Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva incəsənət xadimləri ilə görüşüblər

1582

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

ONA-nın xəbərinə görə, dövlət başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin bildirib ki, ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında bir çox görüşü olub: “Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilib. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq”.

Dövlət başçısı deyib ki, iqtisadi sahədə aparılan islahatlar gözəl nəticələr verir: “Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaq. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə verib. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir”.

Azərbaycan Prezidentinin sözlərinə görə, iqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın: “Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanıb. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”.

Prezident İlham Əliyev deyib ki, digər sahələrdə islahatlar aparılır və aparılmalıdır. “Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artmışdır. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olmuşdur. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı.

Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, – bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, – bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur.

Digər sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib. Şəhərsalma sahəsində. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik.

O ki qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız – Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi – Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə Tarix-Diyarşünaslıq muzeyləri fəaliyyətə başladı.

Dini abidələr əsaslı şəkildə təmir edildi. Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olundu. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi – 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edildi, Heydər Məscidi tikildi. Yəni, bunlar bizim milli irsimizdir.

Digər sahələrdə. Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olunub.

Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır. Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi. Görülən bütün işləri yada salmaq çətindir. Bizim iki konservatoriyamızdan biri əsaslı şəkildə təmir edildi, o birisi yenidən tikildi.

İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz.

Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. Ona görə bu məsələlərlə və istənilən məsələ ilə bağlı bu gün mən sizinlə danışmaq istərdim. Hesab edirəm, mən giriş sözümü yekunlaşdırmalıyam ki, sizə daha çox imkan yaradım və siz öz sözünüzü deyəsiniz”, deyə dövlət başçısı bildirib.

Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər.

Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.

***

13.17

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

ONA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı görüşdə çıxış edib. Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər.

Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər