Peyvəndin üçüncü dozası risk altında olanları daha etibarlı şəkildə qorumağa kömək edəcək

1250

Virusun aşkarlandığı ilk gündən etibarən Azərbaycan COVID-19 virusuna qarşı effektiv mübarizə tədbirəri həyata keçirir, qabaqlayıcı tədbirlər görür. Bunun nəticəsidir ki, digər ölkələrlə müqayisədə Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Ötən müddət ərzində Azərbaycan dövləti vəziyyəti tam nəzarətə götürdü, ölkədə infeksiyaya qarşı sistemli iş aparıldı və insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, koronavirus xəstələrinin müalicəsi üçün səhiyyə infrastrukturunun yaxşılaşdırılması, yeni xəstəxanaların istifadəyə verilməsi kimi məsələlər uğurla həyata keçirildi. Dövlətimizin iqtisadi gücü və vaxtında verilmiş qərarlar bu sahədə müsbət nəticələr əldə etməyə səbəb oldu.

Prezident İlham Əliyev pandemiya ilə mübarizənin ilk günlərində bəyan etdi ki, bizim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Pandemiya dövründə də biz bu yanaşmanın şahidi olduq. Ölkəmiz koronavirusa qarşı peyvəndi əldə edən və vaksinasiyaya prosesinə başlayan ilk ölkələrdən biridir. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 138 min doza, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 942 min, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 196 min nəfər təşkil edir. Ölkəmizdə vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur.

Təcrübə göstərir ki, vaksinasiya yolu ilə orqanizm virusla tanış olduğu üçün xəstəliklə qarşılaşanda ağırlaşmaların qarşısı alınır. Ötən dövr ərzində müşahidələrimiz göstərir ki, pandemiyanın fəsadları hər yaşdan olan insanlara təsir edə bilər. Gənc yaşda olan insanlar xəstəliyi simptomsuz və nisbətən yüngül keçirsələr də, ətrafdakı insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin ictimai məkanlardan istifadə etməsi, kütləvi tədbirlərə qatılması insanların həyatını təhlükəyə atır. Sözsüz ki, bu kimi məsuliyyətsiz addımlar həm cəmiyyətimizi təhlükə qarşısında qoyur, həm də görülmüş işlərin effektivliyini aşağı salmış olur.

Araşdırmalar göstərir ki, peyvənddən bir müddət sonra maksimuma çatan müdafiə səviyyəsi vaxt keçdikcə zəifləyir. Bu baxımdan hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski meydana çıxır. Yoluxma ilə bağlı aparılan beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini təsdiqləyir. Ona görə də üçüncü doza – buster dozasının alınması sürətləndirilməlidir. Artıq bir çox ölkələrdə buster dozanın tətbiq olunmasına başlanılıb. Tibb mütəxəssisləri koronavirusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə edirlər. Gücləndirici doza olan buster doza immunitet reaksiyasını yenidən gücləndirir və beləliklə peyvəndin effektivliyini artırır.

Gücləndirici doza yüngül infeksiyaların qarşısını almaqla yanaşı COVID-19-la bağlı hospitalizasiya və ölüm hallarının qarşısını alır. Tədqiqatlar göstərir ki, üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı daha təsirlidir.

ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına görə, üçüncü dozanın istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri olan, yüksək risk şəraitində işləyən şəxslər daxildir. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar, xüsusilə tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.

ABŞ tədqiqat mərkəzləri tərəfindən aparılan araşdırmalara görə, gücləndirici dozanın effektivliyi sübut edilib. Araşdırmalar göstərdi ki, gücləndirici doza almış şəxslərdə  yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.

Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Qeyd etmək lazımdır ki, bəzi hallarda yeni variantlara qarşı müdafiəni gücləndirmək üçün fərqli bir peyvənd növü istifadə edilə bilər.

Bu günə kimi xroniki böyrək xəstəliyi, uroloji və ya nefroloji problemləri olan xəstələrdə COVID-19 əleyhinə vaksinasiya edilməsinə heç bir əks göstəriş yoxdur. Qeyd etdiyimiz istiqamətlər üzrə xəstəliyi olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

Bu gün ölkəmizdə vətəndaşların üçüncü dozanı qəbul etməsi üçün kifayət qədər vaksin tədarükü var. Ölkədə üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan insanlar üçün tövsiyə olunur. Üçüncü doza üçün ölkəmizdə təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Sehri Babayev, Sumqayıt şəhərin baş infeksionisti, Əməkdar həkim 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər