sumqayitxeber.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edərkən çıxışında deyib.
Prezident İlham Əliyev deyib ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi:
“Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb, o cümlədən Masallı rayonunda. Biz bundan əvvəl Sumqayıtda, Mingəçevirdə, Neftçalada belə mərkəzlərin açılışını qeyd etmişik, bu gün isə Masallıda. Hacıqabul və Sabirabad rayonlarında sənaye zonalarının yaradılması prosesi gedir. Bu, ilk növbədə, dövlətin siyasətini göstərir. Çünki dövlət buraya əsas vəsaiti qoyan tərəfdir. Həm yerin seçilməsi, bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət hesabına həll olunur. Bu, dövlətin sahibkarlara böyük dəstəyidir. Sahibkarlar da öz tərəfindən sərmayə gətirərək avadanlıq alırlar, işi düzgün təşkil edirlər və fəaliyyətə başlayırlar. Əgər biz bu təşəbbüsə start verməsəydik yəqin ki, bu müəssisələr də yaradılmazdı. Hazırda Masallıda bu istiqamətdə işlər yaxşı gedir”.
Azərbaycan Prezidenti deyib ki, bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir:
“Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcəkdir.
Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl onlardan birinin – polipropilen zavodunun açılışı olmuşdur, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dollardan çoxdur. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini orada olan yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, dövlət vəsaiti qoyulmasaydı 2 milyard dollar vəsait də qoyulmazdı.