Prezident Co Bayden özünün siyasi məqsədləri üçün tarixi reallığı təhrif edir

966

Hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edən “soyqırımı” anlayışı ötən əsrin qırxıncı illərinə qədər ictimaiyyətə bəlli deyildi. Bu termini ilk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin kimi işlədilmişdir. “Genosid” (soyqırımı) terminini yunan dilində genos – “nəsil, kök, soy” sözü ilə latın dilindən caedo – “öldürürəm” sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən 9 dekabr 1948-ci ildə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya qəbul edildi. Konvensiyanın qəbulu ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmaqla, konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və onu törədənlərin cəzalandırılması vəzifəsi qoyuldu.

Konvensiyaya görə (Maddə 2), soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

Konvensiyanın 3-cü maddəsinə görə, aşağıdakı əməllər cəzalandırılandır: soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımıda iştirak.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir və bundan sonra yaranan münasibətlərə təbiq olunur. Konvensiyanın geriyə qüvvəsi yoxdur. Qondarma “erməni soqırımı” haqqında iddialara bu Konvensiya tətbiq edilə bilməz.

Prezident Co Bayden soyqırımı tanımaq üçün səlahiyyətli subyektlər deyildir

Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı tamamilə absurddur və beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Əvvəla, qeyd etmək lazımdır ki, nə Amerika Birləşmiş Ştatları nə də onun hər hansı bir vəzifəli şəxsi, o cümlədən Prezident Co Bayden soyqırımı tanımaq üçün səlahiyyətli subyektlər deyildir. Onun bəyanatı heç bir hüquqi nəticə törətməyən, lakin ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirən, onun ikili standartlardan çıxış etməsini, haqq-ədalətin siyasi maraqlara qurban verilməsini təsdiq edən  gəlişi gözəl sözlərdir. Prezident Co Baydenin 106 il bundan öncə baş verdiyi iddia edilən hadisələrə tarixi mənbələrə, arxiv materiallarına istinad etmədən məsuliyyətsiz bəyanat verməsi fonunda, 29 il bundan öncə müasir dünyanın gözü qarşısında ermənilərin Xocalıda törətdikləri soyqırımı barədə  susması ikili standartlar siyasətinin bə beynəlxalq riyakarlığın təcəssümüdür.

Yuxarıda qeyd olunduğu kimi, BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası 12 yanvar 1951-ci ildən əvvəl yaranan münasibətlərə tətbiq edilə bilmədiyi üçün qondarma “erməni soyqırımı” iddialarına hüquqi qiymət verilə bilməz. Bu isə, bir çox siyasətçilərə qondarma “erməni soyqırımı” mövzu ətrafında manipulyasiya etməyə imkan yaradır. Prezident Co Bayden də bu sıradan istisna deyil, o, özünün siyasi məqsədləri üçün tarixi reallığı təhrif edir.

Tarixi hadisələrin qiymətləndirilməsində hər hansı siyasi, şəzxsi maraqlardan çıxış etmək olmaz

Əslində, hər hansı bir hüquqi qiymət alma imkanları aradan qalxmış və heç bir siyasi qiymət verilən bilməyən, yalnız tarixi nöqteyi-nəzərdən araşdırılması mümkün olan qondarma “erməni soyqırımı”nın  araşdırılması bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə cümhuriyyəti rəsmiləri dəfələrlə ən yüksək səviyyələrdə məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Görünən odur ki, tarixi faktlardan xəbərdar olan və onların açılacağı təqdirdə “erməni kartı”ndan yararlanmaq imkanından məhrum olacağını bilən bəzi “demokratiya nəhəngləri”nin liderləri dəvəquşu kimi başlarını kola salmaqla həqiqətləri gizlədə biləcəklərini zənn edirlər. 1915-ci il hadisələrinə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir. Ermənistan həqiqətən də baş verən hadisələrin obyektiv araşdırılmasında maraqlıdırsa, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməli, arxivlərini açmalıdır. Tarixi hadisələrin qiymətləndirilməsində hər hansı siyasi, şəzxsi maraqlardan çıxış etmək olmaz, hadisələrə obyektiv qiymət verilməlidir.

Sifarişli siyasi məqsədlərə xidmət edən məsuliyyətsiz bəyanatların verilməsi beynəlxalq münasibətlər sisteminin dayanıqlı inkişafı üçün ciddi təhdid yaradır.  Təsadüfi deyil ki, ABŞ Prezidentinin tarixi həqiqətləri təhrif edən bəyanatından sonra Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Prezident İlham Əliyev bu açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu, qərəzli xarakter daşıdığını və konkret ölkələrin siyasi maraqlarına xidmət etdiyini xüsusi vurğulayaraq, ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmaların dayanıqlı sülhə təhdid törətdiyinə diqqət çəkmişdir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, onların bu məkrli siyasətindən beynəlxalq güclər öz məqsədləri üçün istifadə edirlər

Bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdləri dünya tarixini növbəti beynəlxalq riyakarlıq nümunəsi ilə zənginləşdirməklə yanaşı, həm də erməni siyasətinin saxtakarlıq və fitnəkarlıq üzərində qurulmasına, beynəlxalq qüvvələrin öz siyasi maraqlarına görə həqiqətlərə göz yummasına dəllət edir. Aydın məsələdir ki, rəsmi İrəvanın bu məkrli siyasətinin arxasında Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar durur. Ermənistan rəhbərliyi anlamalıdır ki, onların bu məkrli siyasətindən beynəlxalq güclər öz məqsədləri üçün istifadə edirlər, hələ ki, “erməni soyqırımı”nı tanımaqla bağlı heç bir siyasi, hüquqi nəticəsi olmayan məsuliyyətsiz bəyanatların verilməsi bəzi ölkələrin rəhbərlərinin işlərinə yarayır. Erməni xalqı qondarma nağıllarla yuxuya verildiyini, istifadə olunduğunu, nəticədə öz qonşuları ilə münasibətlərini daha da kəskinləşdirməklə sosial, iqtisadi, mədəni və s. inkişafdan geri qaldığını nəhayət ki, dərk etməli, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz yaşamlarını davamm etdirməlidir.

Əks halda, bundan sonra 44 günlük Vətən müharibəsində olduğu kimi dəmir yumruğu hiss edəcəklər. Azərbaycanın bu məsələdə mövqeyi konkret və birmənalıdır: Azərbaycan qardaş Türkiyənin yanındadır.  Azərbaycan hər zaman Türkiyənin  Türkiyə isə, Azərbaycanın yanındadır. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin tarixi kökləri vardır və bu münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir.

Anar Qasımlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər