Prezidentdən o görüşdən sonra növbəti sərəncam – Sumqayıt Teatrına pul ayrıldı

1213

Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sumqayitxeber.com xəbər verir ki, sərəncamda bildirilir:

“Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynayıb. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə edib. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, teatrların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılsın”.

Xatırladaq ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva martın 1-də bir qrup sənət adamı ilə görüşmüşdü. Görüşdə sənət adamlarının təkliflərini nəzərə alan dövlət başçısı kinematoqrafiyanın inkişafı üçün Mədəniyyət Nazirliyinə 5,0 (beş) milyon manat ayrılmasına dair sərəncam vermişdi. Bundan başqa, prezident aktrisa Afaq Bəşirqızının teatr işçilərinin maaşlarının azlığı ilə bağlı qaldırdığı məsələni nəzarətə götürərək teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlanması və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasına dair tapşırıq vermişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər