Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycanı idman ölkəsinə çevirməyi qarşıya məqsəd qoydu və bu məqsədə çatmaq üçün ötən illər ərzində bütün ölkə boyu müasir idman infrasrukturunun yaradılmasını reallaşdırdı. Prezidentin sərəncamları əsasında ölkədə çoxsaylı yeni, müasir idman infrastrukturu obyektləri tikildi, yararsız vəziyyətə düşmüş köhnə idman obyektləri təmir edildi və ya yenidən quruldu.
2003-2018-ci illər ərzində Heydər Əliyevin adına İdman-Konsert Kompleksi, dənizkənarı Milli Parkda yerləşən Bakı İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Respublika Velotreki, Respublika Olimpiya Mərkəzi və bir çox digər idman obyektləri əsaslı təmir edildi və yenidən quruldu.
İdman infrastrukturu təkcə paytaxtda deyil, respublikanın regionlarında da inkişaf etdirilib. Hazırda Azərbaycanın bölgələrindəki mövcud idman infrastrukturu dünya standartlarına tam uyğundur, beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait var. Bölgələrdə ümumtəhsil məktəblərində idman zallarının tikintisi və yenidən qurulması Prezident İlham Əliyevin regionların inkişafına yönəlmiş siyasətinin istiqamətlərindən birinə çevrildi. Hazırda ölkədə 10 minə yaxın idman qurğusu mövcuddur. Onların əksəriyyəti ya 2003-2018-ci illər ərzində tikilib, ya da əsaslı şəkildə təmir edilərək yenidən qurulub. Yeni idman obyektlərinin tikintisi, köhnələrinin yenidən qurulması idmana marağın artmasına səbəb oldu.
Prezidenti İlham Əliyevin sərəncamları əsasında Sumqayıt şəhərində də yeni, müasir idman infrastrukturu obyektləri tikildi, eyni zamanda yararsız vəziyyətə düşmüş köhnə idman obyektləri təmir olundu və ya yenidən quruldu. Ötən dövr ərzində Sumqayıtda müasir Olimpiya idman kompleksi tikildi. 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Şəhərin Heydər Əliyev Parkı ərazisində ikimərtəbəli Şahmat Məktəbi inşa olundu. Sumqayıtın 70 illiyində – 21 noyabr 2019 –ci il tarixdə Prezident İlham Əliyev şəhər stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı. Hazırda stadion beynəlxalq standartlara uyğun inşa edilir.
Azərbaycan idman infrastrukturunun hazırkı vəziyyətinə görə regionda açıq aşkar liderdir və bu infrastruktur ölkədə bir çox idman növləri üzrə mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməyə imkan verir. 2003-cü ilə qədər ölkəmiz idman sferasında yalnız yarışlarda iştirak edərək, müəyyən nəticələr əldə etməklə tanınırdısa, ötən dövrdə artıq dünya idman arenasında layiqli yerini tutan Azərbaycan həm də bir çox beynəlxalq yarışlara ev sahibliyi etməyə başladı.
Azərbaycanda keçirilən Avropa və Dünya Çempionatları artıq silsilə xarakter daşıyır. Ölkədə hər il müxtəlif idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya oyunlarının lisenziyalı turnirləri keçirilir. 2003-2018-ci illərdə Azərbaycanda yüzlərlə beynəlxalq yarışların keçirilməsi dövlətimizin və dövlət başçısının ölkədə idmana olan münasibətinin, bu sahənin infrastrukturuna qoyulan investisiyaların nəticəsidir.
2003-2018-ci illər ərzində idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Bu dövrdə Azərbaycanda milli olimpiya hərəkatı yeni inkişaf mərhələsinə daxil olmuşdur. Hələ prezident seçilməzdən əvvəl Milli Olimpiya Komitəsinin sədri kimi Azərbaycanda olimpiya hərəkatının geniş vüsət almasına rəhbərlik edən İlham Əliyev prezident seçiləndən sonra da bu sahəyə qayğısını davam etdirdi. Ölkədə müasir olimpiya mərkəzlərinin tikintisi davam etdirildi, gənclərin olimpiya idman növlərinə marağı daha da artdı. Nəticədə Azərbaycan beynəlxalq olimpiya hərəkatında öz nüfuzunu daha da artırdı.
Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında- 2004 — Afina, 2006 — Turin, 2008 — Pekin, 2010 — Vankuver, 2012 — London, 2014 — Soçi, 2016 — Rio de Janeyro iştirak etmişdir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yeri tutdu. Riode Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu. Ölkədə olimpiya komplekslərinin sayının artması idmanın kütləviləşməsinə şərait yaratdı. Hazırda Azərbaycanda 50-yə yaxın olimpiya kompleksi var və bu statistikaya görə ölkə region ölkələri arasında liderdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi Azərbaycan idman tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin il ölkəmizdə idman uğurları ilə o qədər zəngin oldu ki, “İdman ili” sözün həqiqi mənasında ölkəmizin tarixinə idman ili kimi düşdü.
Beləliklə, iqtisadi inkişaf baxımından regionun lider dövlətinə və nüfuzlu söz sahibinə çevrilən Azərbaycan sürətlə qloballaşan dünyada idman ölkəsi kimi mövqeyini artıq möhkəmləndirdi.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən 3 il ötür. 3 il öncə şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkə başçısı qarşıya yeni hədəflər qoydu. Ən əsas hədəf isə işğal altıənda olan torpaqlarımızın azad olunması idi. 44 günlük vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi.
Prezident İlham Əliyev bu günlərdə idmançılarla görüzü zamanı qeyd etdi ki, idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də oldu.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün gənclər artıq başqa Azərbaycanı təmsil edir. Qalib gəlmiş müzəffər xalqı təmsil edir. Bundan sonra ölkəmizdə idman daha da inkişaf edəcək və ölkəmiz daha böyük uğurlara imza atacaq.
Qərib Əliyev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Tərəqqi medalçısı, Yunan-Roma güləşi üzrə Sumqayıt yığmasının baş məşqçisi