Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bölgədə formalaşan yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından çox mühüm və olduqca vacib tədbir idi. İstər 44 günlük müharibə dövründə, istərsə də müharibə sonrası dönəmdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha effektiv və düzgün şəkildə çatdırılması məhz ölkə rəhbərinin kommunikasiyaya tədbirlərində birbaşa iştirakı nəticəsində baş tutmuşdur.
Bu baxımdan son mətbuat konfransı da beynəlxalq və yerli mətbuat tərəfindən olduqca maraqla qarşılandı. 4 saat davam edən mətbuat konfransında Prezident İlham Əliyev olduqca vacib açıqlamalar verdi, jurnalistləri maraqlandıran sualalara aydınlıq gətirdi, bir çox məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan etdi.
İnkişaf və tərəqqi yoldan başlayır və bütün yollar bizi Qarabağa aparır…
Qələbə ilə yekunlaşan 44 günlük müharibədən dərhal sonra ərazilərin pərpası prosesi başladı. İlk bərpa işləri məhz yol infrastrukturundan başladı. Qısa müddət ərzində işğaldan azad edilmiş bütün ərazilərdə mövcud yolların mina və döyüş sursatlarından təmizlənərək bərpasına başlanıldı. Hazırda nəqliyyat infrastrukturunun bərpası bütün istiqamətlər üzrə- mövcud avtomobil yollarının bərpası, yeni yolların inşası, eyni zamanda dəmir yolunun çəkilməsinə, hava limanlarının inşası uğurla həyata keçirilir. Tərtərdən Suqovuşan qəsəbəsinə yeni yolun çəkilməsi artıq yekunlaşmaq üzrədir. Bununla yanaşı Suqovuşandan Talış kəndinə uzunluğu 7 km yarım olan yol Talış kəndindən Tapqaraqoyunlu kəndinə və Qaşaltı sanatoriyasına qədər uzanacaq. Ümumi olaraq Suqovuşandan Qaşaltı sanatoriyasına qədər uzanan yolun uzunluğu 30 km olacaq ki, bu da qısa müddətdə bərpa olunacaq.
Fizuli rayonunda yeni aeroportun inşası, paralel olaraq Şuşa şəhərinə iki avtomobil yolunun tikilməsi uğurla reallaşdırılır. Həmin yollardan birinin adı məhz “Qələbə yolu”dur. Digər yol isə aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Prezident İlham Əliyev mətbuat konfransında vurğuladı ki, Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları məhz hazırda inşa olunan nəqliyyat infratrukturu sayəsində Qarabağa gəlmək imkanına malik olacaqlar.
Regionda nəqliyyat-logistika əməkdaşlığı daha da genişlənəcək
Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyanatda Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin bərpa edilməsi, hər iki istiqamətdə maneəsiz hərəkətin təşkili ilə bağlı müddəa da öz əksini tapıb. Bu razılaşma regionda nəqliyyat-logistika əməkdaşlığının daha da genişlənməsinə, bu istiqamətdə Azərbaycanın mövqeyinin daha da güclənməsinə təkan vermiş olacaq.
Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, regionda çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacaq: “Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır”.
Azərbaycanın qərb bölgələri ilə uzun müddət blokadaya alınmış Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası region ölkələri arasında əlaqələri xeyli asanlaşdıracaq. Sözsüz ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.
Qarabağda böyük quruculuq dövrü başlayır
İşğaldan azad olunmuş ərazilərdə artıq bərpa işlərinə start verilib. Ərazilərin bərpası ilə bağlı artıq hədəflər bəllidir. Bərpa işləri smart konsepsiya əsasında həyata keçiriləcək. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri üzərində artıq işlərə başlanılıb. Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Ölkə rəhbəri bu ilin sonuna qədər layihənin tam başa çatması ilə bağlı təlimat verdiyini vurğuladı: “Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik”.
Prezident İlham Əliyev qeyd etdi ki, qısa müddət ərzində bölgələrdə əhalinin sayına uyğun yeni infrastruktur layihələri reallaşdırlacaq, bundan sonra yaşayış binalarının, təhsil və səhiyyə ocaqlarının inşasına başlanılacaq:”Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün güclər də səfərbər edilib…Maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.”
Prezident bəyan etdi: Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var!
Dövlət başçısı ilk gündən bəyan etdi ki, bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər. Xüsusilə dost ölkələrdən olan şirkətlər ilk öncə bərpa işlərinə cəlb olunacaqlar. Buununla bağlı artıq praktik addımlar da atılır. Qardaş Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun bərpasında iştirak edirlər. Gələcəkdə şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər də artıq edilib. Ölkə başçısı bir daha bəyan etdi ki, işin həcmi çox böyükdür və Azərbaycanın bütün dostları üçün bölgədə kifayət qədər iş var.
Regionda yeni iqtisadi imkanlar yaranır
Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb. Ölkə başçısının mətbuat konfransında səsləndirdiyi önəmli mesajlardan biri də məhz Zəngəzur dəhlizi ilə bağlı oldu: “Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər”.
Prezident İlham İlham Əliyev müzakirə mövzusu olan Zəngəzur dəhlizini müharibənin nəticələrindən biri olduğunu xüsusi olaraq vurğuladı. Ölkə başçısı bildirdi ki, üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir: “Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”.
Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında da bu məsələyə bir daha toxunaraq qeyd etdi ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bunu nəzərə alaraq ölkə başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət etdi. Bəli, bu dəhliz regionda iqtisadi əməkdaşlığı daha da genişləndirəcək, region ölkələri üçün imkanlar yaradacaq.
Azərbaycanı investisiya yatırımları üçün cəlbedici məkana çevrilir
Ölkə başçısı Qarabağın çoxşaxəli iqtisadi potensialına nəzər salaraq bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə böyük kənd təsərrüfatı potensialı var, burada kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Vurğulandı ki, hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Prezident İlham Əliyev vurğuladı ki, məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur: “Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik”
Azərbaycanın qələbəsi, ərazi bütövlüyünün bərpa olunması ölkəmizi daha da cəlbedici investisiya məkanına çevirib. Bölgədə sülhün təmin olunması, yeni nəqliyyat infrastrukturunun qurulması, regionda yeni iqtisadi imkanların yaranması sözsüz ki, əcnəbi investorları Azərbaycana daha fəal şəkildə sərmayə qoymağa sövq edəcək. Prezident İlham Əliyev jurnalistlərin suallarına cavab olaraq bir dahabəyan etdi ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Bundan sonra ölkəmizin qarşıya qoyduğu daha böyük hədəflər var: Bölgədə davamlı sülhün təmin olunması, ərazilərin bərpası, əhalinin öz doğma yurduna qayıdışı, Azərbaycanın iqtisadi qüdrətini daha da artırması və.s
Anar Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri