Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı: Bölgədə sülh və inkişafın yol xəritəsi

600

13 mart 2025-ci il tarixdə XII Qlobal Bakı Forumu keçirildi. Bu forum artıq ənənəvi bir beynəlxalq platformaya çevrilib və hər il dünya siyasətçilərini, diplomatları, akademikləri və ekspertləri bir araya gətirir. Bu ilki forumda Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlıq modeli, enerji siyasəti, COP29-un əhəmiyyəti və ölkəmizə qarşı yönəlmiş xarici təzyiqlərlə bağlı tarixi mesajlar verdi. Azərbaycan lideri çıxışında təkcə ölkəmizin qlobal siyasətdə artan rolunu vurğulamadı, həm də yeni geosiyasi reallıqlar fonunda ölkəmizin prioritetlərini və beynəlxalq əməkdaşlıq strategiyalarını aydın şəkildə ifadə etdi.

Qlobal Bakı Forumu artıq təkcə regional deyil, qlobal məsələlərin müzakirə olunduğu nüfuzlu bir platformadır. Prezident İlham Əliyev çıxışında bu Forumun beynəlxalq siyasətdə mühüm bir dialoq məkanı kimi rolunu vurğulayaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu uğurun əldə olunmasında mühüm pay sahibi olduğunu qeyd etdi. Bu mərkəz Azərbaycan diplomatiyasının effektivliyi və strateji düşüncəsinin bariz nümunəsidir. Məhz bu beynəlxalq institutun səyləri nəticəsində Qlobal Bakı Forumu təkcə Cənubi Qafqazın deyil, dünyanın müxtəlif bölgələrinin problemlərinin müzakirə olunduğu universal bir platformaya çevrilib.

Azərbaycanın ötən ilin noyabr ayında COP29-a ev sahibliyi etməsi də ölkəmizin qlobal siyasətdə yeni və dinamik bir oyunçuya çevrildiyini göstərdi. Prezident Əliyev çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin COP29-da fəal iştirak etdiyini və bu tədbirin uğuruna böyük töhfə verdiyini qeyd etdi. Mərkəz nəinki müzakirələrin təşkilatçısı qismində çıxış etdi, həm də COP29-a öz pavilyonu və müxtəlif panellərlə aktiv qatıldı. Azərbaycanın COP29-a ev sahibliyi etməsi təsadüfi deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz faydalı qazıntılarla zəngin olsa da, uzunmüddətli strategiyası bərpa olunan enerjiyə keçid üzərində qurulub. COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq etimad qazandığını və iqlim dəyişikliyi ilə mübarizədə ciddi öhdəliklər götürdüyünü sübut edir. 200-dən çox ölkənin yekdil qərarı ilə Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etməsi ölkəmizə olan hörmət və etimadın göstəricisidir.

Dünyanın bir çox enerji resurslarına malik ölkələri bərpa olunan enerjiyə keçidlə bağlı konkret addımlar atmaqda tərəddüd edirlər. Lakin Azərbaycan artıq bu istiqamətdə ciddi layihələr həyata keçirməkdədir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji istehsalı imkanlarının hazırda 8 giqavat olduğunu, lakin 2030-cu ilədək bu rəqəmin 14.5 giqavata çatdırılacağını bəyan etdi. Bu isə o deməkdir ki, ölkəmiz bərpa olunan enerji istehsalı baxımından qaz və neftdən asılılığı kəskin şəkildə azaldacaq və yaşıl enerji ixracçısına çevriləcək. Ölkəmiz artıq Avropaya enerji təchiz edən əsas oyunçulardan birinə çevrilib. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bu gün 12 Avropa ölkəsinə qaz ixrac edir və bu say artmaqda davam edəcək. Bundan əlavə, Qara dənizin dibi ilə yeni enerji kabeli çəkilərək Avropaya yaşıl enerjinin nəqlinə başlanacaq.

COP29 kimi böyük bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bəzi Qərb dairələrində narahatlıq doğurdu. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət ayırdı və bəzi Qərb media qurumlarının məqsədli şəkildə Azərbaycanı gözdən salmağa çalışdığını bildirdi.  “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico” kimi media qurumları Azərbaycana qarşı yalan informasiyalar yayaraq COP29-un uğurunu kölgə altına salmağa çalışdılar. ABŞ Dövlət Departamenti və Fransa hökuməti tərəfindən koordinasiya olunan bu kampaniya Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə hesablanmışdı.

Prezident Əliyev çıxışında vurğuladı ki, Azərbaycan bu cür dezinformasiyalara qarşı həmişə açıq və prinsipial mövqe tutub. Ölkəmiz öz milli maraqlarına əsaslanan siyasət yürüdür və hər hansı xarici qüvvənin təsiri altına düşmür. Forumda müzakirə olunan əsas məsələlərdən biri də Cənubi Qafqazda sülhün bərqərar olması və Ermənistanla münasibətlər idi. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib və bu proses geri dönməzdir.

İşğaldan azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi vəhşiliklər, urbisid (şəhərlərin məqsədli dağıdılması) və dini abidələrimizə qarşı edilən vandalizm aktları heç vaxt unudulmayacaq. Lakin eyni zamanda, Azərbaycan gələcəyə baxır və regionda davamlı sülhün əldə olunması üçün real addımlar atmağa hazırdır. Azərbaycanın irəli sürdüyü sülh sazişi layihəsi artıq müzakirə edilir və Ermənistanın bu prosesdə daha konstruktiv mövqe tutması zəruridir.

Prezident İlham Əliyev çıxışında ABŞ-la münasibətlərin son illərdə ciddi sınaqlarla üzləşdiyini qeyd etdi. Xüsusilə Dövlət Departamentinin Azərbaycana qarşı yürüdüyü siyasət və sanksiya qərarları münasibətlərin inkişafına ciddi maneələr törədib. Lakin buna baxmayaraq, Azərbaycan həmişə ABŞ ilə tərəfdaşlıq münasibətlərinə açıq olub və gələcəkdə konstruktiv əməkdaşlığın davam edəcəyinə ümid edir. Xüsusilə, yeni administrasiyanın hakimiyyətə gəlməsi ilə ABŞ-Azərbaycan münasibətlərinin normallaşması gözlənilir.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın beynəlxalq siyasətdə getdikcə daha mühüm rol oynadığını bir daha sübut etdi. Ölkəmiz təkcə regional lider kimi deyil, həm də qlobal məsələlərin həllində fəal iştirak edən bir dövlət kimi öz mövqeyini möhkəmləndirməkdədir.

Azərbaycan enerji siyasətindən iqlim dəyişikliyi ilə mübarizəyə, geosiyasi çağırışlardan beynəlxalq əməkdaşlığa qədər müxtəlif sahələrdə mühüm təşəbbüslər irəli sürərək dünya düzəninin yenidən formalaşmasında aktiv iştirak edən bir dövlətə çevrilib. Prezident İlham Əliyevin bu forumdakı çıxışı isə Azərbaycanın bu strateji yolunu daha da aydın şəkildə nümayiş etdirdi.

Namiq Əliyev, Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər