Prezident İlham Əliyev Azərbaycan bayrağının Şuşa və Xankəndidə qaldırılacağını vəd etdi

1458

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, 2003-2018-ci illərdə – 15 il ərzində bir çox beynəlxalq təşkilatlar – BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişə ilə bağlı Azərbaycanın mövqeyini, ədaləti əks etdirən qərar və qətnamələr qəbul ediblər: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz öz prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Ermənistanda bu reallığı nə qədər tez başa düşsələr, münaqişə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunar”.

Azərbaycan prezidenti, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı dünyada çox böyük işlər görüldüyünü qeyd edib: “Ermənilər tərəfindən törədilmiş misli görünməmiş vəhşilik olan Xocalı soyqırımını son illər ərzində 10-dan çox ölkə soyqırımı kimi tanıyıb və bu proses davam etdiriləcək.

Biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda – bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər