Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində ölkəmiz üçün tarixi, mədəni, mənəvi və strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi 44 günlük Vətən müharibəsi zamanı mühüm tarixi hadisə və şanlı hərbi qələbə kimi tariximizə qızıl hərflərlə yazldı. Şuşa şəhərinin işğaldan azad olunduğu gün-8 noyabr tariximizə Zəfər Günü kimi düşdü.
Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və bu tarix hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında qeyd olunur ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Əslində, elə Şuşa məsələsi prosesləri daha da sürətləndirmişdi. Belə ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra Şuşa məsələsində təxribat xarakterli addımları ilə seçildi. Onun Şuşanın işğalının 27-ci ildönümündə Şuşa şəhərinə qanunsuz səfər edərək Cıdır düzündə rəqs etməsi və Şuşada separatçıların “andiçmə mərasimi”nə qatılması müharibəni qaçılmaz etdi.
Təsadüfi deyil ki, müharibə dövründə, oktyabrın 10-da Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində bu epizodu xatırlayaraq dedi: “Azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”
Beləliklə, Vətən Müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaratdı. 44 günlük müharibə nəticəsində torpaqlarımız işğalçılardan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
Bu gün işğaldan azad olunmuş ərazilərimizdə yeni mərhələyə start verilib. Bu, inkişaf, quruculuq mərhələsidir. İnkişaf və quruculuq mərhələsində də əsas hədəflərdən biri məhz qısa müddət ərzində Şuşanın bərpa olunmasıdır.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlarımıza etdiyi hər bir səfər bu ərazilərin bərpa olunması prosesini daha da sürətləndirir. Bu baxımdan ölkə başçısının 2021-ci il 16 mart tarixində Şuşa şəhərinə etdiyi səfər mühüm əhəmiyyətə malikdir.
Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə artıq start verilib. Bu gün Şuşaya yollar çəkilir, tarixi və mədəni abidələr bərpa olunur, yeni infrastruktur layihələri reallaşdırılır, insanların rahat yaşayışını təmin etmək üçün bütün lazımı tədbirlər həyata keçirilir. Dövlət başçısının səfəri zamanı görülən işlərin xüsusi diqqət mərkəzində saxlanıldığını, bərpa işlərində hər bir detala diqqət yetirildiyini müşahidə etdik.
Bu səfərdə də ölkə başçısının bərpa prosesinə xüsusi həssaslıqla yanaşdığını, tarixi detalları diqqətdən kənarda qoymadığını, Şuşanın tarixi simasının qorunub saxlanılması üçün çalışdığını gördük. Ölkə başçısının Vaqifin məqbərəsində olarkən səsləndirdiyi fikirlər, təqdim etdiyi fotolar bir daha bunu təsdiq etdi: “Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik ”.
Azərbaycan Prezidenti bəyan etdi ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək: “Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır”.
Ölkə başçısı beynəlxalq ictimaiyyətə bir daha göstərdi ki, Şuşa bizim üçün sadəcə yaşayış məskəni deyil, Şuşa bizim mədəniyyətimizdir, tariximizdir, keçmişimizdir. Biz öz doğma vətənimizi, tarixi yurdumuzu qısa müddətdə bərpa edəcəyik, dirçəldəcəyik.
Cənab Prezident səfər zamanı hərbi əməliyyatlarla bağlı da önəmli açıqlamalar verdi. Ölkə başçısı qələbənin əsas səbəblərindən birinin uğurlu hərbi strategiya olduğunu vurğuladı. Şuşa əməliyyatının uğurlu keçməsi üçün Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olmuşdur. Səfər zamanı cənab Prezident bildirdi ki, Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb. Ermənistan statistikasına görə, müharibə dövründə təqribən 40-yaxın mülki şəxs həlak olmuşdur ki, onların da böyük əksəriyyəti hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. Hansı ki, döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycan yaşayış məntəqələrinə Ermənistan tərəfindən qadağan edilmiş silahlarla hücum nəticəsində 100-ə qədər dinc azərbaycanlı sakin həlak olmuşdur. Bütün bunlar dinc əhaliyə qarşı terror aktı, insanlıq əleyhinə yönəlmiş müharibə cinayətidir. Ermənilər mülki şəxslərin, azyaşlıların öldürülməsinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər bir səfər bölgənin inkişafı ilə yanaşı həm də regionda sülhün və əmin-amanlığın qorunub saxlanmasına xidmət edir. Bununla yanaşı bütün dünyaya verilən bir mesajdır ki, 30 il ərzində işğal altında olmuş ərazilərin əsil sahibləri artıq öz doğma yurdlarına geri qayıdıblar. Bundan sonra bu torpağın sahibləri – azərbaycanlılar işğaldan azad olunmuş ərazilərdə, eləcə də Şuşa şəhərində əbədi olaraq yaşayacaqlar.
Cəlal Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru