Hələ də valideynlərin çoxu, xüsusən analar abituriyent balalarının başının üstündə dayanıb öz hegemonluqlarını davam etdirirlər. “Övladım ən yüksək balı toplayıb instituta daxil olmalıdır, toplamasa, canını alaram”, – deyə.
Övladın təhsilinə qoyulan sərmayə əbəs olmur, amma övladının da hansı peşə arxasınca getmək istəyini soruşan az sayda valideyn var. Bu “bəla” təzə deyil, ötən əsrdən bu günə ötürülən miras-bəladır. İllərdir, tək dəyişməyən bir həqiqət var – insanların çoxu diplomu elə diplom olsun deyə alır, ya da oxuyub alır. İxtisasını, sənətini sevəni işindən edirlər, çoxu da öz işindən başqa hər işi görür…
AYNA-nın həmsöhbəti Mətin Məmmədov – 46 yaşlı Sumqayıt sakinidir. Yaşadığı ərazidə onu yaxşı ayaqqabı ustası kimi tanıyırlar. Əslində, Mətin istisasca ali təhsilli hüquqşünasdır, “Azərbaycan” Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olub. Bəri başdan qeyd edim ki, söhbətin məğzi “diplomlu işmi, yoxsa sevdiyin işin arxasınca getməkmi” məsələsidir. Beləliklə:
– Mətin öz təhsil aldığı peşə üzrə işləmək hüququndan niyə imtina edib?
– 1992-ci ildə universitetə öz istəyimlə daxil olmuşam. Həmin vaxt atam rəhmətə getmişdi, evin tək oğlu kimi bütün yük üzərimə düşürdü. Bilirsiniz də, o zamanlarda ölkədəki vəziyyət necə idi… Tələbə olsam da, işə ehtiyacım vardı. Xalam oğlu vaxtiylə Xankəndidə ayaqqabı fabrikində işləmişdi, təcrübəli idi, məni tez-tez yanına çağırırdı, elə bu işə marağı da o yaratdı. İyirmi yaşımdan bu işlə məşğulam.
“Diplomu niyə almısan, niyə öz sənətinlə məşğul olmursan” sualını ötən illərdə çox eşitmişəm. 1999-cu ildə yeni yaranmış özəl hüquq məsləhətxanasında bir neçə ay çalışdım, gördüm ki, ayaqqabı işində daha irəli getmişəm. Görünür, seçdiyim sahə sevdiyim sahə deyilmiş deyə, arxasınca getmədim. Məktəb yaşlarından jurnalist, sonralar həkim olmaq istəmişəm və arzularım tez-tez dəyişib. Zamanla anladım ki, insan bir sahə üçün doğulur, həmin sənəti öyrənib icra etməlidir.
– İşiniz sizi qane edirmi, heç özünüzü danladığınız vaxt olubmu?
– Bir danılmaz fakt var – biz işləyə-işləyə iş axtaranların ölkəsində yaşayırıq. Mənim bacım dövlət qurumlarından birində innovasiyalar üzrə mütəxəssisdir. Onun da işi fokuslandığımız mövzudur – peşə seçimi. Gərək, elə peşələri seçəsən ki, gələcəkdə həm yararlanasan, həm də yararlı olasan. Dünyada texnoloji inkişaf bir çox sahələri, ştat və vəzifələri sıradan çıxarıb. Misal üçün, artıq Avropa ölkələrində nəğd ödəniş tarixə qovuşmaq üzrədir, mağazalar var ki, heç satıcı, kassir də tələb olunmur, ödəmə kartı ilə həll edirsən.
Mən işimin ustasıyam. Çünki hər peşənin ustalıqlarını bilmək üçün zaman və əmək verirsən. Bu işlə məşğul olmaq nə əskiklik, nə də kimdənsə fərqlilikdir. Sadəcə icra etdiyin işdir.
– Siz də Sovet təhsili almısınız, necə düşünürsünüz, indiki təhsil uşaqlarımızın peşə seçimi etməsinə imkan verir?
– Heç uzatmadan belə deyərdim ki, kurikulum sistemi biznes sahəsidir. Bu, saysız tədris kitabı, testin satışından ibarətdir. Burada təməl bilikdən, savad almaqdan söhbət gedə bilməz. Mənim də övladlarım var və sadəcə uşaqlarımızın yükləndiyini görürəm, onlar uşaqlıq yaşamadan daim test cavabı axtarışındadırlar. Sovet təhsil sistemini tənqid edənlər məgər bilmirlər ki, o sistem ölkəyə az savadlı adam verməyib? Ləğv edildi, amma həmin təhsil sistemindən götürüləsi çox şey vardı. İllərdir, görürük ki, kurikulum özünü doğrultmur. Peşə, ixtisas seçimi baş-ayaqdır. Test cavabına bağlı ixtisaslı tələbə olursan. Təhsilə qoyulan investisiya ən doğru investisiyadır. Amma baxır nə üçün qoyulur.
– Pinəçilik çətin peşədirmi?
– Ayaqqabı ustası olmaq asan deyil. Yenə deyirəm, bu, hər zamanın işidir. Əvvəllər sentyabrdan maya qədər işimiz çox olurdu. Necə deyərlər, yağış yerə düşənə qədər dincəlməzdik – daha çox ayaqqabısını təmir etdirənlər olurdu. İndi işimiz zəifdir, insanlar ucuz ayaqqabı almağa çalışırlar, keyfiyyəti düşünən yoxdur.
Mən ayaqqabı ustası kimi tək təmir-bərpa yox, başqa sözlə, pinəçi yox, həm də ayaqqabı tikirəm. Əvvəllər ayaqqabı tikdirənlər köhnə ayaqqabısını buradaca qoyub gedərdilər, indi isə köhnəsini də aparırlar. Sosial problemlər insanları bir-birini dolandırmağa imkan vermir.
Daha çox kişilər çəkməçiyə üz tuturlar, onların çoxu təmir və dəri ayaqqabı tikdirmək istəyirlər. Qadınlar üçün ayaqqabı təmir edirik, amma tikmirik. Çünki qadınlar çox kaprizlidirlər. Həm də qadın ayaqqabısında detallar çoxdur.
Ayaqqabı fabriki üçün sərmayə lazımdır. Amma ölkəyə ucuz məhsul gətirənlərə də bu fabrik lazım deyil. Qəliblər alıb, modellər seçmək lazımdır. Yəni bu fürsətlər olsa, yaxşı ustaları cəmləyib böyük işlər görmək olar. İndi ayaqqabı üçün keyfiyyətli xammalın da qiyməti bahalaşıb, xaricdən və yerli məhsul olsa belə, bahalıq var.
– Bu peşənin gələcəyi və davamçılarınız…?
– 2010-cu ildən bu yana kimsə bu sahəni, ayaqqabı ustalığını öyrənmək istəmir. Əvvəllər ildə 2-3 şagirdim olardı, indi bir valideyn də bu işi öyrənmək istəyən övladını yanıma gətirmir.
– Zəhmətinizin qarşılığını görürsünüz?
– Ayaqqabını xalis dəridən tikirəm. Eyni ayaqqabını 5 günə də, 2 günə də tikmək olar. Amma adam biləndə ki, həmin zəhmətinə lazımi dəyər verilməyəcək, istəyirsən ki, işini tez bitirəsən. On il əvvələ qədər ayaqqabının çox hissəsi keyfiyyətli olardı. İnsanlar aldığı ayaqqabıya keyfiyyətinə görə pul verərdilər, satıcılar da doğrusunu deyirdilər. İndi də tək-tük bahalı, keyfiyyətli ayaqqabılar almaq olur. Hamı aldığı ayaqqabının heç olmazsa, iki mövsüm onu “gəzdirməsini” istəyir. Bu gün insanlar daha çox Türkiyədən sifariş edirlər. Endirim mövsümü yaxşı məhsullar da olur deyə, bu ayaqqabı mağazalarına olduğu kimi bizim də işimizə mənfi təsirini göstərir. İnsanları qınamalı deyil, hamı sərf edəni edir, cibi ilə sövdələşir, neyləsin?!
– “İnsan arzusundan ibarətdir” deyiblər. Nə arzulayırsınız?
– Nə olur olsun, insanın bütün fikir və düşüncələri pul üzərində fokuslanır – neyləsək də, bu, həqiqətdir. İnsan işindən zövq almalıdır. Amma maddi sıxıntılar adamı istəmədiyi yerlərə apara bilir. Hazırda mən yenə də iş axtarıram. İnsan ya ehtiyacdan, ya da sadəcə məşğulluq səbəbindən işləyir. İndi birinci olanlar çoxdur. Amma hamıya ikincilərdən olmağı arzu edirəm. Nə olur olsun – küssək də, hədəfimiz olmalıdır. Bu ilin sentyabrından istəyirik ki, işimizi genişləndirək. Bu, ayaqqabı sexi də ola bilər – hələlik bilmirik. Təki işimizdə xoşbəxt olaq…!
– İşiniz avand olsun!
– Sizin də!
Müəllif: Raminə Eyvazqızı