“Ölkədə ciddi sosial-iqtisadi islahatlar aparılır. Bu şəraitdə iqtisadiyyatın əldə etdiyi mühüm uğurlar da var. Amma uğurlarla yanaşı, müəyyən əngəllər və barıyerlər də mövcuddur. Onlardan biri korrupsiya və rüşvətxorluq, eyni zamanda, şəffaflığın artırılması ilə bağlı qarşımızda duran çağırışlardır”.
Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirə ilə bağlı Azvision.az-a şərhində deyib.
Deputat bildirib ki, müşavirə üç mühüm bölmədən ibarət idi: “Birincisi ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Biznesin aparılması, ölkənin potensialı, dövlət orqanlarının gələcəyə baxışlarıdır. Azərbaycan qlobal rəqabətlilik qabiliyyətliliyi hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox – 11 pillə irəliləyən ölkə olub. Bundan əvvəl Azərbaycanın “Doing Bussines”də də dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması, əslində o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin yaradılıb”.
T.Mirkişili əlavə edib ki, ikinci istiqamət yaradılan bütün bu zəmindən sonra ölkədə yaranmış müvafiq iqtisadi artım, onun rəqəmləri ilə bağlı prezidentin etdiyi çıxış idi: “Burada diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə Azərbaycanda rekord artım göstəriciləri müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15 faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Düşünürəm ki, bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir. Bununla yanaşı, ümumilikdə belə bir yanaşma var ki, bizim ehtiyatlarımız kifayət qədərdir, iqtisadiyatımız daha çox böyüyə bilər. Əslində aparılan iqtisadi islahat və yaranmış biznes mühiti iqtisadiyatımızın bütün sektrolarının daha sürətli və daha çox artmasına əslində imkan yaradır. Sadəcə, buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatları mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə, bu ehtiyatları bir-birilə uzlaşdırmaqla, həm ümumi daxili məhsulda, həm qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür”.
Deputat qeyd edib ki, iqtisadi inkişafın daha sürətli, eyni zamanda iqtisadiyyatın həcminin daha çox artmasına əngəl törədən amillərdən biri korrupsiya və rüşvətxorluqdur: “Dünyada qəbul olunmuş belə bir qayda var ki, korrupsiya və rüşvətxorluq bütövlükdə iqtisadiyyatın inkişafının sürətini ləngidən, səmərəliliyi aşağı salan ən mənfi göstəricilərdən biridir. Ona görə də bu amilə qarşı sərt mübarizə aparılması və cənab prezidentin bir daha kifayət qədər açıq və sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir ki, Azərbaycanda buna qarşı aparılan mübarizə daha da gücləndiriləcək. Düşünürəm ki, həm yeni mexanizmlərin yaranması, həm yeni fakt araşdırıcı, elektronlaşma mexanizmlərinin tətbiqi, şəfflığın artırılması korrupsiya və rüşvətxorluğun dairəsini xeyli azaldacaq”.
Gənc kadrlara meydan verilməsi ilə bağlı məsələyə gəlincə T.Mirkişili deyib: “Əslində Azərbaycanda bu proses gedir və müsbət nəticələrini cənab prezident də qeyd etdi. Həm vergilər, həm sosial müdafiə sistemində yeni kadrlarla əvəzlənmə effektivliyin nə dərəcədə artırılmasını göstərdi. Həm şəffaflıq, həm bütövlükdə vergilərin könüllü şəkildə ödənilməsi səviyyəsi, həm də insanların inamı artdı. Sosial müdafiə sahəsində həyata keçirilən kadr islahatından sonra bütövlükdə insanların minumum əmək pensiyalarını həcmini yüksək səviyyəyə qaldırmaq, oradakı bir sıra qeyri-qanuni halların qarşısını almaq mümkün oldu. Təcrübə göstərir ki, bir çox hallarda kadr islahatları həmin sahədə kifayət qədər böyük inkişafa və qeyri-şəffaf halların aradan qaldırılmasına səbəb ola bilir. Ümumilikdə gənc kadrlarla əvəz olunma Azərbaycanda gedən prosesdir və cənab prezidentin siyasətində bu hər zaman var. Düşünürəm ki, proses daha sürətlənəcək”.
Deputatın sözlərinə görə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Əslində aparılan bütün iqtisadi islahatlar, atılan addımlar son nəticədə ölkə vətəndaşının daha yaxşı və təhlükəsiz yaşamasına xidmət edir.
“Təsadüfi deyil ki, növbəti ilin büdcəsinin xərclərinin böyük bir hissəsi sosial xərclərlə bağlıdır. Əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması və ya sosial qayğıya ehtiyacı olan insanların əhatə dairəsinin genişləndirilməsi növbəti ildə büdcədə 3.7 milyard manat əlavə xərclərə səbəb olub. Amma bunun gəlir hissəsi də var. Aparılan iqtisadi islahatlar ölkə büdcəsinə əlavə yeni gəlirlər mənbələrini müəyyən edir.
Məsələn, bu ilin 9 ayı ərzində büdcəyə əlavə olaraq 700 milyon manat daxil olub ki, bu vəsaitin bütövlükdə hamısı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və onların sosial təminat səviyyəsinin artmasına xidmət edir. Bunu birmənalı demək lazımdır ki, Azərbaycanda atılan bütün addımlar, həyata keçirilən islahatlar dövlət mexanizmlərinin effektivliyinin, şəffaflığın artırılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin son nəticəsi vətəndaşın maddi rifah halının daha da yaxşılaşdırılması, onların daha yaxşı yaşaması, təhsil alması, səhiyyə xidmətləri ilə təmin olunmasından ibarətdir”, – deyə T.Mirkişili vurğulayıb.
Xatırladaq ki, oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Ölkə başçısı müşavirədə çıxış edərək bir sıra məsələlər barədə fikir bildirib. Prezident həmçinin, aşkar edilən bəzi nöqsanlardan söz açaraq, bu kimi xoşagəlməz halların aradan qaldırılmasını tapşırıb, dövlət məmurlarına ciddi göstərişlər verib.