Prezident İlham Əliyevin qayğısı ilə Sumqayıt  inkişafının ən yüksək dövrünü yaşayır

1949

Bu günlər Sumqayıtda bayram əhvali-ruhiyyəsi hökm sürür. Prezident İlham Əliyevin Sumqayıta etdiyi səfər həmişə şəhərin tarixində və ictimai həyatında əlamətdar hadisəyə çevrilib. Son səfər zamanı isə dövlət başçısının açılışında və təməlinin qoyulmasında iştirak etdiyi bütün layihələr həm də Sumqayıtın öz liderinə verdiyi növbəti uğur hesabatı idi.

Elə bu əlamətdar günlərdə Sumqayıta səfər edərək şəhərin inkişaf prosesləri, aparılan abadlıq və quruculuq işləri ilə tanış olduq.

Müasir Sumqayıt İlham Əliyevin inkişaf strategiyasının nəticəsidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 ildə əldə edilən ən böyük nailiyyətlərdən biri isə Azərbaycanın bütün regionlarının, şəhərlərinin, kənd və qəsəbələrinin inkişaf yoluna çıxarılması, ölkənin hər yerində abadlıq və quruculuq işlərinin vüsət almasıdır. Dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissələrindən biri kimi 20 ildə bütün şəhər və rayonların iqtisadi potensialı hərəkətə gətirilib, əhalinin məşğulluğunun artırılması, sosial rifahının yüksəldilməsi istiqamətində böyük keyfiyyət dəyişiklikləri baş verib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın hansı şəhərinə, hansı rayonuna üz tutsaq, 20 ildə baş vermiş böyük dəyişikliklərin, abadlıq və quruculuğun, sosial-iqtisadi yüksəlişin şahidi olarıq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da bildirir ki, ötən 20 il Azərbaycanın müasir tarixinə intibah və yüksəliş dövrü kimi həkk olunub:  “Bu illər ərzində Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətli inkişaf yolu keçən Azərbaycanın güclü, qüdrətli, regionda və dünyada söz sahibi olan dövlətə çevrilməsi, dövlətçiliyimizin təməllərinin daha da möhkəmləndirilməsi tariximizin ən böyük reallıqlarıdır. İşğal altında olan torpaqlarımızın azad edilməsi, Qarabağda 200 illik erməni separatizminə son qoyulması isə ötən 20 ilin ən böyük siyasi-hərbi hadisələridir. Bütün bunlar həm də ondan xəbər verir ki, respublikamız əbədiyaşar şəxsiyyət, bu il anadan olmasının 100 illiyini böyük ehtiramla yad etdiyimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır, Ulu Öndərin ideyaları layiqincə həyata vəsiqə alır”.
Bütün bunlar Sumqayıtın timsalında, bu şəhərin inkişaf və quruculuq nümunələrində daha aydın görünməkdədir. 20 ildə Sumqayıtın yüksəlişi həqiqətən möhtəşəm və qürurvericidir. “Bu  dövrdə şəhərin iqtisadi və sosial həyatında baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri göstərir ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin inkişaf yoluna çıxardığı Sumqayıt bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı ilə keçmiş şöhrətini bərpa edib və tarixinin ən dinamik yüksəliş mərhələsinə qədəm qoyub. Sumqayıt da tarixinin ən qüdrətli dövrünü yaşayır”, – deyə Zakir Fərəcov bildirir.
Bu günlərdə Prezident İlham Əliyevin Sumqayıta səfəri bir daha belə bir reallığın təsdiqi oldu ki, şəhərin inkişafı davamlı və sürətlidir. Bu səfərlər zamanı Prezidentin açılışında, təməlinin qoyulmasında iştirak etdiyi və tanış olduğu müəssisələr, infrastruktur layihələri tək Sumqayıtın deyil, bütövlükdə ölkəmizin yüksəlişindən xəbər verir.

Ulu Öndər Heydər Əliyevin qayğı ilə yanaşdığı şəhər

Sumqayıtın inkişafından danışarkən Ulu Öndər Heydər Əliyevin bu şəhərə vaxtilə göstərmiş olduğu xüsusi diqqət və qayğını qeyd etməyə bilmərik. Sumqayıt vaxtilə Ulu Öndər Heydər Əliyevin sayəsində tərəqqi yoluna qədəm qoymuşdu. Hələ sovet illərində Heydər Əliyevin keçmiş ittifaqın qabaqcılları sırasına çıxardığı Azərbaycanın əldə etdiyi inkişaf göstəricilərində Sumqayıtın böyük payı var idi. Diqqət yetirdikdə görürük ki, 1949-cu ildə şəhər statusu almış Sumqayıtın sovet dövründə sürətli inkişafı Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərinə təsadüf edir.
1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyə başlayanda Sumqayıtda əsasən metallurgiya və kimya müəssisələri fəaliyyət göstərirdi. Lakin Heydər Əliyev bilirdi ki, Sumqayıtın potensialı daha böyükdür. Təsadüfi deyil ki, o illərdə Heydər Əliyevin təşəbbüsləri və xüsusi nəzarəti nəticəsində şəhərin ənənəvi sənaye sahələri ilə yanaşı, yüngül sənaye, habelə sənayenin digər sahələri inkişaf etdirildi. Buna misal olaraq əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə 1970-ci illərin əvvəllərində yaradılan Sumqayıt Məişət Kimyası Zavodunu göstərmək olar. Heydər Əliyevin sayəsində belə bir zavod Zaqafqaziyada ilk olaraq Sumqayıtda yaradıldı. Yaxud “Superfosfat” zavodunda yüksək texnologiya əsasında dənəvər superfosfat gübrəsi istehsalatının işə salınmasını göstərmək olar. 1970-73-cü illərdə “Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexlərinin fəaliyyətə başlaması, 1974-cü ildə Sintetik Kauçuk Zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücünün xeyli artırılması, Kompressorlar zavodunun, Üst trikotaj və Xovlu İplik fabriklərinin, Süd və Yeyinti məhsulları kombinatlarının yaradılması məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Sumqayıtda sənaye sahələrinin inkişafı ilə bağlı əldə olunmuş nailiyyətlərdir.
Sumqayıtın neft-kimya kompleksi üçün Almaniya və Çexoslovakiya istehsalı olan və ən yeni texnologiyalar əsasında yaradılmış EP-300 qurğusunun –  layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan nadir kompleksin alınması da Heydər Əliyevin sayəsində mümkün olmuşdu. Bunun üçün o dövrdə Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini N.Tixonovu respublikamıza dəvət etmişdi. Bundan sonra ittifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq, EP-300 texnoloji kompleksinin alınmasına qərar vermişdi. Bu, Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük uğuru idi.
Bütün bunların nəticəsi kimi 1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda tanınan bir şəhər oldu. Şəhərin müəssisələrində istehsal olunan məhsullar ittifaqın 700-dən çox şəhərinə və xarici dövlətlərə ixrac olunurdu.
Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyev düz 16 dəfə Sumqayıta səfər edib ki, bu da onun şəhərə olan xüsusi diqqət və qayğısının göstəricisidir. 1974-cü ildə Sumqayıtın 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətlərini yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək, qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də vermişdi.
O dövrdə sənayenin inkişafı ilə yanaşı, Sumqayıt bir şəhər kimi də böyümüş, mikrorayonların sayı artmışdı. Hər il şəhərdə orta hesabla  80 min kv.m. mənzil sahəsi tikilib istifadəyə verilirdi. Sumqayıtın bir çox məşhur ünvanının təməli məhz o illərdə qoyulmuş və inşa edilmişdir.
Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi Sumqayıtın da yüksəlişinin qızıl dövrüdür. Təəssüf ki, sonrakı illərdə Azərbaycana rəhbərlik edənlərin, habelə müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı nəticəsində Sumqayıtda yaradılmış böyük iqtisadi potensial da sıradan çıxarıldı və bu, Ulu Öndəri ciddi narahat edirdi.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də əvvəlki kimi Sumqayıta daim diqqət və qayğını əsirgəmirdi. Bu qayğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrünə qədəm qoydu. 1993-cü il dekabrın 18-də Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə Sumqayıta gəldi, şəhərdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etdi, Tarix muzeyində oldu, “Şəhidlər xiyabanı” kompleksini ziyarət etdi, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini verdi. Ulu Öndərin uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan verdi. Müstəqillik illərində Heydər Əliyev 6 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bütün bunlar Ulu Öndərin Sumqayıta və sumqayıtlılara diqqətinin təzahürü idi.
Məhz Ümummilli Liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq, ötən əsrin 90-cı illərində Sumqayıtın yeni ictimai-iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətləndi. Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başladı.

Ulu Öndərin arzuları layiqincə gerçəkləşdirilir

Ümummilli Liderin Sumqayıtla bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, şəhərin ənənəvi sənaye kompleksi bərpa edilsin, yeni müəssisələr fəaliyyətə başlasın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni iş yerləri açılsın, bununla da Sumqayıt yenidən seçilən bir şəhərə çevrilsin.
Şəhərin tarixi ənənələr əsasında inkişaf edərək respublikamızın ən gözəl ünvanlarından birinə çevrilməsi və Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması isə Prezident İlham Əliyevin Sumqayıtla bağlı qarşıya qoyduğu əsas hədəflərdəndir.
Ötən 20 ildə Sumqayıtın iqtisadi və sosial həyatında baş verənlər göstərir ki, Ulu Öndərin şəhərlə bağlı bütün arzuları həyata vəsiqə alır. Eyni zamanda Sumqayıt Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytarıb və bu proses indinin özündə də davam edir.
Ötən 20 ildə ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr əldə olunub.  Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıtı da dinamik inkişaf yoluna çıxarıb.
Bütövükdə 20 ildə şəhərdə qazanılan hər bir sosial-iqtisadi uğur cənab Prezidentin adı ilə bağlıdır. Bu illər ərzində Sumqayıt daim Prezident İlham Əliyevin qayğısını hiss etmişdir. Bunu dövlət başçısının Sumqayıta 33 dəfə səfər etməsi də təsdiqləyir. Bu səfərlərin hər biri ali qayğının təcəssümü olmaqla Sumqayıtın inkişafına təkan verib, şəhərin tarixində əlamətdar hadisəyə çevrilib. Bir vaxtlar Ulu Öndər Heydər Əliyevin sayəsində inkişaf mərhələsinə qədəm qoyan şəhər indi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yenidən çiçəklənir. Başqa cür desək, bir vaxtlar Sumqayıtı dünyada şöhrətləndirən unudulmaz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev bu şəhərin yeni intibahının memarıdır və buradakı inkişaf nümunələri müasir Azərbaycan dövlətinin yüksəlişini özündə simvolizə edir.

Sumqayıt tarixi ənənələrini bərpa edir

Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi surətdə köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər fəaliyyətini dayandırmış və ya az güclə işləməyə başlamışdı. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Liderin şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin.
Respublikamızda gedən inkişaf proseslərinin nəticəsi kimi, artıq Sumqayıt Heydər Əliyevin arzuladığı şəhər səviyyəsinə yüksəlmişdir. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. 2003-cü ilin sonlarından başlayaraq, Prezident İlham Əliyevin tapşırıq və nəzarəti altında, diqqət və qayğısı nəticəsində Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşamış, şəhərin sənaye potensialı dəfələrlə artmışdır.
Beləliklə, tarixi şöhrətini bərpa edən Sumqayıt artıq yenidən regionun sənaye mərkəzinə çevrilmişdir. Hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir. “Azgüntex” zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsullar, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verir. O cümlədən “SOCAR Karbamid” və “SOCAR Polymer” kimi zavodların yaradılması nəinki Sumqayıtın,  respublikamızın iqtisadi həyatında mühüm hadisəyə çevrilmişdir. “SOCAR Polymer” layihəsi son 45 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Bu zavodların hər biri respublikamızın ixrac imkanlarının yüksəlməsinə, gəlirlərinin artmasına layiqli töhfələr verir. Bu müəssisələrin yaradılması həm də son illərdə Sumqayıtda əhalinin məşğulluğunu əhəmiyyətli dərəcədə  təmin etmişdir.
Hazırda ərazisi 583,5 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 23-ü fəaliyyət göstərir.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 35 faizi ixracın payına düşür. Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 milyon manatlıq hissəsi ixrac olunub.
Burada 6600-dən çox vətəndaş daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunur.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin dediyi kimi, Sumqayıt hazırda müasir sənaye mərkəzidir: “Bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir.
Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəllər Sumqayıt ekoloji fəlakət zonası idi. Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə insanların sağlamlığını nəzərə almışıq”.
Sumqayıt üzrə 2023-cü ilin 9 ayının makroiqtisadi göstəriciləri də həm şəhərin sənaye mərkəzi kimi inkişafından, həm də bütövlükdə Sumqayıtda sosial-iqtisadi inkişafla bağlı qarşıya qoyulan vəzifələrin tam yerinə yetirilməsindən xəbər verir. Belə ki, bu dövrdə ümumi məhsul buraxılışı  4 milyard 80 milyon manat  olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Bu dövrdə sənaye məhsulu  3 milyard 434,7 milyon manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11, 4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın həcmi 200 milyon manat təşkil  edib.
Bu ilin 9 ayında şəhərdə orta aylıq əməkhaqqı  850 manat  olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artım deməkdir. Müəssisə, idarə və təşkilatlarda 1121  yeni iş yeri açılıb. Şəhərdə ticarət dövriyyəsi  400 milyon manat təşkil edib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 22,6 faiz çoxdur.
Nail olduğu inkişafın nəticəsində artıq neçə illərdir ki, Sumqayıt özü özünü maliyyələşdirir, dövlət büdcəsindən dotasiya almır.
Onu da qeyd edək ki, 2003-cü ildə 327 min nəfərin yaşadığı Sumqayıtın indi 426 min nəfər əhalisi var. Bu artımın özü şəhərin iqtisadi və sosial inkişafının göstəricisidir.

Yaraşıqlı və abad şəhər

Sumqayıt müəyyən dövrlərdə əsl tikinti meydanını xatırladıb. Elə son illərdə Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə şəhərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada tamamilə yeni ab-hava yaranıb. Əsaslı tikinti və quruculuq meydanına çevrilən Sumqayıt sanki yenidən qurulub. Xüsusən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın görkəmi tamamilə dəyişib, şəhərdə yeni infrastruktur yaranıb. Hansı ki bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Möhtəşəm tikinti və quruculuq işlərinin nəticəsi kimi Sumqayıt respublikamızın  yaraşıqlı və abad şəhərinə çevrilmişdir. Eyni zamanda şəhərin yeni ünvanları yaranmışdır.
Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Muğam Mərkəzi, Sumqayıt Məhkəmə Kompleksi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, şəhər prokurorluğunun binası, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolundakı Bayraq Meydanı  Sumqayıtın yeni və möhtəşəm ünvanlarıdır.
Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilib, o cümlədən Olimpiya və Paralimpiya İdman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa olunub. Sumqayıtda “Kimyaçılar” Mədəniyyət Sarayının, Dram Teatrının, Tarix muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin, “Nizami” kinoteatrının binaları da əsaslı təmir olunub. Şəhərdə 2 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Son illərdə şəhərin bütün tibb müəssisələri də əsaslı təmir olunub.
1 saylı Şəhər Mərkəzi Xəstəxanası, 1 saylı doğum evi, 1 və 2 saylı qadın məsləhətxanaları, 1 və 4 saylı şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 saylı uşaq poliklinikası, 3 saylı şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub. 1 saylı uşaq poliklinikası, 2 saylı şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb.
1 və 2 saylı doğum evlərinin reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 saylı doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.
Sumqayıtın başqa bir möhtəşəm ünvanı isə dənizkənarı bulvardır. Şəhər dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Hələ 1974-cü ildə Sumqayıta şəhər statusunun verilməsinin 25 illiyi ilə bağlı Dram Teatrının inzibati binasında keçirilən mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev bu məsələyə toxunmuş, şəhərdə bulvarın salınması ilə bağlı arzusunu ifadə etmişdi.
Son illərdə Sumqayıtda həyata keçirilən quruculuq tədbirləri sırasında Ulu Öndərin bu arzusu da reallaşıb. Belə ki, şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində salınan və ilk olaraq uzunluğu 4,2 kilometr olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı Bulvardır. Daha sonra Sumqayıt bulvarı şəhərin şimal-qərb istiqamətində 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirilib. Beləliklə, bu istirahət məkanının sahəsi 106 hektara, uzunluğu isə 5,2 kilometrə çatdırılıb. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Park boyu 1 kilometr uzunluğunda yeni yol inşa olunub. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.
Bir neçə il əvvəl Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıt bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
Şəhərdəki Heydər parkı, Lüdviqshafen parkı, Sülh prospekti, Sahil küçəsi, ümumiyyətlə, bütün küçə və prospektlər  əsaslı təmir olunaraq yenidən qurulub.
Son dövr ərzində Sumqayıtda 3 məktəb üçün yeni bina tikilib.  2021-ci ilin sentyabrında istifadəyə verilən 1 saylı tam orta məktəbin yeni tikilmiş tədris binası 1800 şagird yerlikdir. Həmçinin şəhərin İnşaatçılar qəsəbəsində yerləşən 9 saylı tam orta məktəb üçün də yeni tədris binası tikilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. Sumqayıtdakı 20 saylı tam orta məktəb üçün bina isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Şəhərin 4-cü mikrorayon ərazisində inşa olunan 3 mərtəbəli məktəb binası 1100 şagird yerlikdir.
Sumqayıtda şəhər təsərrüfatının yenilənməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Şəhərdə çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri də liftlərin yenilənməsi ilə bağlı idi. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı da tamamilə yenilənib. Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsini təmin etmək üçün istismar müddətini ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz edilib.
426 min nəfərin yaşadığı Sumqayıtın əsas inkişaf göstəricilərindən biri də şəhərdə müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunmasıdır. Son illərdə şəhərin ictimai nəqliyyatı yenidən qurulub və marşrut xətlərinə Türkiyə istehsalı olan yeni avtobuslar buraxılıb.
Şəhərdə  həyata keçirilən tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Belə ki, bir neçə il əvvəl yaşayış binalarının fasadının əsaslı təmirinə və şəhərlə yaşıd olan binaların müasir qaydada üzlənməsi işlərinə başlanılıb. Təmir olunan binaların memarlıq görünüşü saxlanılıb, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənib. Fasadlama işləri zamanı binaların tarixi memarlıq elementləri, dizayn və naxışları olduğu kimi qorunub.  O cümlədən  1200-dən artıq yaşayış binasına yeni dam örtüyü vurulub. Binalara dam örtüklərinin vurulması ilə şəhər sakinlərini narahat edən daha bir əsas problem öz həllini tapıb.
Bir neçə il əvvəl Sumqayıt şəhərinin əsas problemlərindən biri də həllini tapıb. Söhbət “Acı dərə” kanalından gedir. Bu kanal şəhər əhalisi üçün çox böyük təhlükə mənbəyi idi. Ötən dövr ərzində aparılan quruculuq işləri çərçivəsində bu kanal boruya salınıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirir ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş edib. Eyni zamanda həyata keçirilən genişmiqyaslı uğurlu layihələr şəhərimizin simasını tamamilə dəyişib.

Prezidentin səfəri mühüm hadisələrlə əlamətdar oldu

Prezident İlham Əliyev bu il oktyabrın 23-də Sumqayıta səfər etdi. Dövlət başçısının bu səfəri həm şəhərin sənaye potensialının inkişaf etdirilməsi, həm də abadlığı və quruculuğu baxımından mühüm hadisələrlə əlamətdar oldu. Belə ki, Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin və “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlqoyma, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin və  “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışlarında iştirak etdi. Bu üç müəssisənin açılışı ilə  Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatdı.
Həmin gün Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.  Qeyd edək ki, ötən əsrin 60-cı illərində istifadəyə verilmiş və iki-üç min azarkeş üçün hesablanan bu stadion müasir tələblərə cavab vermirdi və azarkeşlərin çoxu yarışları yer darısqallığından canlı izləyə bilmirdi. Dörd tərəfi açıq olan stadion əhəmiyyətli futbol yarışlarını keçirən məkana da qətiyyən bənzəmirdi. Bir sözlə, yeni stadionun tikintisinə ehtiyac vardı. Bunu nəzərə alaraq Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə vəsait ayrılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sözlərinə görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamına əsasən, 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.
Yenidənqurmadan sonra stadionda tamaşaçı tutumu 9502 nəfərə çatdırılıb. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb. Bu kompleksdə cüdo, boks və karate zalları da fəaliyyət göstərəcək.
Şəhərin yeni ünvanlarından biri də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasıdır. Oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan 150 çarpayılıq xəstəxana 6,1 hektar sahədə inşa edilib. Bu səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb. Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir. Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün müasir cihazlar, habelə iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.

Sumqayıtlılar Vətən müharibəsində qəhrəmanlıq nümunələri də yaratdılar

3 il əvvəl Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın dövlətçilik tarixinin ən böyük hadisəsi oldu.
44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və hansı müasir döyüş imkanlarına malik olduğunu bütün dünyaya nümayiş etdirdi.  Sentyabr ayında həyata keçirilən antiterror tədbirlərində isə Qarabağdakı erməni separatizminə son qoyuldu.
Vətən müharibəsi ilk gündən sumqayıtlıların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Hələ 2020-ci ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra yüzlərlə vətəndaş könüllü olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində qeydiyyata düşmüşdü.
Həmin il sentyabrın 27-dən sonra isə könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən sumqayıtlıların sayı daha da artdı. Sumqayıt ictimaiyyəti həmin günlərdə döyüşə gedənləri alqış sədaları ilə yola salırdı. Bu döyüşlərdə neçə-neçə sumqayıtlı qəhrəmanlıq nümunəsi yaratdı. Onlardan 3 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, bir qismi yüksək orden və medallarla təltif olunub.
Ötən 3 ildə Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Şəhərin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.
Eyni zamanda döyüşlər zamanı yaralanmış Vətən müharibəsi qaziləri ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olur, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanır, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırırlar.
Sumqayıtda son illərdə aparılan abadlıq və quruculuq işləri şəhərin Şəhidlər xiyabanını da əhatə edib. 1992-ci ildə salınan Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Yenidən qurulan Şəhidlər xiyabanında “Qalib Əsgər” abidəsi ucaldılıb, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi ucaldılıb.

Möhtəşəm quruculuq şəhərdə yeni standartlar yaradıb

Prezident İlham Əliyevin qayğısı və diqqəti ilə Sumqayıt gündən-günə yüksəlir, tarixi şöhrətini bərpa edir, çoxsaylı inkişaf nümunələri yaradır. Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir. Ulu Öndər Heydər Əliyev də Sumqayıtı məhz belə görmək istəyirdi.
Sumqayıtda görülmüş işlərin həcmi və miqyası bir neçə onilliyə bərabərdir. Sumqayıtın siması qısa müddətdə çox dəyişib, modern bir şəhərə çevrilib.   Burada həyata keçirilən quruculuq işləri həm də şəhərin yeni standartlarının yaranmasına gətirib çıxarıb. Bu standartlar isə yaxın onilliklərdə dəyişməyəcək və öz möhtəşəmliyini 50-100 il saxlayacaq.
Sumqayıtda bir daha şahidi olduq ki, şəhərin inkişafı və quruculuğu davamlı və sürətlidir. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov əminliklə bildirir ki, şəhər “Heydər Əliyev İli”ni də böyük uğurlarla başa vuracaq: “Bu həm də bizim “Heydər Əliyev İli”nə layiqli töhfəmiz olacaq. Əminliklə qeyd etmək istəyirəm ki, Sumqayıtda dövlət başçısı cənab İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələr layiqincə yerinə yetiriləcək, şəhər ictimaiyyəti bu işə özünün böyük töhfəsini verəcək”.
Bütövlükdə, ötən 20 ilin mənzərəsi göstərir ki, şəhərin inkişafı olduqca möhtəşəm və sürətlidir.  Dövlət başçısının bu dövrdə Sumqayıta 33 dəfə səfər etməsi isə bu şəhərə olan xüsusi diqqətdən xəbər verir. Sumqayıtlılar bundan sonra da əməlləri ilə bu diqqətə layiq olacaq, şəhərin daha da inkişafı, dövlət başçısının müəyyən etdiyi vəzifələrin vaxtında və uğurla həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edəcəklər.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər