Prezident İlham Əliyevin Astana səfəri: Azərbaycan həqiqətləri bir daha dünyaya çatdırıldı

698

Prezidenti İlham Əliyevin bu ilin sentyabrında Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində, oktyabrın 6-da Praqada keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində, oktyabrın 13-də isə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı ölkəmizin dünyada artan nüfuzunun, onun çevik xarici siyasət həyata keçirməsinin bariz göstəricisidir.
Prezident İlham Əliyevin Astana səfəri ölkəmiz üçün əhəmiyyətli oldu. Prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edərək bir sıra mühüm məqamlara toxundu, Azərbaycan reallıqlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Azərbaycan BMT-nin 4 qətnaməsinin icrasını özü təmin etdi
Ölkə başçısı çıxışında qeyd etdi ki, ikinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Erməni vandalizminə diqqət çəkən dövlətimizin başçısı vurğuladı ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunub. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir.
Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır
Prezident İlham Əliyev ölkəmizin hələ də təhlükə ilə üz-üzə qalmasından –mina təhlükəsindən də danışıb. Bildirib ki, ilkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesibaşlanıb.
Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.
Dövlətimizin başçısı Azərbaycanın haqlı mövqeyini, əldə etdiyi nailiyyətləri, regiona verdiyi töhfələri faktlarla şərh edərək Ermənistanın yalanlarını bir daha ifşa etdi. Ölkə başçısı Ermənistanın anti-Azərbaycan təbliğatına növbəti dəfə ağır zərbə vurdu.
Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməklə yanaşı, həm də region üçün mühüm imkanlar yaratdı
44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməklə yanaşı, həm də region və Asiya-Avropa iqtisadi əlaqələri üçün mühüm imkanlar yaratdı. Prezident buna diqqət çəkərək bildirdi: “Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.
Beləliklə, Prezident İlham Əliyevin çıxışı zamanı toxunduğu məsələlər ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin prinsipial mövqeyinin bariz ifadəsi oldu.

Elşad Eyvazov, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər