Prezident İlham Əliyev postmüharibə dövrünü dəyərləndirdi, növbəti mühüm mesajlar verdi

809

44 günlük Vətən Müharibəsində cənab Prezident İlham Əliyev döyüş cəbhəsi ilə yanaşı informasiya cəbhəsinin də önündə idi. Ölkə başçısı həmin dövrdə 30-a yaxın kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, ölkəmizin maraqlarını müdafiə etdi. Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində ölkəmizə qarşı qara kampaniya aparan ermənipərəst qüvvələrin və onların havadarlarının təbliğatı alt-üst edildi.

Prezident İlham Əliyev bu günlərdə Türkiyənin məşhur CNN Türk telekanalına verdiyi müsahibədə müharibədən sonrakı vəziyyət, görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı danışdı, eyni zamanda ictimaiyyəti bölgədəki yeni vəziyyətlə tanış etdi.

Prezident İlham Əliyev postmüharibə dövrü ilə bağlı önəmli açıqlamalar verdi, mühüm mesajlar səsləndirdi.

“Bizim burada əsas rəqibimiz zamandır”

Ölkə başçısı bildirdi ki, qayıdış üçün bizə zaman lazımdır. 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır.

“Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir”

Prezident İlham Əliyev bir daha bəyan elədi ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək.

“Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir”

Prezident İlham Əliyev vurğuladı ki, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.

“Onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər”

Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi.

Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik.

“Bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər”

Cənubi Qafqazdakı vəziyyət dəyişir və 3+3 formatı da gündəlikdədir. Bu məsələdə də Azərbaycanın və Türkiyənin mövqeləri üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, – çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, – bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, bütün bunlar çox önəmli məsələlərdir.

“Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir”

Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bakı şəhərin mərkəzində yerləşən Erməni kilsəsində 5 minə yaxın erməni kitabı var. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, Azərbaycan buna hazırdır.

Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir”
Prezident İlham Əliyev müsahibəsində üçtərəfli Bəyanatın icrası, Rusiyadan gözləntilər və digər məsələlərlə bağlı da önəmli açıqlamalar verdi. Ölkə başçısı bildirdi ki, üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur.

“Biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın”.

Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, – onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, – buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar.

“Yeni nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq”

Prezident İlham Əliyev yeni nəqliyyat qovşağının açılmasını, yeni dəhlizin bölgəyə verəcəyi faydanı geniş şərh etdi. Ölkə başçısı bildirdi ki, Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik.

Yeni nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq.

Beləliklə, Prezident İlham Əliyev postmüharibə dövrü ilə bağlı gözləntilərini, hədəflərini aydın şəkildə cəmiyyətə və dünya ictimaiyyətinə çatdırmış oldu. Prezident İlham Əliyev postmüharibə dövrünü belə görür: bütün ticarət əlaqələrinin bərpası, yeni fürsətlərin dəyərləndirilməsi və bölgədə sülhhün təmin olunması. Əks halda Prezident İlham Əliyevin dediyi kimi “biz dərsini yenidən verməyə hazırıq”

Emin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər