Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdı

1114

Aprelin 13-də ADA Universitetində dünyanın beyin mərkəzlərinin qatıldığı beynəlxalq konfransda ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışını dinlədim və həmişə olduğu kimi böyük qürur hissi keçirdim.

Konfransın adı Azərbaycanın döyüş meydanında, habelə diplomatiya cəbhəsində qəti qələbəsinin regionun geosiyasi və iqtisadi palitrasına güclü təsirini bəyan edir.

“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında dövlət başçısının çıxışı tarixi ardıcıllığı, konkret faktları, siyasi məntiqi, beynəlxalq hüquq prinsipləri və ədaləti, Azərbaycanın güclü və haqlı mövqeyini, əlbəttə, eyni zamanda sülhpərvər yanaşmasını özündə ehtiva edirdi.

Rəsmi İrəvanı hərbi cinayətkarlıqda günahlandıran Ali Baş komandanımız ermənilərin işğalçılıq siyasətini, mülki əhaliyə zərər yetirmək kimi xislətini və tarixi saxtalaşdırmaq niyyətlərini konkret, tutarlı faktlarla sübut etdi. Tarixə ekskurs edərkən dövlət başçısı Zəngəzur, Göyçə gölü ilə bağlı  həqiqətləri bir daha diqqətə çatdırdı. Daha sonra cənab prezident strateji prioritet olan regionun gələcək inkişafını vurğuladı. Beynəlxalq təşkilatları daha fəal mövqe tutmağa, qarşılıqlı fəaliyyət sahələrinə qoşulmağa çağırdı.

Prezident İlham Əliyev konfransda tanınmış beyin mərkəzlərinin ekspertlərinin  suallarını cavablandırarkən səsləndirdiyi bəzi önəmli mesajlara diqqət yetirək:

  • “Biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik”;
  • “Biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həll olmaması üçün hər şeyi edirdilər”;
  • “Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir”;
  • “Ermənilər tərəfindən tərk edilmiş mülki vətəndaşlara olan münasibətimiz də bizim humanist siyasətimizin və ordumuzun humanist davranışının təzahürüdür”.
  • “İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatlığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq”;
  • “Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”;
  • “Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq”.
  • “Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib”
  • “Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur”.

Qarabağın iqtisadiyyatında, qeyri-enerji sektorunda, nəqliyyat sahəsində mühüm yer tutacağına diqqət yönəldən Ölkə başçımız infrastruktur quruculuğu ilə bağlı atılan ilk addımların uğurundan da danışdı. Və sonra beynəlxalq hərbi ekspertlər tərəfindən “21-ci əsrin müharibəsi” adını almış Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquq və konvensiyalar çərçivəsindən kənara çıxmadığını bildirdi.

Cənab Prezidentin çıxışı bir neçə dəqiqəlik olsa da, əslində böyük bir dövrün ictimai-siyasi, soaial-mədəni, psixoloji mənzərəsini mükəmməl şəkildə əks etdirdi.

Dövlət başçısının hər cümləsi tarixə bir nəzər və gerçək siyasi-hərbi durumun təhlili, erməni tərəfinin yanlış baxış bucağı, Azərbaycanın sərgilədiyi konstruktiv mövqe, beynəlxalq hüququn tələbi və inkişafı strategiyası kimi önəmli komponentlərin ictimai-siyasi məzmun yükünü ifadə edirdi.

Biz teatr xadimləri olaraq dövlət başçımız, Ali Baş komandan, qalib ordumuzun sərkərdəsi, cənab İlham Əliyevin ərazimizin bütövlüyü naminə apardığı yorulmaz siyasətin, habelə beynəlxalq konfransdakı çıxışını alqışlayır və qürur duyuruq. Və əminik ki, yaxın zamanda dövlət başçımızın düşünülmüş və uzaqgörən siyasəti nəticəsində biz Zəngəzura, İrəvana qayıdacağıq. O gün uzaqda deyil.

Həmidov Mübariz, Azərbaycan Respublikasının Əməkdar Artisti, Sumqayıt Dövlət Dram Teatrının direktoru                                                                

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər