Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsində olduğu kimi bu gün də beynəlxalq media vasitəsi ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır. İstər ölkə daxilində, istərsə də xarici səfərləri zamanı hər zaman mətbuata açıq olduğunu müşahidə edirik. Ölkə başçısının hər bir müsahibəsi həm daxili, həm də xarici auditoriya üçün maraqla qarşılanır. Çünki Prezident İlham Əliyevin hər bir müsahibəsi maraqlı məqamları əhatə edir, eyni zamanda önəmli mesajlarla zəngin olur. Bu baxımdan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibə də olduqca böyük maraq doğurdu.
Prezident İlham Əliyev “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə bir daha postmüharibə dövründə Azərbaycan və Ermənistan arasındakı münasibətlərə toxunub, önəmli açıqlamalar verib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir. Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmlidir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.
Jurnalistin Avropa İttifaqı tərəfindən Azərbaycan və Ermənistana ünvanlanan dəstək paketlərindəki kəskin fərqlərlə bağlı ünvanladığı suala cavab olaraq dövlət başçısı bildirib ki, bu addım bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Qeyyd olundu ki, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon.
Prezident İlham Əliyev müsahibəsində murğulayıb ki, Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmalıdı.
Ölkə başçısı işğaldan azad olunmuş ərazilərin bərpası üçün olduqca böyük əhəmiyyət daşıyan mina probleminin aradan qaldırılması məsələsinə də toxunub. Dövlətimizin başçısı bildirib ki, Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Minalar təmizlənməsə, insanların geri qayıdışını təmin etmək mümkünsüzdür.
Ölkə başçısı müsahibəsində bir daha müharibənin bitməsinə baxmayaraq erməni cinayətlərinin davam etməsinə diqqət çəkdi. Müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb. Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
Ölkə başçısı bir daha ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinə nəzər salıb, bu illər ərzində ikili standartlar və ədalətsiz yanaşma həyata keçirdiklərini vurğulayıb. Ölkə başçısı bildirib ki, ATƏT-in mandatına əsasən Minsk qrupu 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Minsk qrupu ötən il noyabrın sonunadək, Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi. Minsk qrupunun fəaliyyəti uğursuz idi. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi.
Ölkə başçısı vurğulayıb ki, Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu. 20 ildən çox fəaliyyət göstərən Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Rəsmi İrəvanın məsuliyyətsiz bəyanatlarına Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi.
Emin Əliyev, Yap Sumqayıt şəhər təşkilatının məsləhətçisi