Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli rayonuna səfəri olduqca mühüm hadisələrlə yadda qaldı. Dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldu, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoydu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış oldular, burada ağac əkdilər, ilk yaşayış binalarının təməlqoyma mərasimində iştirak etdilər.
Eyni zamanda Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşı qoyuldu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Görüşdə ölkə başçısı Azərbaycan və dünya ictimaiyyətinə mühüm mesajlar verdi.
Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl yerlərindən birinə çevriləcək
Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir: “Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.
18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyevin təşəbbüsü ilə milli bayramlarımızla bağlı Milli Məclis “Müstəqillik Günü haqqında” qanunu qəbul edərək 18 Oktyabrı Dövlət Müstəqilliyinin Bərpasi Günü etdi. Ölkə başçısı ictimaiyyət nümayəndələri ilə görüş zamanı qeyd etdi ki, bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır.
Ölkə başçısı bəyan etdiyi kimi, biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu”.
Gənc nəslə həqiqəti çatdırmaq vacibdir
Cənab Prezdentin bəyan etdiyi kimi, o zaman ilk olaraq Litva 11 mart 1991-ci ildə keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini elan etmişdi. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24 avqust, Moldova – 27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr, Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr. Lakin Azərbaycan yalnız 18 oktyabrda bunu etdi. Yəni, bu qədər gözləmə mövqeyinə görə haqq qazandırmaq mümkün deyildi. Digər tərəfdən, Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikalar çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Yəni, bu sualların fonunda gənc nəslə həqiqəti çatdırmaq və Milli Məclisin etdiyi düzəlişlərin tarixi əhəmiyyət kəsb etdiyini bildirmək vacibdir.
Ölkə başçısı vurğuladı ki, həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.
Biz gələcəyə baxmalıyıq
Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Müharibə artıq tarixdə qaldı, Dağlıq
Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq.
Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri özlüyündə bir mesajdır. Artıq hər kəsə aydındır ki, Azərbaycan bu əraziləri qısa müddətdə bərpa etmək əzmində və gücündədir. “Böyük Qayıdış” prosesinə artıq start verilib və qısa müddət ərzində Azərbaycan xalqının bu torpaqlara qayıdışı reallaşdırılacaq.
Emin Əliyev, Yap Sumqayıt şəhər təşkilatının məsləhətçisi