Peşə etikası: reytinq, yoxsa insanlıq daha önəmli?

2557

Hər gün ölkəmizin həyatında baş verən yol-nəqliyyat və digər mənşəli qəzalar, çox müxtəlif xarakterli cinayətlər və intihar xəbələrinə rast gəlmək artıq adi hal alıb. Bəs görəsən insanlarımız, cəmiyyətimiz niyə bu qədər dəyişilib? Cəmiyyitimizdə baş verən bu dəyişiklərin səbəbləri nələrdir və bu vəziyyət bütövlükdə cəmiyyətimizin gələcəyini gayğılandırırmı?
Bu gün xəbər saytlarına nəzər salarkən “Dəhşət, Dəhşətli hadisə” kəlməsinin yer aldığı xəbər başlıqlarının çoxluq təşkil etdiyini görürük. Bəzi hallarda hətta, xəbərdəki məzmunun, öz başlığını tam olaraq əks etdirmədiyinin də şahidi oluruq. Sual yaranır… görəsən, biz cəmiyyət olaraq şiddəti və şiddət haqqındakı xəbərləri oxumağı sevməyə başlamışıq? Yoxsamı, bu media etikasının pozulması və qeyri peşəkar jurnalist fəaliyyətindən xəbər verir, vəzifəsi cəmiyyətin doğru və zamanında məlumatlandırılnası olan, KİV- i adı altında fəaliyyət göstərən bəzi üzdəniraq saytların reytinq mənafeyinə xidmət edir?
Məsələnin ən mühüm olan və ağrılı tərəfi odur ki, sanki, bizlər artıq şiddətə alışır, şiddəti əks etdirən məlumatları oxumağa daha çox üstünlük veririk və bəzi üzdəniraq saytlar isə oxucunun bu marağını əsas götürür.
Aydın məsələdir ki, bu gün mətbuat və söz azadlığına malik olan kütləvi informasiya vasitələri nümayəndələri, bütövlükdə cəmiyyətlə işlədiyini və bunun onun üzərinə gətirmiş olduğu məsuliyyətləri çox yaxşı dərk etməlidir.
***
Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən, öz peşəsinin ali prinsiplərinə əməl etməlıdir. İnsan hüquqları və peşəyə uyğun etik davranış qaydaları qətiyyən unudulmaması gərəkən məqamlardır.
Öz müşahidələrimə əsaslanaraq bildirmək istəyirəm ki, bəzi saytlar yaydığı xəbəri digər saytlara istinadən verdiyini söyləyir. Bəs görəsən peşəkar bir jurnslistin birinci vəzifəsi bu kimi mənbələrin mötəbərliyindən əlavə, xəbərin doğruluğunu təsbit etmək və yalnız bundan sonra dərc etmək deyildirmi?
Çox əfsuslar olsun ki, biz jurnalistkaya xas, bu əsas prioritetlərin unudulduğu halların şahidi oluruq. Qazanc, reytinq naminə cəmiyyətin çox önəmli tərkib hissəsi və siması olan jurnalist etik dəyərlərinin bu şəkildə pozulması çox böyük təəssüf hissi doğurur.
Bu gün, xidməti vəzifəsindən asılı olmayaraq, cəmiyyətin hər bir fərdinin dərk etməsi gərəkən bir reallıq vardır.
Hələdə bütün dünyada dəvam etməkdə olan və insanlarımızın heç də alışıq olmadığı xüsusi pandemiya şəraitiinin çətinlikləri, öz novnəsində mətbuata da əlavə məsuliyyətlər gətirir.

Bu məqaləni yazmağım heç də bir təsadüf deyildir. Bir zamanlar mən jurnalistlika peşəsini çox sevirdim və artıq, mənim canımdan çox sevdiyim yeganə oğlumu savadlı, peşəkar bir jurnalist görmək arzum reallaşmışdı…
O günlərə dönmək, yaşadıqlarımı dilə gətirmək və ifadələrə sığdırmaq nə qədər əzəblı olsada, bunlar mənim yenməli olduğum həqiqlərdir.
***
O gün hər kəs kimi, bizim həyatımızda da, sıradan bir sabah açılmışdı və oğlum öz maşınılə işinə yollandı. Ağla gələ bilərdimi, saatlar sonra, baş verəcək yol qəzası onu məndən qoparacaq!?
*
Faciə sonrası, hadisə yerində hələ, ərtaflı məlumatların toplanmadığı halda, baş verən qəza haqqındakı ilkin və heç də, tam olaraq həqiqəti əks etdirməyən məlumatlar xüsusi qəddarlıqla seçilmiş xəbər başlığı və fotoşəkillərlə bir anda bütün mətbuatda yer almışdı.
*
Daha çox reytinq toplamaq, daha cazib başlıq seçmək cəhdində olarkən, heç bir mətbuat işçisi, bir anlıq belə olsa tərəddüd edib, insanlıq haqqında düşünmədi, orda həyatını itirən gənci və onun yaxınlarını nəzərə almadı.
Axı, baş verən bir cinayət deyil, heç kimsənin sığortalı olmadığı yol qəzası və bir insan faciəsiydi.
***
Bəli, bir insanın diri diri yanaraq can verməsi dəhşətli xəbərdir…
Heç şübhəsiz ki, bu başlıq, xəbər saytına gərəkli olacaq qədər reytinq gətirə bilər…
Lakin, bir anlıq düşünsək, bundan daha da dəhşətlisi diri olduğunu zənn etdiyin, bir insanın, gözlərin önündə yanaraq can verməsini bir xəbərdə təqdim etmək niyyətilə ona yönəltdiyin kamerayla, böyük soyuqqanlılıqla çəkmək deyildirmi !?
Müharinələrdən bəhs edən filmlərdə, əks cəbhənin əsgərinin yandığı səhnələri belə soyuqqanlılıqla izləmək mümkün deyildir.
***
Heç bir kəsin sığortalanmadığı bir yol qəzası nəticəsində yenicə tüstülənməyə və yanmağa başlayan avtomildə, yaralı halda sıxılıb qalmış, hələ də diri olduğu zənn edilən bir insana, kömək əlini uzatmaq yerinə, daha yaxşı video və fotoşəkillər çəkmək cəhdi və bu ağır insan faciəsini soyuqqanlılıqla izləmək insanlıqla nə qədər uzlaşır?
Bu ifafədən sonra, bu zaman hansı hissləri keçirdiyinizi soruşmaq istərdim.
Lakin, xüsusi qəddarlıqla seçilmiş xəbər başlığı və fotoşəkillərə nəzər salınca, hər hansı insanı hisslər haqqında sualın çox yersiz olduğu qənatinə gəldim. Qazanc, reytinq naminə jurnalist etik dəyərlərinin bu şəkildə pozulması çox böyük təəssüf hissi yaradır.
Əmin ola bilərsiniz ki, vaxtılə Kevin Karterə “Pulitzer” mükafatını gətirən, açlıqdan ölmək üzrə olan uşaq və onun başı üstündə dayanıb, ölümünü gözləyən leşyeyən quşla çəkdiyi məşhur fotosu da, bu qədər qəddarca deyildir.
O zaman Kevin Karterin ünvanına onu qəddarlıqla günahlandıran və nəticədə onu intihara sürükləyən bir xeyli tənqidlər səslənmişdi.
***
Jurnalist öz vəzifəsini yerinə yetirərkən, insan hüquqlarını və etik davranış qaydalarını heçmi nəzərə almamalıdır?
Yoxsamı, bu gün mövcud mətbuat azadlığı bir jurnalistə bütün insan hüquqlarını pozmaq, ayaqlar altına almaq səlahiyyətini verir?
Mən indi öz vəzifə borcu və öz peşəsinin məsuliyyətlərini yetərincə dərk etməyən, üzdəniraq jurnalist və mətbuat xidmətinin ağır psixoloji travma vurduğu bir qurbanam.
Bəli, reytinq naminə xüsusi qəddarlıqla, seçilmiş xəbər başlığı və bu xəbərdə təqdim etdilən, mətbuatda yer almasının qətiyyən yol verilməz olduğu şəkillər sayəsində, mən bərpası mümkünsüz ağır psixoloji travma alamıış bir anayam. Oğlumun bu dünyadan ayrılmadan öncəki, o, son görünüşü, yaddaşıma elə həkk olundu ki, son nəfəsimədək gözlərim önündən silinməyəcək. Mən artıq ətrafa o şəkillərdən baxıram.
Sivil cəmiyyətlərdə bənzər hadisələr, mətbuat və jurnalistkanın böyük nöqsanı olaraq tarixə yazılır.
O şəkilləri görməsəydim həyata tutunmağı bacarar, əzablarım, həyata və sizlərin timsalınızda insanlığa nifrətim bu qədər böyük olmazdı.
Sayənizdə mən öz dəyərli oğlumun, gözəl simasını unutdum və indi, ovunmaq üçün oğlumun, mənə tək yadigar qalan şəkillərdəki, o, daim gülər üzünə baxmağa da xəcalət çəkirəm.
***
Nəhayət, söyləmək istədiyim ən mühüm məqam, qeyri-peşəkar və səriştəsiz bir müxbirin, jurnalist ali prinsiplərinin unutmuş olduğu, bəsit düşüncəsizliyinin nələrə yol açmış ola biləcəyidir.
Nəticə, yol avtomil qəzası nəticəsində öz həyatını faciəvi əşəkildə itirən bir Azərbaycan jurmaıistinin ruhuna olunan hörmətsizlik və bir ananın pozulan hüquqlarıdır.
Mən adını böyük qürur hissi ilə daşıdığım demokratik ölkənin bir ziyalısı olaraq, öz hüquqlarımın bu şəkildə pozulmasını qəti şəkildə qınayıram.
***
Məlumunuz olduğu kimi, o zaman Kevin Karter bərk qınanmış, ünvanına onu qəddarlıqla günahlandıran və nəticədə onu intihara sürükləyən bir xeyli tənqidlər səslənmişdi.
Əslində, mənə vurulan heç bir bərpası olmayan bu travma üçün, yüklü təzminat davası aça bilərdim. Amma dəyərli oğlumun ruhuna hörmət və alicənablığım bunu etməyə izn vermədi.
Mən sahib olduğum mənaviyatım və insanlığıma sığdırdım hər şeyi…
***
Mən Azərbaycan Demokratik Respublikasının bir vətəndaşıyam.
Demokratiyanın qurucuları, Öndərlər bu ölkənin hər bir fərdini xöşbəxt görmək istəyib…
Azad, bərabər, xoşbəxt…
Peşəsindən asılı olmayaraq, öz xidməti vəzifəsini yerinə yetirərkən bunu unudanlar, öz cəmiyyətini sevməyənlər və sadəcə cahillərdir.

Sədaqət Fuad, yazıçı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər