Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” – MÜSAHİBƏ

1806

“O zabitlərin üstündəki telefonlara Ermənistandan zənglər gəlir, yaxınları ağlayıb yalvarırdılar”

O danışır… O, Azərbaycan əsgərinin  hökmündən, qüdrətindən, rəşadətindən, əzmindən, düşmənə nifrətindən danışır. Danışdıqca, gözləri parlayır, üz-gözündən  sevinc süzülür, qürur, fəxr dolu sözləri coşqu ilə dilə gətirir, hansısa bir döyüşçünü, yaxud hansısa bir  detalı yadından çıxarmamaq üçün sanki həyəcan yaşayır. Hiss edirsən ki, o sənin yanında deyil, heç  sənin qarşında da oturmayıb. 3 il əvvəl qalib olduğu döyüşdədi, əsgərlərinin arasında, silahdaşlarının yanındadı. Elə bil ermənilərin postu qoyub qaçdığını indi görür. Elə bil əsgərlərimizin erməni üzərinə ölümü vecinə almadan yüyürdüklərini də indi seyr edir. Söhbətinə mane ola bilmirəm…

O danışdıqca mənim də  sevindiyimdən ürəyim sinəmə sığmır. Sözünə ara verməsin deyə,”belə  məlumatları  niyə əhaliyə də açıqlamırsınız” sualımı da vermirəm. Amma etiraf edirəm, onunla söhbət edənə qədər Azərbaycan Ordusunun qüdrətini belə aydın ifadə edən, ortaya qoyan biri ilə qarşılaşmamışdım.

Həmsöhbətim polkovnik-leytenant, Aprel döyüşlərində II qrup əlil olmuş Vüqar Allahverən oğlu Abduləzimovdu. O, 1977-ci il 9 may günü  Laçın rayonu Hacılar kəndində dünyaya gəlib. Ailədə beş uşaq olublar. Özlərinə görə, adi, amma firavan həyat yaşayıblar. Hacılar kimi cənnət bir yurdda, təbii gözəlliklərlə seçilən bir obada başqa cür yaşamaq da mümkün deyildi. Bu  xoşbəxtlik 1990-ci illərə qədər davam etdi. Azğınlaşmış ermənilərin kəndlərinə tez-tez basqın etməsi, camaatı qorxu altında saxlaması Hacıların igidlərini narahat etsə də, onlar da mübarizələrindən qalmırdılar. Elin kişiləri kəndin keşiyini çəkir,  kustar üsulla düzəldilmiş silahlarla camaatı erməni quldurlarından qoruyurdular. Məhz belə hücumların birində qəhrəmanımın atası Allahverən kişi erməni gülləsinə tuş gəldi, şəhid düşdü.

1991-ci ildə Azərbaycan Ordusu yarandı. Ermənistan silahlı qüvvələririnin – erməni-rus hərbi birləşmələrinin cavabını layiqincə verdi. Amma proseslərin gedişi dəyişdi, xəyanət baş verdi. Acı nəticəsi isə Laçının süqutu oldu. O vaxtlar Vüqargilin ailəsi Bakıya pənah gətirdilər.

Vüqar Nərimanov rayonunda fəaliyyət göstərən 9 saylı Laçın köçkün məktəbində təhsilini başa vurdu. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ildə oranı kəşfiyyat ixtisası üzrə bitirdi, leytenant rütbəsi aldı. 2013-15-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirdi və “Kəşfiyyat” ixtisası üzrə magıstr diplomuna layiq görüldü. Dəfələrlə kəşfiyyat-diversiya xarakterli əməliyyatlarda iştirak etdi. Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə polkovnik-leytenant rütbəsinə yüksəldi. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə təyin olundu. Ailəlidir, 3 övladı var.

– Cənab polkovnik-leytenant, Aprel döyüşünün başlama səbəblərini və əhəmiyyətini bir də sizdən eşitmək istərdik…

– 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi tez-tez pozmağa başladılar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar nəticəsində  mülki əhali arasında da ölən və yaralananlar oldu,  Ordumuz da şəhid verdi. Artıq Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirdi. Bilirsiniz ki, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Cəbrayılın strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə Azərbaycan Ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Xüsusən, Lələtəpənin 22 ildən sonra azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirib və bu qələbə nəticəsində kənd sakinləri doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar.


– Bizim əsgərlərdən də şəhid verdik… təəssüf…

– Müharibə qurbansız mümkün deyil. Mənim ən yaxın dostlarım, əsgərlərim bu döyüşdə şəhid oldu. Mayor Rasim Məmmədov,  mayor Elnur Əliyev, polkovnik-leytenant Sənan Axundov, kiçik çavuş Ruhin Qəhrəmanov, əsgər Sarvan Mehrəliyev və adını çəkə bilmədiyim digər şəhidlərimizin yoxluğu indi də məni yandırır. Təsəvvür edin, o igidlərin hesabına ermənilərin “keçilməz sədd” adlandırdığı xətti biz  40 dəqiqəyə ələ keçirdik. Lələtəpə postunda bizə qarşı döyüşən erməni yüksək rütbəli zabit və əsgərlərini mühasirəyə aldıq və məhv elədik. Döyüşün əvvəlindən sonuna qədər Xocalı faciəsinin verdiyi qisas hissi məni və hərbi hissəmizin heyətini tərk eləmədi. Bir haşiyə çıxım: Məhv etdiyimiz erməni zabitlərinin üstündə  telefonlar vardı. Həmin telefonlara durmadan  zənglər gəlirdi. Zəng edənlərin demək olar ki, hamısı döyüşənlərin yaxınları idi – zənglər Ermənistandan gəlirdi. Erməni-rus dili bilən zabitlərimiz zənglərə cavab verirdi. Erməni soruşurdu, “sən kimsən?”, zabitimiz deyirdi, “mən Azərbaycan Ordusunun zabitiyəm və sənin komandir ərini məhv elədim”. Xəttin o başındakı erməni qadın ağlayaraq “onu öldürməyin, onun 2 övladı var” deyirdi. Biz cavab verirdik ki, “o erməni zabiti mənim ölkəmə niyə gəlib? Onun öldürdüyü azərbaycanlıların övladı yox idimi?”.

Bir faktı da deyim: Düşmənin ələ keçirilən rabitə vasitələri açıq qalmışdı. Döyüş xəttində olan digər erməni hərbçilərinin səsi ora düşürdü. Uduzduqlarını, onlara kömək gəlmədiyini təlaş-həyəcan içində deyirdilər. Qrupumuzda erməni dilini bilən kəşfiyyatçıların köməkliyi ilə düşmənin yeri müəyyən edildi. Artıq artilleriyamız həmin əraziləri vurduğuna görə, onlara kömək gələ bilmədi.

– Deyilənə görə, Ermənistan artilleriyasının atıcılarının coxu zəncirlə topa bağlı şəkildə olub.. Döyüşü qoyub qacmamaları üçün erməni zabitləri belə tədbirlərə əl atıb…

– Yadımdan cıxmamış deyim ki, onların ön cəbhədən arxada olan postlarında Ermənistan hərbi polisi dayanmışdı. Bu o deməkdir ki, ermənilər bizim Ordunun hücumuna dözə bilməyiblər və  dözə bilməyəcəkləri  ehtimalı da Aprel döyüşləri başlamazdan əvvəl varmış. Ermənilərin könülsüz döyüşdüyü, zorla məcbur edildiyi sonradan elə onların özlərinin çəkdiyi kadrlardan da məlumdu. Biz onların postlarına girəndə ermənilər qaçmağa üz qoydular. Doğrudur, biz geri çəkilməyə çalışan düşmənə qarşı lazım olan bütün tədbirləri həyata keçirdik, o qorxaqlara Azərbaycan Ordusunun gücünü göstərdik. Biz onlardan həm texnika, həm hərbi bacarıq, həm psixoloji cəhətdən qat-qat üstün olduğumuzu sübut etdik. Qalibiyyətimizin bir göstəricisi də o idi ki, müharibənin gərgin olmasına baxmayaraq, bizim bir əsgərimiz nəinki döyüş zolağını tərk etmədi,  hec arxaya da dönüb baxmadı… Ancaq irəli şığıdılar! Ancaq qisas almağa çalışdılar!Aprel döyüşləri Azərbaycan xalqının Ordumuza  olan inamı geri qaytardı. Qalib gələndən sonra tutduğumuz erməni postlarına bayraq sancmağın verdiyi sevinci ifadə etməyə söz tapa bilmirəm. O hissi bir də yaşamaq üçün nəinki ayağımı, bütün həyatımı qurban verərəm…

– Vüqar, harda yaralandınız?

– Ayın 18-də ermənilərdən aldığımız postlarda kəşfiyyat tapşırıqları yerinə yetirərkən minaya düşdüm, sol ayağım dizdən aşağı amputasiya olundu . Hospitalda üzun müddət müalicə olduqdan sonra indi müasir protezlə təmin olunmuşam. Hazırda normal insanlar kimi gəzirəm, yeriyirəm. Müharibə gözləyirəm. .Çünkü ordan gələndə döyüşçülərə söz vermişəm ki, bir ayağımda protez olsa da, sizin yanınızda olacam. Üçrəngli bayrağımızı işğal olunmuş rayonlarımızda dalğalandırmalıyıq. Həyatda ən böyük arzum və müqəddəs borcum,vəzifəm budur!

– Səhv etmirəmsə, “Vətən uğrunda” medalı ilə tətif edilən polkovnik-leytenant Vüqar Abdüləzimov hələ xidmətini davam etdirir…

– Bəli, 19 aprel 2016-cı ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə tətif edildim.Yaralarım  sağalan kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə uyğun olaraq bizi protezlərlə təmin etdilər. Fürsət düşmüşkən, sizin vasitənizlə hərbçilərə göstərdiyi diqqət və qayğıya görə, Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Hazırda isə təqaüddə olsam da, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənc  hərbçilərə təlim keçməklə, gələcəkdəki “Aprel döyüşləri”nə bacarıqlı kadrlar hazırlamaqla məşğulam.

– Əziz eloğlum, hörmətli qəhrəmanımız! Bir zabitə, bir köçkünə, bir şəhid balasına nə arzu edə bilərəm,  deyə düşündüm… QƏLƏBƏ, QƏLƏBƏ  və yenə də QƏLƏBƏ!

Əntiqə Rəşid

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər