Pərdis Fərcad-Azad: İki-üç yerli klub mənimlə maraqlanır

951

“Sumqayıt”ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad azerisport.az saytına müsahibəsində aldığı təkliflərdən, Uğur Pamukun “Xəzər Lənkəran”a gedişindən, eləcə də Azərbaycan yığmasına çağırılmasından danışıb.

– Təxminən bir aylıq istirahətdən sonra məşqlərə başlamaq çətin olmadı ki?
– Asan olduğunu deməzdim. Amma çətin də deyil. Axı biz istirahət zamanı da formamızı qorumağa çalışırıq.
– Komandanı artıq Ceyhun Sultanov və Uğur Pamuk kimi aparıcı futbolçular tərk ediblər. Sizin də “Sumqayıt”dan gedəcəyiniz gözlənilir…
– Mənim “Sumqayıt”la ilyarımlıq müaviləm var. Etiraf edim ki, mənimlə maraqlanan klublar var idi. Amma onların konkret hansı klublar olduğunu bilmirəm. İstənilən halda harasa getməli olsam, ilk növbədə klub prezidenti ilə danışmalıyam. Əgər klub rəhbərliyi razılıq versə, transferim tamamilə mümkündü. Lakin məni almaq istəyən klub da “Sumqayıt”a kompensasiya ödəməlidi.
– Sizinlə yalnız Azərbaycan klubları maraqlanır?
– Hazırda bəli, yalnız yerli klublardı. İki-üç klubdan təkliflər var idi.
– Özünüzü başqa komandada sınamaqda maraqlısız?
– Əlbəttə, hər bir futbolçu daha böyük klublarda top qovmaq istəyir. Lakin indiki komandamdan da çox razı olduğumu deməliyəm. “Sumqayıt”da məni hər şey qane edir.
– Sultanovla Pamukun gedişi komandanın çıxışınanə dərəcədə təsir göstərəcək?
– Onların hər ikisi güclü futbolçulardı. Mən Uğurla meydanda yaxşı anlaşırdım. Bir-birimizi çox yaxşı başa düşürdük. Lakin hər şeyə rəğmən, şadam ki, o, “Xəzər Lənkəran”a keçdi. Bu, onun seçimidi.
– Sizin digər gənc futbolçunuz Orxan Əliyevlə xarici klublar çox maraqlanırlar. Onu öncə “Porto” heyətinə qatmaq istəyirdi, indi də “Trabzonspor”dan təklif alıb…
– Orxan çox yaxşı oyunçudu. Amma o, hələ çox gəncdi. Ola bilər ki, onun transferi yenə baş tutmasın. Lakin bunu neqativ hal kimi qiymətləndirmək olmaz. Onun cəmi 17 yaşı var. Hələ hər şey qarşıdadı.
– Komandanıza ilk altılığa vəsiqə qazanmaq üçün nə dərəcədə güclənmək lazımdı?
– Bizim həqiqətən də ilk altılığa düşmək üçün yaxşı şansımız var. Amma bunun üçün mütləq güclənməyimiz lazımdı. Fikrimcə, xüsusilə hücumçu almağımıza ehtiyac var.
– Azərbaycan yığmasının Dubay toplanışında siz də iştirak edəcəksiz…
– Berti Foqts mənimlə əlaqə saxladı və bildirdi ki, xoşuna gəlmişəm. O, məni növbəti toplanışlara da dəvət edəcəyini bildirmişdi. Mən də bildirdim ki, heç bir problem yoxdu. Nə cavab verə bilərdim ki? (gülür). Əgər baş məşqçi mənə Özbəkistan və Lüksemburqla oyunlarda şans versə, əlimdən gələni maksimum etməyə çalışacağam.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər