Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda dünyaya mühüm mesajlar verdi

663

Bu günlərdə Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda sayca 8-ci olan Qlobal Bakı Forumu keçirildi. Forumda dünyanın tanınmış ictimai-siyasi xadimləri, sabiq dövlət və hökumət başçıları, alimlər, ziyalılar, beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. VIII Qlobal Bakı Forumu Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ölkəmizdə keçirilən ilk beynəlxalq tədbir idi.

Forumda olduqca mühüm məsələlərin müzakirəsi aparıldı. Prezindent İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistan–Azərbaycan münaqişəsi, torpaqlarımızın işğal altında olmasına diqqət çəkir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Azərbaycanın Qələbəsindən sonra keçirilən ilk beynəlxalq səviyyəli tədbirdir kimi bu forum tamamilə fərqli əhval-ruhiyyədə keçirildi. Prezident İlham Əliyev bu dəfəki çıxışı olduqca fərqli məzmunda idi. Ölkə başçısı Forumdakı çıxışında postmüharibə dövrünün reallıqlarından, Azərbaycanın qlobal təşəbbüslərindən danışdı, dünya ictimaiyyətinə mühüm mesajlar verdi.

27 il kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi

Ölkə başçısı bəyan etdi ki, artıq münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll edib. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi.

44 günlük müharibə göstərdi ki, gec-tez ədalət zəfər çalacaq

Hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir. “Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımızı, keçmiş qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət Zəfər çalacaq”, – deyə Azərbaycan Prezidenti tədbirdəki çıxışı zamanı vurğuladı.

Azad olunmuş ərazilərin yerlə-yeksan edilməsi barbarlığın təzahürüdür

Noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Azərbaycan xalqı bu tarixi Qələbəmizi qeyd edəcək. Azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür.

 Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır

Dövlət başçısı bildirib: “Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək. Demək olar ki, bir ildir susurlar. Hesab etmirəm ki, hazırda onlar Azərbaycanın konstruktiv təklifinə qarşı çıxmaq mövqeyində deyillər. Əgər, onlar əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər”.

Azərbaycan qazının çatdırıldığı ölkələrdə qaz qiyməti böhranı yoxdur və heç kim soyuqdan donmayıb

Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan qazının çatdırıldığı ölkələrdə qaz qiyməti böhranı yoxdur və heç kim soyuqdan donmayıb. Bu bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Dövlət başçısı vurğulayıb ki, bu ilin 10 ay ərzində Azərbaycan bu marşrutla Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox çatdırıb. Bu həcmin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub.

Pandemiyanın başladığı ilk günlərdən Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi

Dövlətimizin başçısı qeyd edib ki, bu xəstəliyin başladığı ilk günlərdən etibarən Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi: “Biz regionda ilk ölkələrdən biri idik ki, yaşı 18-dən yuxarı olan əhalisinin təxminən yarıdan çoxunu – 60 faizini iki doza peyvənddən keçirə bildik. Biz 13 yeni dövlət xəstəxanası açdıq. Demək olar ki, 4 minə yaxın çarpayı potensialı ilə bu təsisatlar hazırda pandemiyadan əziyyət çəkən çox sayda insanlara xidmət göstərir və indi pandemiya nəzarət altındadır”.

Dövlət başçısı bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək”.

Beləliklə, Azərbaycan dünyanın 40-dan çox siyasət və elm adamının qatıldığı Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq etdi. Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı müharibədən sonrakı dövrün yeni reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyev çıxışı zamanı müharibədən sonrakı reallıqların obyektiv təqdimatını etdi. Münaqişədən sonrakı dövrün reallıqlarından danışan dövlət başçısı Azərbaycanın regionun gələcəyi ilə bağlı baxışlarını bir daha dilə gətirdi.

VIII Qlobal Bakı Forumu həm də dünya liderlərinin çıxışları ilə yadda qaldı. Bu, Azərbaycanın, Azərbaycan Prezidentinin siyasi nüfuzunun, siyasi qüdrətinin artmasının göstəricisidir. Bu gün Azərbaycan təkcə regionun deyil, həm də dünyada öz sözünü deyə bilən, öz həlli yollarını təklif edən bir ölkədir. Dövlət başçısının çıxışında yer alan fikirlər, şübhəsiz ki, Azərbaycanın etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə öz təsirini göstərəcək.

Ucal Qasımov, “Məslək” qəzetinin redaktoru 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər