Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək idarəçiliyi, qətiyyəti və siyasi iradəsi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandıq. Mənfur düşmənin tapdağı altında qalan torpaqlarımızın işğalına son qoyuldu, 30 illik Vətən həsrətimiz sona çatdı. Bu Zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.
İndiki və gələcək nəsillərin xoşbəxtliyi üçün atılan bu addımı xalqımız böyük qələbə sevinclə qeyd edir. 30 ilə yaxın müddətdə işğal altında olan hər bir kənd və şəhərimizin azad edildiyi gün böyük qürur hissi ilə qeyd olunur. Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Qalib ölkənin vətəndaşı olmaq böyük şərəfdir, xoşbəxtlikdir.
Qısa müddət ərzində işğaldan azad olunan torpaqlarımızda ötən bir il ərzində böyük quruculuq işləri həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər, Qarabağın dirçəlişi ürəyimizi dağa döndərir. Bu, ölkə başçısının Vətənə bağlılığının və yüz minlərlə soydaşımızın vətənə qayıtmaq arzusuna verdiyi dəyərin göstəricisidir. Şanlı Zəfərimiz, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurmavə bərpa işləri Azərbaycanın nə qədər güclü, qüdrətli dövlət olduğunu bir daha təsdiqləyir.
Şəhər və qəsəbələrimizin işğaldan azad edilməsinin ildönümündə Prezident İlham Əliyevin Mehriban xanımla birlikdə bu yerlərə səfərləri, ictimaiyyətlə görüşləri xalqımızda tərəfindən böyük rəğbətlə və minnətdarlıqla qarşılanır.
Azad edilmiş ərazilərdə qısa müddətdə böyük quruculuqa işləri reallaşdırılır. Ölkə başçısının Füzuli rayonunun azad olunmasının ildönümündə səfəri zamanı bir daha bunun şahidi olduq.
17 oktyabr tarixini Azərbaycan xalqı heç vaxt unutmayacaq və bu tarix hər zaman böyük qürur hissi ilə xatırlanacaq. Çünki 27 ildən sonra oktyabrın 17-də Füzuli işğalçılardan azad edildi.
44 günlük Vətən müharibəsi zamanı Füzuli şəhərinin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Cəbrayıl və Hadrutdan sonra işğaldan azad olunan üçüncü böyük yaşayış məntəqəsi məhz Füzuli şəhəri oldu. Füzuli uğrunda şiddətli döyüşlər aparıldı və bir neçə gün şəhər ətrafında çox ciddi əməliyyatlar həyata keçirildi. Düşmənin müqavimət göstərməsinə baxmayaraq rəşadətli Azərbaycan ordusu öz tarixi missiyasını yerinə yetirdi.
Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox möhkəm istehkamlar, bir neçə istehkam xəttindən ibarət müdafiə xətti yaratmışdı.
Otuz il ərzində qurulmuş istehkamların yarılması xalqımızın böyük qəhrəmanlığını və fədakarlığını bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu.
Onu da qeyd edək ki, Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə – sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır.
Prezident İlham Əliyev 2021-ci il 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bir çox mühüm məqamlara toxundu, Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbədən, həyata keçirilən quruculuq işlərindən danışdı.
Vurğulandı ki, həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu.
Bildirildi ki, Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı bildirdi ki, ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb: “Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır”
Qeyd olundu ki, ötən illər ərzində Füzuli rayonunun Azərbaycanda olan hissəsinin inkişafı ilə bağlı genişmiqyaslı işlər həyata keçirilib. İşğal dövründə Füzuli rayonunun azad olan ərazilərində12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət edib. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görülüb. Horadiz qəsəbəsinə şəhər statusu verilib və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edilib. Böyük sosial infrastruktur layihələri icra edilib – 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görülüb.
Bu gün də bu istiqamətdə işlər uğurla davam edir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməyib. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açılıb və ikinci yarımstansiyanın təməli qoyulub. Qısa müddət ərzində yollar çəkilib. Hazırda Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyulub. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə biləcəklər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısı rolunu oynayacaq.
Dövlətimizin başçısı səfər zamanı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoydu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular. Eyni zamanda Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin və ilk yaşayış binalarının təməli qoyuldu. Daha sonra Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoydu.
Ölkə başçısı çıxışında bildirdi ki, “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi salınacaq: “Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır”.
Beləliklə, görülən işlərə nəzər saldıqda bir daha görürük ki, digər rayonlarımızla yanaşı Füzuliyə də həyat qayıdır. İnanırıq ki, qısa müddət ərzində hər bir kənd və şəhərimiz, eləcə də Füzuli şəhəri, rayonun kəndləri çiçəklənəcək.
Mətanət Pirquliyeva, Əməkdar müəllim