“Peyvənd” və “İmmunitet” sertifikatlarını kimlər əldə edə bilər?

1479

Peyvənd insanları yolxucu xəstəliklərdən qorumaq üçün sadə, təhlükəsiz və təsirli bir vasitədir. Xüsusi infeksiyalara qarşı müqavimət yaratmaq və immun sisteminizi gücləndirmək üçün vücudunuzun müdafiəsini təmin edir. Peyvəndlər vücudunuzun təbii müdafiə vasitələri ilə işləyərək xəstəliyə tutulma riskini azaldır.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, bu gün ölkəmizin əhalisi 4 növ vaksin seçiminə malikdir. Bu vaksinlərin hər biri təsirli və təhlükəsizdir.

Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını əsas prioritet vəzifə kimi qarşıya qoyub. Pandemiya təhlükəsi başlayan andan ölkəmizdə çox vacib addımlar atıldı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 30 yanvar 2020 -ci il tarixdə “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Bununla yanaşı Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradıldı. Hazırda ölkəmizdə 20-dən çox laboratoriya fəaliyyət göstərir. Ölkəmizin yüksək səviyyədə təchiz olunmuş 20-dən çox xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Azərbaycan dünyada koronavirus xəstələrinin böyük əksəriyyətinin tibb müəssisələrində müalicə olunduğu nadir ölkələrdən biridir.

Azərbaycanda vaksinasiya prosesi uğurla davam edir. Hazırda vaksinasiya prosesində iştirak edən şəxslərin ümumi sayı 4 milyon 500 mindən çoxdur. birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə təqribən 2 milyon 600 mindən çoxdur.

COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslər “Peyvənd sertifikatı”nı əldə edir. “Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edən bir sənəddir.  Hazırda peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə təşkilatları COVID-19 peyvənd  və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir.  Hazırda ölkəmizdə 4 istehsalçının vaksini tətbiq olunur: Bunlar SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya) vaksinləridir.

COVID-19 xəstəliyini keçirmiş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Belə ki, xəstəliyi keçirmiş və PCR testi vermiş və  nəticəsi pozitiv çıxaraq rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər.  “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir.

Elmi araşdırmalar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı” 6 ay müddətində etibarlıdır.

Bununla yanaşı “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2 iyul 2021 -ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksin olunmalıdırlar. Mütəxəssislərin təyinə görə 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. Bu zaman  “peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq. Eyni zamanda 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza vaksin vurulması məqsədəuyğun hesab  olunur. İstənilən vaksin növü qüvvətləndirici doza kimi istifadə oluna bilər.

Yalnız özünü deyil, həm də ətrafdakı insanları qorumaq üçün hər kəsin vaksinasiya prosesində fəal iştirak etməsi vacibdir.

Mətanət Əliyeva, Sumqayıt Tibb Mərkəzi 3 nömrəli Ailə sağlamlıq mərkəzinin həkimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər