Premyer-Liqada legioner hegomonluğu

1105

Artıq Topaz Premyer-Liqasının təsnifat mərhələsinin sonuna yaxınlaşmaqdayıq. Hazırda qış fasiləsində olan elita təmsilçiləri ilkin mərhələni başa çatdırmaq üçün dörd tur mübarizə aparmalıdır. Şübhəsiz ki, bu birincilik də həm ölkə miqyasında futbol həyəcanının yenidən yaşanması, həm də yığmaya yeni oyunçular seçilməsi baxımından faydalı oldu. Düzdür, çempionatdakı çıxışına görə yalnız “Simurq”un kapitanı Rasim Ramaldanov və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev milliyə dəvət aldı. Amma bununla belə, Premyer-Liqanın geridə qalan hissəsində sərgilədiyi performansla diqqətləri üzərinə çəkən xeyli futbolçu var. Bu baxımdan daha çox çempionatın 105 matçında 151 qola imza atan legionerlər ön plana çıxasa da, istənilən halda, ayrı-ayrı mövqelərdə hansı futbolçuların özünü yaxşı tərəfdən göstərməsi maraq doğurur.

 

105 oyuna 26 qapıçı

 

Geridə qalan 18 turun baş tutmuş 105 qarşılaşmasında elitada mübarizə aparan 12 komanda 15-i yerli olmaqla ümumilikdə 26 qapıçının xidmətindən istifadə edib. Geridə qalan turlar ərzində “Kəpəz” və “Turan” və “Sumqayıt” 3, digər klublar isə 2 əlcək sahibinə güvənib. Gəl ki, onlar arasında demək olar ki, formasını daşıdığı kluba nəzərəçarpan fayda verməsi ilə fərqlənən yoxdur. Bu baxımdan yalnız “İnter”dən, Georgi Lomayanı, “Simurq”dan  David Pietrzkieviç fərqləndirmək olar. Məlumat üçün qeyd edək ki, 16 oyunda meydanda olan gürcüstanlı Lomaya 6, 17 matça çıxan polşalı Pietrzkieviç 10 qol buraxıb. Düzdü, qənaətbəxş oyun sərgiləməsi baxımından qapısında cəmi bir qol görən “İnter”li Revaz Tevdoradzeni də qeyd etmək olardı, amma gürcüstanlı qolkiperin cəmi üç matçda meydanda olduğunu unutmamalıyıq. Təbii ki, çempionatın geridə qalan hissəsində az-çox diqqətçəkən qapıçıların əcnəbilər olmasında milli komandamızın qapıçısı Kamran Ağayevin klubsuz qalmasının da təsiri var.

 

Rəqib qapısına 23, öz qapısına 5 qol

 

Müdafiə xəttində çıxış edən futbolçulardan “Neftçi”dən Bruno Bertuççi, Tərlan Quliyev və İqor Mitreski, “Simurq”dan Rasim Ramaldanov kimi oyunçuların yaxşı çıxış etdiyini deyə bilərik. Amma adını sadaladığımız oyunçulardan başqa da yüksək səviyyədə çıxış edən arxa xətt oyunçuları var.  Düzdü, iş heç də qol vurmaqda deyil, amma bu vəzifənin də öhdəsindən gələrək komandasına ikiqat xeyir verənlər də az deyil. Ümumilikdə, 23 qola imza atan müdafiəçilərdən 3 qola imza atan “Xəzər-Lənkəran”ın ruminiyalı müdafiəçisi Adrian Skarlatake məhsuldar oyunu ilə diqqət çəkir. Həmçinin iki qol vuran “Qəbələ”lilər – Umar Kalabane və Dejan Kelhar, eləcə də “Qarabağ”ın kapitanı Rəşad Sadıqov və AZALdan Ruslan Tağızadə, həmçinin “İnter”dən Vlodimir Levinin  inamlı çıxış etdiyini söyləyə bilərik. Müdafiə xəttindən danışarkən, “Qarabağ”ın albaaniyalı müdafiəçisi Admir Teli, “Simurq”dan Elçin Süleymanov, və Aleksandr Şemonayev “Kəpəz”dən Aleksandr Krutskeviç və onun “Sumqayıt”dan olan həmkarı  Xəyal Mustafayevin hərəyə bir dəfə avtoqol müəllifi olduğunu vurğulamalıyıq.

 

242 qoldan  127- ı yarımmüdafiəçilərin hesabında

 

Çempionatın geridə qalan hissəsi orta sahə oyunçularının parlaq çıxışı ilə yadda qaldı. Yarımmüdafiəçilərin ilk 18 turda ümumilikdə qapılara vurulmuş 242 topdan 127- ə imza atması dediklərimizin təsdiqi sayıla bilər. Parlaq oyun göstərən orta xətt oyunçularından rəqib qapılarına 7 top vurmuş “Turan”dan Salif Ballonu və AZAL-ın mərakeşli oyunçusu Zohair Benouahini, eləcə də  rəqib qapıçıları 6 dəfə cəzalandırmış “Qarabağ”dan Riçard Almeydanı, həmçinin 5 dəfə fərqlənmiş Simurq”lu Mario Bojiç və “Sumqayıt”lı Pərdis Fərcad Azad və “Neftçi”dən Julius Vobayı və “Qəbələ”nin kapitanı Rəşad Abdullayevi, həmçinin Simurq”dan Stepan Polyak və Marçin Burxardtı, “Qarabağ”dan Muarem Muaremi qeyd etmək olar. Bundan başqa, “Qəbələ”nin 3 qol vuran oyunçusu Lourival Rodriqes Assisi, “Xəzər-Lənkəran”ın üzvü Sadio Tounkaranı da vurğulamağa dəyər. Həmçinin, “Xəzər-Lənkəran”dan Adrian Pit, AZAL komandasının üzvü Cavid Tağıyev, “Qəbələ”dən Dodo, “Neftçi”dən Cavid İmamverdiyev və “Turan”dan Ender Günlünün yaxşı formada olması qeyd olunmalıdır. Göründüyü kimi, 18 tur ərzində daha çox əcnəbi orta xətt oyunçularının qənaətbəxş çıxışını qeyd etdik. Elə yarımmüdafiəçilərin hesabında olan 127 qolddan yalnız 39-a yerli yarımmüdfiəçilərin imza atması da dediklərimizə sübutdur. Yerli yarımmüdafiəçilərin sərgilədiyi oyunla bağlı daha bir üzücü məqam isə “Turan”ın orta xətt oyunçusu Mikayıl Rəhimovun avtoqol müəllifi olmasıdır.

 

Məhsuldarlıqda əcnəbi üstünlüyü

 

Ötən 18 turda 12 komandanın iştirak ərizəsində olan 56 hücumçudan  ümumilikdə 49 forvard iş başında olub ki, onlardan da 29-u rəqib qapıçıları məyus etməyi bacarıb. Məlumat üçün deyək ki, çempionatda bu turadək qeydə alınan 242 qoldan 86-ı hücumçuların aktivinə yazılıb. Çempionatın 18 turu ərzində hücumçularla bağlı diqqətçəkən ən maraqlı məqamlardan biri yerlilərin kölgədə qalmasıdır. Təsadüfi deyil ki, 18 tur ərzində milliləşmiş Branimir Subaşiç və Ruslan Qurbanov da nəzərə alsaq, yerli hücumçulardan cəmi 13-ü fərqlənməyə imkan tapıb ki, onların vurduğu qol sayı ümumilikdə 23-ə bərabərdir. Əvəzində qol hesabını açan 16 əcnəbi ümumilikdə 63 dəfə fərqlənib. Onlar arasında da hazırda 15 qolla bombardirlər siyahısına başçılıq edən “Neftçi” klubunun çilili forvardı Nikolas Kanales daha yaxşı formadadır. “Ağ-qaralar”ın hücumçusu ilə yanaşı, göstərdiyi oyunla diqqətləri üzərinə çəkən hücumçuların siyahısına 9 qol müəllifi olan AZAL-ın braziliyalı santraforu, Franko Nildonu, “Rəvan”ın argentinalısı Juan Manuel Vareanı, “İnter”dən Baçana Tsxadadzeni,“Simurq”dan Zdravko Popoviçi eləcə də “Xəzər-Lənkəran”ın santraforu Dmitrios Salmiası qeyd etmək olar.

 

Sonda isə ilk 18 turun rəmzi yığmasını təqdim edirik: Georgi Lomaya (“İnter”), Rasim Romaldanov (“Simurq”), İqor Mitreski (“Neftçi”), Adrian Skarlatake (“Xəzər-Lənkəran”), Vlodimir Levin (“İnter”), Fərcad Azad (“Sumqayıt”), Riçard Almeyda (“Qarabağ”), Zohair Benouahi (AZAL), Salif Ballo (“Turan”), Franko Nildo (AZAL), Nikolas Kanales (“Neftçi”)

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər