Prezidentin valideynləri

1347

Prezidentlər necə olurlar? Ümumiyyətlə, necə məşhur, uğurlu, sözükeçərli, bir sözlə, necə lider olmaq olar?… Lazımlı xüsusiyyətləri sadalamaqla heç kimi təəccübləndirmərəm. Əlbəttə, genlər, əlbəttə, istedad, bundan əlavə, öz üzərində uzunmüddətli və inadkarcasına iş və nəhayət, ailədəki düzgün tərbiyə, valideynlərin nümunəvi davranışları. Bu səbəblər olduqca adi görünə bilər, amma daha yaxşısı hələ düşünülməyib.

Azərbaycanın gələcək prezidenti İlham Əliyevin valideynləri həqiqətən sıradan deyildilər:

Heydər Əliyev – respublikanın partiya, daha sonra isə nəhəng Sovet ölkəsinin rəhbəri, XX əsrin qəbul olunmuş dünya lideri.

Zərifə Əliyeva – Sovet İttifaqında və bir çox digər ölkələrdə tanınmış alim, oftalmalogiyada yeni istiqamətin – iridodiaqnostikanın yaradıcısı, akademik…

Bütün bu titullara baxmayaraq, Zərifə və Heydər həyatda sadə, əlçatan, təvazökar insan olaraq qalırdılar. Zərifə xanımı tanıyan hər kəsdən eyni sualı soruşurdum: “O, necə idi?”

Bir qayda olaraq cavab belə olurdu: “Çox sadə”.

Məhz bu ali sadəlik etalonu əsl ziyalını fərqləndirən cəhətdir. Danışırlar ki, o vaxtlar hər hansı rəsmi tədbirlərdə, Lenin adına Saraya Mərkəzi Komitənin birinci katibinin xanımı diqqəti cəlb etməmək üçün ya hamıdan əvvəl gəlib boş zalda oturardı, ya da zalın dolu olduğunu görsəydi yuxarı cərgələrdən sakitcə öz yerinə tərəf yaxınlaşardı. Zərifə xanım diqqəti özünə cəlb etməyi sevmirdi.

Heydər Əliyevin gün ərzində 24 saat (nahar və şam fasiləsi olmadan) işləməyinin canlı şahidiyəm. Amma Zərifə xanımın öz sevimli işinə fanatikcəsinə sədaqəti barədə az danışılıb. Buna görə də Heydər Əliyevin mühafizə rəisi Aleksandr İvanovun danışdıqlarını nəzərinizə çatdırmaq istəyirəm:

“O, öz işinin fanatiki idi. “Gənclik”dəki iqamətgahda Zərifə xanım dovşan saxlayırdı və onların üzərində hansısa oftalmoloji təcrübələr aparırdı… Bu, ona lazım idi? Əri Politbüro (Sov.İKP.MK-nın Siyasi Bürosu nəzərdə tutulur) üzvlüyünə namizəd, özü isə dovşan saxlayır. Hələ onun Şin zavoduna getməyini demirəm. Orada kabineti var idi, insanları orada qəbul edirdi. İşçilər elə iş paltarındaca yanına gəlirdilər. Hərdən istəyirdim direktora deyim ki, onun otağının ağzında bir boks yaradın, işçiləri sanitarlar təmizləsin ki, kirli paltarlarda onun yanına gəlməsinlər.

Zərifə xanım buna fikir vermirdi, bütün günü o işçilərlə məşğul olurdu. Müayinə edirdi, müalicə edirdi”.

Yersiz iddiaları olmayan, gözəgörünən deyil, təbii olan təvazökarlıq, bəzən də asket həddinə çatan H.Əliyevin yaşam tərzi dillərdə məsələ çevrilib. Bax, belə ciddi və nizamlı atmosfer Heydər Əliyevin ailəsində və uşaqların tərbiyəsində hökm sürürdü. Heç yadıma gəlmir ki, MK-nın birinci katibinin özü və ya yaxınlarının şəxsi həyatı haqqında söz-söhbət, şayiə gəzsin.

Birincisi, Heydər Əliyev və onun həyat yoldaşı insanlar üçün açıq idi. Həmişə camaatın gur yerində idilər, ikincisi də onların həyat tərzi imkan vermirdi ki, hansısa şayiə yaransın.

Bütün bunlar böyük tərbiyəvi rol oynayırdı və cəmiyyətin mənəvi ab-havasına müsbət təsir edirdi.

Bu, hakimiyyətin zirvəsində duran, bütünlüklə ondan bəhrələnən, amma bir dəfə də olsun, öz şəxsi mənafeyi naminə bu səlahiyyətlərdən istifadə etməyən Heydər Əliyevə də şərəf gətirirdi.

***

Bir dəfə uşaqlar balaca olanda Zərifə xanım işə gəlib öz rəfiqəsi ilə söhbətləşdi:

“ – Zara (Zəhra Quliyeva, oftalmoloq alim. 70-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin rektoru) biz dünən Heydər Əliyeviçlə uşaqları necə böyüdəcəyimizdən danışırdıq. Biz onları necə tərbiyə edəcəyik? Bu, axı böyük məsuliyyətdir…

Mən güldüm:

– Sən nə danışırsan Zərifə, sən də, o da ali savadlı insanlarsınız. İnanıram ki, sizdə uşaqlarla bağlı heç bir problem olmayacaq.

Və indi mən onları görəndə, xüsusən də İlhamı, düşünürəm ki, o, öz uşaqları ilə necə fəxr edərdi”.

Heydər Əliyev həddən çox işgüzar idi, lakin bununla belə o, işindən başqa heç bir şeyə maraq göstərməyən birisi deyildi. Onun üçün birinci yerdə ailə – həyat  yoldaşı və uşaqları idi. Onlarla birgə o, hədsiz xoşbəxt idi. Mənim fikrimcə, o, onlarsız bir gün də yaşaya bilməzdi. Hər halda, Moskvaya iş dalınca – plenumlara, sessiyalara, iclaslara – gedəndə Heydər Əliyev əksər hallarda Zərifə xanımı da özü ilə aparırdı. Zərifə xanım isə uşaqları özü ilə götürürdü. Çünki onlarsız qala bilmirdi. Beləcə onlar bütün ölkəni bir yerdə gəzirdilər.

Heydər Zərifəsini çox sevirdi. Zərifə isə onu həyatından da çox istəyirdi. Bu sevgi ailəyə parlaq nur bəxş etmişdi. Məhəbbət ab-havasında böyüyən uşaqlar həmişə istedadlı olurlar…

***

Heydər Əliyevin vəzifəsi ilə bağlı bitib-tükənməyən işlərinin olmasına baxmayaraq  uşaqlarla oynamağa, onlarla birgə idmanla məşğul olmağa, hətta oğlunu bağçaya aparmağa vaxt tapırdı. Dövlət Təhlükəsizlik orqanlarının veteranı Əkrəm Səlimzadə danışırdı ki, onlar hər ikisi uşaqlarını DTK-nın bağçasına aparanda tez-tez qarşılaşırdılar:

“Heydər Əliyev olduqca təvazökar insan idi və uşaqlarını çox istəyirdi. İlhamın 5-6 yaşı olardı, dəhşət dəcəl idi. Oğlum Pərvizlə bir qrupa  gedirdilər. Bağça köhnə sirklə üzbəüz idi.

Heydər Əliyeviç hərdən İlhamı ora piyada gətirirdi. Mən də həmçinin.  Bir dəfə o, İlhamı gətirdi, mən də Pərvizin paltarını dəyişirdim. Uşaqlar başladı bir-birini dartışdırmağa, papaqlarını çıxarmağa, əvvəl İlham, sonra Pərviz. Heydər Əliyeviç gülürdü:

– Ay sizi dəcəllər! Bizim yanımızda özünüzü belə aparırsınızsa, görün biz olmayanda nələr törədirsiniz.

… Heydər Əliyev əsl idman insanı idi. Hər səhər gimnastika ilə məşğul olurdu. Xeyli üzür, sürətli addımlarla gəzirdi. Onun idman cüssəli görünüşü, həmçinin, idmana sevgisi irsən indiki prezidentə də keçib. İlham Əliyevin duruşu ildən-ilə daha mükəmməl, daha gözəl, onun respublikasının idman uğurları isə daha parlaq, daha sanballı olur.

… H.Əliyevin silahdaşları onu uşaqlarının necə sadə geyinməsini həmişə xatırlayırlar. Halbuki, bu uşaqlar o dövrün ən dəbli xarici paltarlarını geyinə bilərdilər. Bu da valideynlərin daxili mədəniyyətindən irəli gəlirdi. Onlar ümumi qıtlıq şəraitində yaşayan öz həmvətənlərindən seçilmək istəmirdilər.

O vaxt Sovet dövründə Heydər Əliyev öz uşaqlarını ərköyün böyüdən, onlara bahalı saat və maşın hədiyyə edən, məktəbi bitirər-bitirməz institutlara daxil etdirən bəzi məmurları tənqid edəndə buna mənəvi haqqı var idi. İlhamın heç vaxt şəxsi maşını olmayıb, nə atası MK-nın birinci katibi, nə də Politbüronun üzvü olanda. Yalnız Heydər Əliyev istefaya gedəndə özündə güc tapıb ailəsinə “Volqa” maşını ayrılmasını xahiş etdi. Beləliklə, gələcək prezident 26 yaşında MQİMO-da müəllim olarkən şəxsi maşına sahib oldu.

… Heydər Əliyev İlhamı təkcə Moskvaya və ya xarici səfərlərə aparmırdı. Uşaq vaxtlarından o, oğlunu hərbi hissələrə aparırdı. Respublikanın rayonlarının həyat tərzi ilə tanış edirdi, pambıq tarlalarında, üzüm plantasiyalarında qızmar günəşin altında özü ilə birlikdə gəzdirirdi. Partiya iclaslarını, zona müşavirələrini də (xüsusən də yayda tətildə olanda) İlham müşahidə edərdi. Buna görə də İlham Əliyev lap gəncliyindən xalqın içində olmağa alışdı, Respublikanın iqtisadi və təsərüffat problemləri ilə tanış oldu, əyani şəkildə Azərbaycan dilinin incəliklərini öyrəndi. Bu gün də atasının ənənəsini davam etdirib bir yerdə durmur, səfərbər olaraq ölkəsinin bütün rayonlarını gəzir, hər problemlə maraqlanır. Bununla da Azərbaycanın məmur elitasını xalqın problemlərinin həlli ilə bağlı daim gərginlikdə saxlayır.

… Heydər Əliyev öz xanımı ilə fəxr edirdi. Onun elmi potensialından xəbərdar idi və irəli getmək istəyini hərtərəfli dəstəkləyirdi. Hərdən də Zərifə xanımı qınayırdı ki, evə, ailəyə çox vaxt ayırır, işinə isə – az. Yaxınları xatırlayır ki, onların mübahisəsi ancaq bu zəmində olurdu. Heydər Zərifəyə deyirdi ki, tempini itirməsin, öz elmi araşdırmalarını davam etdirsin. Onun həyatda ən xoşlamadığı şey – öz xanımını yalnızca nümunəvi evdar qadın kimi görmək idi.

Kişilərdə çox nadir rast gəlinən bu keyfiyyət bu gün prezident İlham Əliyevin xanımına münasibətdə də özünü büruzə verir. Axı belə hallar çox olur ki, güclü cinsin nümayəndələri öz zərif yoldaşlarının biznes, siyasi, ictimai fəaliyyətdəki uğurlarını ya qısqanırlar, ya da sadəcə, buna ironik yanaşırlar.

Məhz İlham Əliyevin dəstəyi və hörməti ilə Mehriban xanım özünün yüksək potensialını və təşkilatçılıq qabiliyyətini nümayiş etdirə bildi və onun mədəni, sosial, humanitar layihələri ölkə hüdudlarından kənarda da böyük əks-səda doğurur.

Heydər və Zərifə həmişə bir yerdə idilər. Evdə də, insanlar arasında da. Yeri gəlmişkən, SSRİ-nin partiya liderləri arasında məhz Heydər Əliyev ilk dəfə olaraq həyat yoldaşı Zərifə xanımı o dövrün bütün protokol tədbirlərinin bərabərhüquqlu iştirakçısı etməklə onu birinci xanım statusuna gətirdi. Bu, ailə ənənəsini yeni minillikdə və yeni keyfiyyətdə indiki prezident davam etdirir.

İlham və Mehriban demək olar ki, həmişə bir yerdədirlər: kübar qəbullarda da, dünya liderlərinin iqamətgahlarında da, Qarabağ müharibəsi veteranının kasıb kənd evində də. Onlar əl-ələ tutub həyat yolunda birlikdə irəliləyirlər. Bu da onların birgə uğurlarının əsas səbəbidir.

***

İlham Əliyevə valideynlərinin genləri ilə çox şey ötürülüb. Atasından ona təkcə hündürboyluluq və pərvazlı yeriş yox, həm də parlaq natiqlik istedadı, xarici dil vərdişləri, güclü analitik düşüncə və öncəgörmə qabiliyyəti keçmişdir. Həmçinin, siyasi qərarların qəbulunda nümayiş etdirdiyi qətilik və öz ölkəsinin milli maraqlarının qorunmasındakı prinsipiallığı da ona genetik keçib.

O, Zərifə xanım kimi yerini bilən ziyalıdır və Heydər Əliyev kimi sirayətedici gülüşə malikdir. O da atası kimi, ailəsini sevir, qoruyur və anası kimi uşaqlarının üstündə əsir. Və ailəyə qarşı olan bu müqəddəs sevgi nəcib əməllərdə əks olunaraq bütün respublikaya işıq saçır.
Prezidentin valideynləri… Onlar oğluna genetik olaraq çox şey ötürüblər, amma çox şey də tərbiyə ediblər. Sözlə, tənbehlə deyil, ilk növbədə şəxsi nümunə ilə… Və yəqin ki, ən böyük dərsləri hər yerdə və bütün hallarda İNSAN kimi qalmaq dərsidir. Bu cəhət isə indiki prezident tərəfindən əla mənimsənilib.

Elmira Axundova, publika.az
yazıçı, publisist, Azərbaycanın əməkdar jurnalisti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər