Prezident İlham Əliyev Ağdamın bərpası prosesin başlatdı, önəmli mesajlar verdi

997

1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldular.  44 günlük Vətən Müharibəsi nəticəsində digər rayonlarımızla yanaşı Ağdam rayonunun işğal altında olan əraziləri də düşmən tapdağından azad olundu.

Düşmən ötən illər ərzində digər ərazilərdə olduğu kimi Ağdam rayonunda da bütün maddi sərvətlərimizi məqsədyönlü şəkildə dağıdıb, talan edib. Tarixi-dini abidələrimiz sökülüb. Ağdamın hər qarışında erməni vandalizminin izləri qalıb.

Ağdam rayonunun inkişafı, burada yaşayan insanların həyat səviyyəsinin yüksəldilməsi ötən dövr ərzində daima Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Ölkə başçısı 2006-2018-ci illərdə ümumilikdə rayon ərazisinə 8 dəfə səfər edib. Hər bir səfər rayonun inkişafı üçün əlamətdar hadisələrlə yadda qalıb.

Ötən dövr ərzində məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə Ağdam rayonu ərazisində yeni qəsəbələr salındı, sosial obyektlər tikildi, infrastruktur yaradıldı.  Ölkə başçısı Ağdam rayonuna hər səfərində işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı arzularını dilə gətirirdi. Prezident İlham Əliyev tarixi qələbəmizdən öncə 2018-ci ildə Ağdam rayonunda Muğam Mərkəzinin açılışında incəsənət xadimləri ilə görüşü zamanı bildirmişdir ki, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Prezident İlham Əliyevin Muğam Mərkəzinin açılışındakı çıxışından sitat: “Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır”.

Bu gün bütün Azərbaycan xalqı sevinir ki, o gün gəldi. Ağdam rayonu işğaldan azad olunub və bu gün bərpa prosesinə start verilib.

Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpası prosesinə start vermək məqsədi ilə buraya səfəri tarixi hadisə kimi illər sonra da xatırlanacaq. Bu səfər çərçivəsində mühüm layihələrin təməli qoyuldu.

Ölkə başçısının səfəri çərçivəsində Ağdam şəhəri üçün çox önəmli olan və 140 illik tarixi olan 1 saylı məktəbin, ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu. Şəhər ərazisində böyük meşə sahəsinin təməli qoyuldu ki, bu böyük meşə zolağının ümumi ərazisi 125 hektar olacaq. O da məlum oldu ki, Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Vurğulandı ki, bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Eləcə də Ağdam şəhəri.

Prezident İlham Əliyev məhz Respublika Günündə Ağdam şəhərinin Baş Planını Ağdam rayonunun tanınmış şəxsləri ilə birgə təsdiq etdi. Ölkə başçısı bu tarixi günə nəzər salaraq qeyd etdi ki, bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür: “Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.

“Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır”

Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı geniş və əhatəli çıxış etdi. Dövlət başçısı çıxışında bir çox məsələlərə nəzər yetirdi, çox önəmli mesajlar verdi.

Ölkə başçısı bildirdi ki, əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Prezident vurğuladı ki, qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi: “Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır”.

Azərbaycanın müharibə dövründə özünü məsuliyyətli ölkə kimi apardığına diqqət çəkən ölkə başçısı bildirdi ki, biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik: “Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik”

Prezident Ağdam şəhərində bəyan etdi ki, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq.

Ermənistanın düşdüyü rüsvayçı duruma nəzər yetirən Prezident İlham Əliyev bildirdi ki, 30 il ərzində ermənilər dövlət qura bilmədilər: “Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi”.

Ermənistanın düşdüyü rəzil durumu son günlər Ermənistan ordusu tərəfindən törədilmiş təxribat zamanı bir daha gördük. Növbəti dəfə onlar biabır oldular.

Prezident İlham Əliyev bu hadisəyə diqqət yetirərək Naxcıvanda səsləndirdiyi fikirləri bir daha Ağdam şəhərində xatırlatdı: “Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik”

Prezident İlham Əliyevin açıqladığı çox önəmli məsələlərdən biri də Ağdam istiqamətində həyata keçirilən hərbi strategiya ilə bağlı oldu. Ölkə başçısı bildirdi ki, Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik: “ Biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.

Ermənistan tərəfi bunu başa düşərək ağ bayraq qaldırmağa məcbur oldu, Azərbaycanın qarşısında diz çökdü. Otuz il bizə meydan oxuyan,, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən qabağımızda diz çökdü, təslim oldu və nəhayət kapitulyasiya aktına imza atdı.

Bu gün ölkəmizin 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycanın həyata keçirdiyi yeniliklər öyrənilir. Ölkə başçısı bir daha ordumuzun şücaətini, qəhrəmanlığını xatırladı və xüsusi olaraq vurğuladı ki, biz bu müharibəni, bu Qələbəni qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq: “İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan”.

Bəli, işğaldan azad olunan bütün kəndlərimiz, şəhərlərimiz bərpa olunacaq. Düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş tarixi ərazilərimiz ən müasir səviyyətə yenidən qurulacaq. Azərbaycan xalqı keçdiyimiz bu şanlı tarixi, bu torpaqlara bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabitini heç zaman unutmayacaq. Onlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Ağdamda yaradılacaq Zəfər muzeyi də məhz tariximizi, ordumuzun qüdrətini gələcək nəsillərə çatdırmağa xidmət edəcək.

Anar Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər