Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətləri dinamik şəkildə inkişaf edir. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük təkan verəcək. Prezident İlham Əliyevin Gürcüstana səfəri və bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında səsləndirilən fikirlər böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur.
İki ölkə arasındakı qarşılıqlı sərmayələr əməkdaşlığı dhaa da gücləndirir
Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirdi ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır.
Ölkə başçısı vurğuladı ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.
Azərbaycan dünya bazarlarına qaz ixracını artırmaq niyyətindədir
Dövlətimizin başçısı Azərbaycanın gələcək hədəfləri ilə bağlı da mühüm açıqlamalar verdi. Bildirdi ki, Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılırki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.
Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər.
Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək bildirdi ki, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.
Azərbaycan sülh və regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir
Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin sülh və regional əməkdaşlıq təşəbbüsləri ilə bağlı məsələlərə toxunaraq bildirdi ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycanın niyyəti bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır.
Prezident İlham Əliyevin Gürcüstan səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açdı. Müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına əsaslanaraq deyə bilərik ki, iki ölkə arasında dostluq, qardaşlıq əlaqələri üçün yeni mərhələ başlayıb. Bundan sonra da Azərbaycan və Gürcüstan arasındakı münasibətlər inkişaf edəcək və ümumilikdə regionun inkişafına töhfə vermiş olacaq.
Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor