Prezidentin 1 illik sosial siyasəti: 3 milyon vətəndaş, 2,2 milyard manat…

1220

3 milon vətəndaşa yönəlik çoxsaylı qərarlar, 2.2 milyard manat ayırmalar…

Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərinin  bir ili tamam olur. Bu müddət ərzində ölkə daxilində həyata keçirilən siyasətin mühüm bir istiqaməti sosial təminat və sosial müdafiə ilə bağlı olub.

Seçkilərdən sonra prezident İlham Əliyevin imzaladığı ilk fərman şəhid olmuş hərbi qulluqçulara görə birdəfəlik sığorta haqqının ödənməsi barədə olub. Bu fərmanın icrası nəticəsində 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən bu günədək artıq 6200-ə yaxın şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər. Bu fərmanın icrasına dövlət büdcəsindən 135 milyon manat vəsait ayrılıb.

Bundan əlavə, ötən il dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ildə əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair Sərəncam imzaladı. Nəticədə  2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edildi və bu vaxta qədər mənzillə təmin edilənlərin sayı 6 654-ə çatdı.

Картинки по запросу Qarabağ müharibəsi əlilləri üçün mənzillərin   alınması

Bu ilin yanvarında isə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin   alınması  məqsədilə daha 35 milyon manat ayrılıb. 2019-cu ildə  azı 800 mənzil həmin insanlara təqdim ediləcək. Martın 18-də imzalanan sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır.

Yanvar ayında şəhid ailələri ilə görüşdən sonra imzalanan prezident fərmanıyla şəhid ailəsi üçün Prezidentin  aylıq təqaüdü 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdü 21 fevral 2019-cu il tarixli fərmanla 220 manatdan 300 manata çatdırılıb.

Dövlət başçısının təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi fevralın 19-da Milli Məclisdə qəbul edildi. Fevralın 27-də ölkə prezidenti tərəfindən təsdiqlənən qanunla minimum pensiya məbləği martın 1-dən orta hesabla 40 faiz artırıldı. 233 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma səbəb olan və həmin artımların edilməsi üçün illik əlavə 49 milyon manatın ayrılmasını nəzərdə tutan bu mühüm addım nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə minimum pensiyanın məbləğinə görə artıq MDB məkanında ilk iki yeri bölüşür. Həmçinin bununla minimum pensiya məbləği ölkəmizdə pensiyaçılar üçün müəyyən olunan yaşayış minimumunu (149 manat) 7,3 faiz üstələyir.

Ölkədə həyata keçirilən sosial islahatlar paketinin icrası sahəsində daha bir addım minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrılacaq. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım eyni zamanda qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına öz müsbət təsirini göstərir.

Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli sərəncamla  600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün  Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir.

Картинки по запросу Qarabağ müharibəsi əlilləri üçün mənzillərin   alınması

Eyni zamanda 2019-cu il 26 fevral tarixli sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət  50 faiz artırılaraq  60 manata çatdırıldı, 14 fevral 2019-cu il tarixli Sərəncamla isə 110 minədək  tələbənin  təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu.

Prezidentin fiziki şəxslərin problemli kredit məsələsinin həllinə dövlət dəstəyini nəzərdə tutan 28 fevral tarixli fərmanı 800 min nəfərə yaxın insanı əhatə edir. Onların devalvasiya nəticəsində üzləşdikləri zərərin qarşılanması üçün dövlət büdcəsindən 600 milyon manat kompensasiya ödəniləcək.

Картинки по запросу Qarabağ müharibəsi əlilləri üçün mənzillərin   alınması

Prezident İ.Əliyevin sosial əhəmiyyətli daha bir qərarı çoxmənzilli yaşayış binalarının istismara qəbul olunması ilə bağlıdır. Bu fərmanla Bakı şəhərində 400-dək bina istismara qəbul olunacaq ki, bu da 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət edir.

Beləliklə, ölkə rəhbərinin yalnız bu ilin 3 ayında qəbul etdiyi sosial xarakterli qərarlar ölkə üzrə 3 milyon nəfərə yaxın insanın sosial problemlərinin həllinə yönəlib. Bu istiqamətdə dövlət büdcəsindən 2,2  milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur.  Bütün bunlar göstərir ki, prezident İ.Əliyevin əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik siyasəti bundan sonra da davam etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər