16-18 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib.
Tədbirdə 50-dən çox ölkənin yüksək səviyyəli nümayəndələri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edib.Bu, ötən illə müqayisədə kifayət qədər yüksək göstəricidir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformlarından birinə, ən aktual müasir çağrışların müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilib.
Qlobal Bakı Forumu həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün unikal platformalardan biridir.
Ötən ilin noyabrında keçirilən forumda cənab Prezident ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər barədə qonaqlara məlumat verdi. Bu il isə dövlət başçısı forum iştirakçılarına regiondakı son vəziyyət barədə məlumat verdi. Regionda sülhün vacibliyi bir daha vurğuladı. Azərbaycan müharibədə qalib gəldiyi, müharibənin ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndiyi qonaqların diqqətinə çatdırıldı.
Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasında son dərəcə maraqlıdır və bu istiqamətdə daim fəaliyyət göstərir. İyunun 16-da öz işinə başlayan “Qlobal nizama təhdidlər” IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir çox mühüm məsələlərlə yanaşı, bu məsələyə də ətraflı toxundu, ölkəmizin regional təhlükəsizliklə bağlı yanaşmasını çox aydın şəkildə təqdim etdi.
Tarixə nəzər salsaq müharibədə işğalçı dövlətə qalib gəlmiş, təcavüzkarı məğlub edərək öz ərazilərini azad etmiş qalib ölkənin sülh təklifi etməsinə nadir hallarda rast gələrik. Lakin bu gün Azərbaycan bu addımı atır. Səbəb çox sadədir: dövlətimiz təkcə öz ərazisində deyil, bütün Cənubi Qafqaz regionunda sülh, əmin-amanlıq, inkişafı görmək istəyir.
Prezident İlham Əliyevin dediyi kimi, bu gün sülhün, əməkdaşlığın bərqərar olması zamanıdır. Ermənistan hökuməti bu tarixi fürsəti əldən versə, ən çox itirən erməni xalqı olacaq.
Bu gün Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. Bu prosesdə cüzi irəliləyiş əldə olunsa da, gözlənilən nəticələri əldə etmək üçün yetərli deyil.
Məlum olduğu kimi, Azərbaycan 2020-ci ilin noyabrında, Vətən müharibəsi tarixi qələbə ilə başa çatdıqdan az sonra sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdi. Lakin Ermənistan bu sülhsevər təklifə cavab vermədi. Sonra Azərbaycan yenidən regional sülh və təhlükəsizlik prinsiplərinə əsaslanaraq bu istiqamətdə növbəti addımını atdı.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və eynilə bütün region ölkələrinin mənafeylərinə uyğun olan digər prinsipləri də özündə ehtiva edən təklif irəli sürdü.Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi.
Lakin buna baxmayaraq Ermənistan tərəfi hələ də sülh sazişinin imzalanmasında passiv mövqe tutmaqda davam edir. Görünən odur ki, işğalçı dövlət yenə də ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpasında maraqlıdır. Baxmayaraq ki, Avropa İttifaqı neytrallığı qoruyub, hər iki tərəfin maraqlarını nəzərə alaraq bu vasitəçiliyi həyata keçirməsinə baxmayaraq Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyində maraqlı olduğunu açıq-aydın şəkildə ortaya qoyur.
Prezident İlham Əliyev bir daha Forum iştirakçılarının diqqətinə çatdırdı ki, ATƏT-dən mandat alan Minsk Qrupu 28 ildə heç bir nəticə əldə etməyib. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac qalmayıb. Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq.
Prezident İlham Əliyev çıxışında kommunikasiyaların açılması məsələsinə də toxundu. Məlumdur ki, Ermənistan bu məsələdə üzərinə öhdəliklər götürüb, lakin 2020-ci il 10 noyabr bəyanatının imzalanmasından bu qədər vaxt keçsə də, hələ ki, Zəngəzur dəhlizinin açılması məsələsinə tərədüdlə yanaşır, səbəbsiz yerə prosesi ləngidir. Bu barədə mən əvvəlki açıqlamalarımda da demişəm ki, Zəngəzur dəhlizi Ermənistanın özü üçün də, bütün region üçün də faydalı olacaq.
Hər kəs, o cümlədən erməni tərəfi başa düşməlidir ki, bu məsələ müharibənin nəticəsi olaraq ortaya çıxıb və şübhəsiz ki, həyata keçiriləcək. Dövlətimizin başçısı da Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindən biri olduğunu ifadə etdi
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor