Sənaye potensialımızın inkişafı ilə bağlı keçən ilin göstəriciləri çox müsbətdir. Sənayenin qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb. Bütün bu işlərin təməlində düşünülmüş siyasət dayanır.
sumqayitxeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılmasının geniş vüsət aldığını deyən dövlətimizin başçısı qeyd edib ki, nəinki Sumqayıtda, indi Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də bu proses gedir. “Bu günə qədər bizim sənaye parklarımızda 67 rezident var. Onlardan 40 rezident artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 milyard manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu proses davam etdiriləcək. Bu il də sənaye zonalarının yaradılması nəzərdə tutulur”, – deyə Prezident diqqətə çatdırıb.