Moskvada Paşinyan Putinlə, Şeyxülislam Allahşükür Paşazadə II Qareginlə görüşəcək: hər iki görüşün gündəmi regional münasibətlərin qurulmasıdır;
Putin Soçidə Ərdoğanla Cənubi Qafqazın gələcəyini birgə inşa etmək üzərində razılaşdı: “altılıq platforması”nın (bu, hətta “dördlük formatı”nda belə olsa – Türkiy, Rusiya, Azərbaycan və Ermənistan – həyata keçirməyə çalışacaqlar) qurulması, kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması və s;
Soçi görüşündən sonra Paşinyanın Moskvaya səfəri məhz razılaşmanın icrası ilə bağlı müzakirələrin aparılmasına hesablanıb.
- 1. Ermənistanın əməkdaşlıq platformasına qoşulması;
- 2. Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyaların bərpasının icra mərhələsinə keçilməsi;
- 3. Ankara-İrəvan münasibətlərinin normallaşmasında Moskvanın rol oynaması;
Putinin Paşinyanla bu məsələlər üzərində müzakirə aparacağı və bunun qərarların verilməsinə təsir edəcəyi istisna deyil.
Lakin Ankara və Moskvanın Qafqaz planının – əməkdaşlıq platformasının yaradılması – gerçəkləşməsi üçün Azzərbaycan və Ermənistan arasındakı məsələlərin həlli qaçılmazdır:
– Humanitar məsələlərin həlli: ermənilərin qaytarılması, mina xəritələrinin verilməsi və s;
– Sərhədlərin delimitasiyası və demarkasiya prosesinin yekunlaşması;
– Sülh müqaviləsinin imzalanması.
Bakının mövqeyi bəllidir, Ərdoğan-Putin görüşündə Azərbaycan məsələsinin ayrıca müzakirə edilməsi də Əliyevin şərtlərinin Putinə çatdırıldığı fikrini önə çıxarır.
Putin-Paşinyan görüşünün gündəmində sülh sazişinə hazırlıq əsas maddələrdən biri ola bilər: bura Moskvada Əliyev-Putin-Paşinyan üçtərəfli görüşünün zamanının və gündəliyinin razılaşdırılması da daxildir;
İranın Ermənistan üzərindən Qafqaz planına qarşı addımları da prosesin sürətləndirilməsini şərtləndirir. Bunun fonunda Putinin Soçi razılaşmasının icrasını Paşinyana izah edəcəyini deyə bilərik.
Putin-Paşinyan görüşündən bir gün sonra – 13 oktyabrda Şeyx Allahşükür Paşazadənin Moskvada Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə ermənilərin katolikosu II Qareginlə görüşəcəyi təsadüfi deyil.
Şeyxin Qareginlə görüşünün ruslar tərəfindən təşkili iki kontekstdə diqqət çəkir:
Birincisi, Vatikanın prosesə müdaxiləsinə qarşı hərəkətə keçmək: Qaregin ötən həftə Roma Papası Fransisklə görüşdü və ondan Qarabağ məsələsində dəstək istədi; Moskva Kirilli vasitəçi edərək, dini liderlərin görüşünü təşkil etməklə Vatikanın bölgədə iştirakını məhdudlaşdırır; Moskva üçün bunu şərtləndirən amil Vatikan və Rusiyanın erməni qriqorian kilsəsini ələ almaq uğrunda apardıqları mübarizədir;
İkincisi, ruslar xalqları sülh sazişinə hazırlamaq prosesini də Qərbin əlinə buraxmaq istəmir və məhz dini liderlər üzərindən daha effektli ola biləcək gediş edirlər.
Şeyxin Moskvada Qareginlə görüşə getməsi detalı Putin-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh sazişinin gündəmin ana maddələrindən biri olacağı ehtimalını daha da gücləndirir.
Asif Nərimanlı