalyada Azərbaycan və Türkiyə ilə anlaşmanın zəruriliyindən dəm vuran Mirzoyan bu dəfə səfərdə olduğu Parisdən ölkəmiz əleyhinə ənənəvi iftiralar səsləndirib.

Belə ki, reallığı yenə baş-ayaq təqdim edən Ermənistan XİN rəhbəri rəsmi Bakını bölgədə gərginliyi artırmaqda, “Dağlıq Qarabağa qarşı diskriminasiya və psixoloji təzyiq siyasəti” yürütməkdə suçlayıb. “Beynəlxalq Frankofoniya təşkilatına üzv dövlətlər Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasətini yekdilliklə pisləməlidir”, – deyə car çəkib. Erməni baş diplomatı habelə YUNESKO baş katibi ilə (milliyyətcə fransızdır) görüşdə ondan “Qarabağdakı erməni mədəni irsini qorumağı” xahiş edib. Həmçinin təzədən status havasına girən Mirzoyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin (ABŞ, Rusiya, Fransa) himayəsi altında “konfliktin yekun və hərtərəfli həllinin vacibliyini” vurğulayıb.

Qəribədir, bu erməni rəsmisinə hələ də çatmayıb ki, Ukrayna böhranı fonunda nəinki ATƏT-in Minsk Qrupundan, heç ATƏT-in özündən danışmaq artıq yersizdir. Rusiya hazırda dünyadan təcrid olunur, bir-bir beynəlxalq təşkilatlardan (Avropa Şurası və s.) çıxarılır, ATƏT və BMT kimi qurumların mövcudluğu faktiki tükdən asılı duruma gəlib və çox güman ki, “soyuq müharibə” erası tam gücü ilə başlayandan sonra bu qurumların da varlığı sual altına düşəcək. Qısası, bir-birinə düşmən kəsilmiş Rusiya və Qərbin aparıcı dövlətlərinin hansısa məsələdə işbirliyi mümkünmü? Əlbəttə ki, yox.

*****

Mirzoyan da Fransaya gedir

Bunu da qeyd edək ki, Ermənistan xarici işlər naziri Fransadan sonra NATO-nun mənzil qərargahında görüşlər keçirmək üçün bu gün Brüsselə yollanacaq. O da maraqlıdır ki, A.Mirzoyan Parisdə Azərbaycandan Fransaya, YUNSEKO-ya şikayət elədiyi vaxtda Ermənistan baş naziri, təzəcə Fransa səfərindən qayıtmış Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra onlar arasında ilk telefon danışığıdır.

Məlumatlara görə, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib, üçtərəfli bəyanatlarda nəzərdə tutulan razılaşmaların icrasına toxunublar. Qeyd edilir ki, Paşinyan və Putin Ermənistanın sülh sazişi üzrə danışıqların təşkili ilə bağlı Minsk Qrupu həmsədrlərinə müraciəti barədə də danışıblar. Habelə Ermənistan-Türkiyə dialoqu, son regional hadisələr və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Ermənistan baş nazirinin Rusiyaya gözlənilən rəsmi səfəri ilə bağlı məsələlər müzakirə olunub.

Kreml tərəfdaşlarını düşmənlərinə çevirdi [BLOQ]

Erməni qaynaqları səfərin aprelin 9-na planlaşdırıldığını bildirir. Ona qədər yəqin ki, Ukrayna ətrafında vəziyyət xeyli dərəcədə durulacaq. Rusiyanın beynəlxalq aləmdəki yerinə, olan-qalan nüfuzuna, ən önəmlisi, Kremlin Cənubi Qafqaza ənənəvi təsir rıçaqlarının hansı dəyişikliklərə məruz qaldığına əhəmiyyətli ölçüdə aydınlıq gələcək. Bir şeyi əminliklə söyləmək olar ki, Moskva daha marionet Ermənistanı əvvəlki kimi himayə edə, onu ayaqda saxlaya bilməyəcək. O ki ola kapitulyant ölkəyə yeni və müasir ordu qurulmasında real kömək göstərə. Çünki Rusiya hələ uzun müddət öz “yaralarını” sağaltmaqla məşğul olacaq.

Demək, 44 günük müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bütün üçtərəfli sazişlərin yerinə yetirilməsi heç vaxt olmayan ciddiliklə gündəmə gələ bilər. Onlardan biri də 10 noyabr 2020-ci il kapitulyasiya aktının qanunsuz silahlı birləşmələrinin Azərbaycandan çıxarılması haqda olan 4-cü bəndidir. Hansı problem barədə ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya axırıncı səfəri zamanı Putinlə birgə keçirdiyi mətbuat konfransında xüsusi vurğu salıb.

4-cü bəndin reallaşmasını isə həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması diktə edir. Hansı müqavilə ki, Bakı onun əsas şərtlərini az öncə açıqlayıb. Təəssüf ki, Ermənistanın ona reaksiyası adekvat olmadı. A.Mirzoyanın və Paşinyanın Fransadan verdiyi açıqlamalar da göstərir ki, İrəvan nə Bakı ilə, nə də Ankara ilə normal qonşuluq münasibətləri qurmağa hazır deyil. Bu isə bölgədə yeni müharibəni alovlandıra bilər.

*****

Ermənistan Azərbaycan və Türkiyə ilə təkbətək qala bilər” – şimaldan hədə »  RUBLIKA.AZ

Belə bir müharibə əlbəttə ki, Rusiyaya gərək deyil. İndiki şərtlərdə heç gərək deyil. Çünki bu, onun üçün, faktiki, “ikinci cəbhə”nin açılması anlamına gələrdi. Lakin yəqindir ki, Qərblə Rusiya arasında “iki stul” siyasəti aparan İrəvan sülh müqaviləsindən yayınmaq və yenə “bulanıq suda balıq tutmaq” üçün Azərbaycanla Rusiyanın, Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün səylər göstərməyə davam edəcək. Paşinyan buna bir daha Moskvada cəhd edəcək. Keçən həftə Parisdə Makrona Azərbaycandan şikayət edən Nikol Paşinyan bu dəfə Moskvanın adamı kimi özünü göstərməyə çalışacaq, bizdən şikayətçi olacaq.

Lakin erməni rəsmiləri unudurlar ki, Ukraynaya hərbi müdaxilənin nəticəsi olaraq Qərb dünyasından təcridlə üzləşən Rusiyanın bundan sonra “izqoy” Ermənistana yox, Azərbaycan və Türkiyə kimi ciddi və azsaylı mühüm tərəfdaşlara ehtiyacı artacaq, nəinki Moskva onlarla hərbi toqquşmada maraqlı olacaq. Erməni kaprizlərinə görə belə toqquşmalara dəyərmi?

Onu da yaddan çıxarmaq olmaz ki, 44 günlük müharibə dönəmindən fərqli olaraq, artıq Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi, Azərbaycanla Rusiya arasında isə Moskva bəyannaməsi imzalanıb. Yəni Bakı faktiki Rusiya ilə müttəfiq kimidir. Moskva sənədində bununla bağlı konkret müddəalar, o sırada separatizmlə birgə mübarizə, hətta hərbi kömək məsələsi yer alır.

Yəni bu səfər Nikol Paşinyan üçün də, ümumən rəsmi İrəvan üçün son şans olacaq ki, ağıllarını başlarına yığsınlar. Yeni status-kvonu qəbul edib Azərbaycan və Türkiyə ilə böyük sülh anlaşması yönündə real addımlar atsınlar. Çünki Rusiyanın durumu bəllidir və hələ uzun müddət bu durumda yaxşılaşma gözlənilmir. Qərbə ümid olan isə “şamsız yatar”…

Ötən gün axşam saatlarında erməni nəşri “Past” belə bir məlumat yaydı ki, aprelədək (Paşinyanın Moskva səfərinədək) Ermənistan XİN-də Azərbaycanla sülh müqaviləsinin hazırlanması üçün işçi qrupu yaradılacaq. Əgər bu işçi qrupu da ötən ilin əvvəlində nəqliyyat yolları və kommunikasiyaların açılması üçün yaradılan işçi qrupu kimi fəaliyyət göstərəcəksə, yəni heç bir nəticəsi olmayacaqsa, demək, İrəvan yenə gözdən pərdə asmaq, sülhpərvər kimi görünmək və vaxtı uzatmağı hədəfləyib…

Analitik xidmət,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər