Paytaxt derbisindən “Neftçi” qalib çıxdı; şəhərimizin komandası isə yenə də məğlub oldu

722

 

Bu gün futbol üzrə Unibank Premyer-Liqasında 19-cu turdan təxirə salınmış oyunlar keçirildi. Bununla da cari mövsümün təsnifat mərhələsinə yekun vuruldu. Əslində, final mərhələsinə hansı komandanın hansı “altılığ”ın tərkibində qədəm qoyacağı ötən turun ardından məlum olduğundan dünənki qarşılaşmalar müəyyən mənada formal xarakter daşıyırdı. Sözügedən tur yalnız komandaların əsas mərhələ öncəsi xal ehtiyatını artırmaq baxımından əhəmiyyətli idi. Məhsuldarlığı ilə seçilən tur 2012-ci ildə xal itirməyən “Neftçi” və “Qarabağ”ın qələbə seriyalarını davam etdirməsi ilə yadda qaldı. Digər tərəfdən, bu tur “Qarabağ”ın “quru” oyunlar seriyası da 8 matça çatdı. 19-cu turun oyunları həm də “Neftçi”nin “Kəpəz”lə oyundan sonra başlayan 4 oyunluq “quru” oyunlar, Qəbələ”nin isə 3 matçlıq qələbə seriyasının  sona çatması ilə əlamətdar oldu.

 

Turun mərkəzi matçı “Bakı” ilə “Neftçi” arasında olan qarşılaşma idi. Son tur ərfəfəsində ən yaxın rəqibi “İnter”i dörd xal qabaqlayan “Neftçi” qarşılaşmanın taleyini birinci hissədə həll etdi. İlk 45 dəqiqədə rəqibini üç dəfə məyus edən Böyükağa Hacıyevin komandası son dəqiqələrdə qapısında bir qol görsə də, bu “Bakı” üçün təsəllidən başqa bir şey olmadı. Bununla da, çempionatın ən məhsuldar komandası ardıcıl beşinci qələbəni qazanmaqla xal ehtiyatını 49-a çatdırdı. Flaqmanda hərənin bir qol vurması komandanın qol vuran oyunçular sarıdan problemsiz olduğunu göstərir. “Bakı” ilə görüşdə vurulan üç qoldan ikisinə müdafiəçilərin imza atması da bundan xəbər verir. Meydan sahiblərinə gəlincə, paytaxtın eyniadlı komandasının bu məğlubiyyətlə  onsuz da az olan çempionluq şanslarının üstündən xətt çəkdiyini deyə bilərik. Üstəlik, Aleksandr Starkovun komandasının sərgilədiyi oyun “zolaqlılar”ın heç mükafatlar uğrunda da əsas iddiaçılardan olmayacağını göstərdi.

 

İkinci sıradakı “İnter” isə bu tur “Rəvan”ı qəbul edirdi. 18 oyunluq məğlubiyyətsizlik seriyası ötən tur qırılan meydan sahibləri bu dəfə xal itirmədi. İlk dövrədə olduğu kimi, bu dəfə də “Rəvan”ı yenməyi bacaran  Kaxaber Tsxadadzenin “drujina”sı  “Neftçi”nin xal fərqini artırmasına mane oldu. Minimal hesablı qələbə həm də “Xəzər-Lənkəran”ın ikinci pilləni ələ keçirməsinə əngəl oldu. Qış fasiləsindən sonra üçüncü məğlubiyyətini alan “Rəvan” komandası isə hər üç yenilgini ilk “altılıq” komandalarından aldığından Bəhmən Həsənovun yetirmələrinin final mərhələsində ikinci eşelon klubları ilə mübarizədə çətinlik çəlməyəcəyini proqnozlaşdırmaq olar.

 

Bu tur Tovuza səfər edən və “Turan”la səfər qarşılaşmasından minimal hesablı qələbə ilə qayıdan “Xəzər-Lənkəran” ümumilikdə, 5-ci səfər qələbəsini qazandı. “Turan”la matçın 2-ci dəqiqəsində Branimir Subaşiçin qolu ilə qələbə qazanan “ağ-yaşıllar”ın vurduğu həmin qol cənub təmsilçisinin cari birincilikdə səfər meydanında vurduğu 18-ci qol oldu ki, bu da elita təmsilçiləri arasında hələ ki, ən yüksək göstəricidir. Təsnifat mərhələsinin yekununa görə, 44 xal toplayan “Xəzər-Lənkəran” hazırda lider “Neftçi”dən beş, ikinci sıradakı “İnter”dən isə bir xal geri qalır. Final mərhələsinə ikinci “altılıq”da başlayacağı uzun müddət öncədən məlum olan Tovuz təmsilçisinin vəziyyəti isə ürəkaçan deyil. Son qələbəsini 12 tur əvvəl əldə edən Əsgər Abdullayevin komandası bu gedişlə yeni mövsümə birinci divizionda başlamalı olacaq.

 

Hesabat turunda Zaqatala “Simurq”unu qəbul edən “Qarabağ” qələbə qazanmaqla “quru”oyunlar seriyasını 8-ə çatdırdı. “Simurq”u Rəşad Sadıqov və Vüqar Nadirovun qolları ilə 2:0 hesabı ilə məğlub edən “köhlən atlar” qış fasiləsindən sonra xal itirməyən iki komandadan biridir. “Simurq”a gəlincə, komanda bu məğlubiyyətin ardından bir pillə gerilədiyindən hazırda komandanı elitanı tərk etmək təhlükəsi  hiss edən klublardan saymaq olar.

 

Qış fasiləsindən sonra maksimum nəticə göstərən “Qəbələ”nin uğurlu seriyasına bu tur “Kəpəz”lə səfər qarşılaşmasında   son qoyuldu. İlk “altılığ”a düşmək vəzifəsinin öhdəsindən ötən tur gələn Qəbələnin eyniadlı klubu qələbə sayəsində beçinci pilləni ələ keçirə bilərdi. Amma qalib gələn tərəf meydan sahibi “Kəpəz” oldu. Oyunun gedişində məğlub duruma düşən Fuad İsmayılovun komandası Junivan Suaresin matça əlavə olunmuş dəqiqələrdə vurduğu qolla əzmkar qələbə qazanıb- 3:2. Bununla da, son iki matçında maksimum nəticə göstərən Gəncə təmsilçisi vəziyyətini nisbətən yaxşılaşdırıb.

Turun daha bir qarşılaşması isə “AZAL”la “Sumqayıt” arasında oldu. Ümumilikdə, qapılara ən çox qol vurulan (22) tur kimi yadda qalan 19-cu turun ən məhsuldar matçı məhz “AZAL”la “Sumqayıt” arasındakı oyun idi. Azarkeşlərin 9 qola şahidlik etdiyi oyunda qələbəni bayram edən tərəf isə “təyyarəşilər” oldu.- 6:3.

Qələbə sayəsində xallarınınm sayını 29-a çatdıran Rafiq Mirzəyevin konmandası turnir cədvəlinin ikinci hissəsindəki birinciliyini möhkəmləndirdi. “Sumqayıt” isə elitada qalmaq üçün bütün ümidlərini final mərhələsinə bağlamalı olacaq. Nə də olsa, son sıradakı “Turan”la BernhardRaabınkomandası arasında cəmi dörd xal fərq var ki, bunun da aradan qaldırılmayacaq fərq olduğunu söyləmək olmaz.

Turnir cədvəlində yaranmış vəziyyət isə bu cürdür:

 

Komanda    O         Q     H       M      Qollar          Xallar

1        Neftçi     22    16    1        5        45-17         49

2        İnter       22    13    6        3        21-10        45

3        Xəzər     22    13    5        4        33-19        44

4        Qarabağ 22    12    5        5        27-14        41

5        Bakı      22    10    5        7        27-22        35

6        Qəbələ   22    10    5        7        27-23        35

7        AZAL   22      8     5        9        35-36        29

8        Rəvan   22      6     7        9        23-29        25

9        Kəpəz   22      6     4        12      26-38        22

10      Simurq    22    5     4        13          18-34      19

11      Sumqayıt 22   4    3        15          16-37      15

12      Turan       22   3    2        17          13-33      11

 
Tural Məmmədov 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər