Prezident İlham Əliyevdən beynəlxalq ictimaiyyətə mühüm mesajlar

710

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.Prezident İlham Əliyev  öz çıxışında qeyd etmişdir ki,münaqişədən sonrakı vəziyyətə aid planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir.

Ali Baş Komandan ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarıa təşəkkür etmiş və əminliyini bildirmişdir ki, Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bu, maraqlı səfər olmuşdur. Bütün kütləvi dağıntılar 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq planlarımız  həqiqətən genişmiqyaslıdır və biz onları büdcəmizdən ayrılan vəsaitlərimiz hesabına icra edirik.

Azərbaycan Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipini Ermənistan höküməti  qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq vermişdir. Qafqazda uzunmüddətli və dayanıqlı sülhün baş tutması üçün sülh müqaviləsi imzalanmalı və həmin təməl prinsiplər həyata keçməlidir.

Prezident İlham Əliyev xarici siyasətimiz ilə bağlı çıxışında qeyd etmişdir ki, Azərbaycanın xarici siyasəti müstəqil xarakterini nümayiş etdirərək bizim milli maraqlarımıza əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib.2021-ci ilin iyun ayında Prezident R.T.Ərdoğanla tarixi Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bizim Türkiyə ilə əməkdaşlığımız və qardaşlığımızın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasına toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki,bu  da bizim strateji maraqlarımıza əsaslanır.Rusiya İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır.

Vətən Müharibəsi zamanı Ermənistanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı gözləntiləri-manipulyasiyalar  baş tutmadı: çünki biz öz ərazimizdə döyüşürdük. Bununla yanaşı, Prezident qeyd etdi ki, 44 günlük müharibə zamanı Rusiyadan göndərilən silahlar Qazaxıstan, Türkmənistan və İranın  hava məkanından istifadə edilərək Ermənistana daxil olurdu. Gürcüstan isə silah daşınmasına qadağa qoymaq haqqında bizim xahişimizi yerinə yetirərək hava və quru yolla silah daşınmasına qadağa qoymuşdu-biz buna görə onlara minnətdarıq.

Prezident İlham Əliyev azad edilmiş bölgələrdə minatəmizləmə əməliyyatları haqqında danışarkən qeyd etdi ki,müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız minaya düşərək həlak olmuş və ya ağır yaralanmışdı. Prezident İlham Əliyev əmindir ki, biz bütün əraziləri minalardan təmizləyəcək, keçmiş məcburi köçkünlərin hamısını geri qaytaracağıq və Qarabağı dünyaya nümunə olacaq şəkildə yenidən quracağıq.

Prezident vurğuladı ki, Qarabağda qaz xətlərinin inşası planımızdadır, elektrik stansiyalarının inşası davam edir. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Prezident qeyd etdi ki Birinci Qarabağ müharibəsi başlayanda ermənilər Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən qaz xəttini kəsmişdilər və 15 il ərzində o zaman 400 min əhalisi olan Naxçıvan təbii qazsız yaşamalı olmuşdu. O zaman  heç kəs Ermənistanı Naxçıvanda humanitar fəlakətə səbəb olmaqda ittiham etmədi.

Avropa İttifaqı ilə bağlı münasibətlər haqqında sualı cavablandıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan postmünaqişə dövründə münasibətlərin normallaşması prosesində Avropa İttifaqının və xüsusilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndirir. May ayının əvvəlində Brüsseldə Ermənistan və Azərbaycan nümayəndələrinin növbəti görüşünün keçirilməsi planlaşdırılır və biz bu səyləri yüksək qiymətləndiririk. Bizim üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır.

Prezident İlham Əliyev müharibədən əvvəl və sonra UNESCO ilə münasibətlər haqqında məlumat verərək bildirdi ki, minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar.

Prezident öz çıxışında erməni tarixşünaslığında xüsusən Azərbaycan əraziləri, Qarabağ tarixi barədə hər addımda saxtakarlıq gördüyümüz haqqında məlumat verdi. Qeyd etdi ki,tarix manipulyasiya edilməməlidir. Yaxın 10 il müddətində regionun hansı hal ala biləcəyini və Azərbaycanın Cənubi Qafqaza töhfəsi ilə bağlı sualı cavablandıran Ali Baş Komandan qeyd etdi ki,  10 il müddətində, əlbəttə ki, Azərbaycan qat-qat güclü olacaqdır.

Biz özümüzü Ermənistanın hər hansı revanş risklərindən qorumalıyıq və bu səbəbdən ordumuzu gücləndirməli və müasirləşdirməliyik. Prezident İlham Əliyev xəritələr haqqında verilən sualı cavablandırarkən qeyd etdi ki,bizim mövqeyimiz ondan ibarətdir ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr  istifadə edilməlidir. Biz yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi.

“Bu gün Sizin Ukrayna üçün şəxsi məsləhətiniz nə ola bilər?” sualına cavab olaraq İlham Əliyev  bildirdi ki, Azərbaycanın təcrübəsinə əsaslanaraq, ən önəmlisi heç bir zaman işğalla razılaşmamaqdır. Prezident qeyd etdi ki,”Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını sən heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər. Biz bunu nümayiş etdirdik. İndi mən fəxr edirəm ki, biz Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik, böyük ağacların arxasında gizlətmirik”.

Prezident İlham Əliyev sonda konfrans iştirakçılarına bizimlə olduqlarına görə təşəkkür etdi,onlara uğurlar arzuladı. Qeyd etdi ki,müzakirə edildiyi kimi, illik Şuşa forumlarından öncə aralıq tədbirlər haqqında fikirləşəcəyik.

29 Aprel 2022-ci il tarixində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfrans böyük əhəmiyyətə malikdir. Post-münaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin görüşü nəticəsində əldə edilən razılaşmaların icrası, o cümlədən sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, kommunikasiyaların açılışı və etimad quruculuğu tədbirləri barədə Azərbaycanın baxışlarının dünya ictimaiyyətinə çatdırılması yolunda beynəlxalq konfransların keçirilməsi, ümidvarıq ki,davamlı olacaqdır.

Akif Kazımov, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər