Psixoloq Aytən Ələkbərova Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.
– Aytən xanım, son günlərin ən çox müzakirə olunan mövzularından biri intiharlardır. İnsanları intiharlara sürükləyən səbəblər çoxdur. Zaman keçdikcə, texnologiya inkişaf etdikcə, insanlar da sanki iradəsizləşir. Texnolji inkişafın paralelində bizi intihara təşviq edən səbəblər nədir?
– Hazırda səbəblərdən ən əsası stresslərdir. Bu stresslərin içərisində bizə dayanmadan təsir edəni informativ stresslərdir. İnformativ stresslərin yaranması insanları intihara aparır. İndi vəziyyət elədir ki, insanlar intiharla sanki “qaçdı-tutdu” oynayırlar. Bəziləri asanlıqla tapılmağı, ölümləri ilə gündəmə gəlməyi də istəyirlər. Özünü öldürənlər içərisində kamillik dövründə olanlar da, cahillər də, yeniyetmələr də var. Yeniyetmələr bizim ən həssas yerimizdir. İndi məktəb psixoloqları məktəbdə olacaq bir hadisəni araşdırmadan, məsələyə səthi yanaşırlar. Bu, məni çox narahat edir.
– İntiharda rol oynayan “aktyorlar” var – cəmiyyət, ailə, yaxın ətraf. Daha çox hansının üzərinə məsuliyyət düşür?
– Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideyn az da olsa, öz övladına qonşu gözü ilə baxsa, övladının səhvlərini daha aydın sezə biləcək və düz yol göstərəcək. Yəni biz necə başqasının övladına qonşu gözü ilə baxırıq, səhvlərini görürük. Yox, əgər səthi yanaşılsa, problemlər ortaya çıxacaq.
Bəzən də olur ki, cəmiyyət içərisində olan ailələrdə də problemlər çıxır. Ayrı-seçkilik və valideynin “işim var, işə getməliyəm” deyərək yanaşması uşaqların kənarda qalmasına gətirib çıxarır.
– Müasir dövrdə, çox pul qazanmaq lazımdır ki, valideynlər də uşaqlarına daha yaxşı təhsil verə bilsinlər. Pul qazanırıq, amma onu da düşünmürük ki, uşağa az vaxt ayırırıq. Bir məsələ də var ki, uşağa vaxt ayıranda da qazanc azalacaq. Yaxşı, bu çıxılmaz vəziyyətin həll düsturu nədir?
– Bunlar bir bəhanə deyil ki, pul qazanıram deyə, övladımla maraqlanmayım. Gün ərzində valideynlərin övladlarına ayıra biləcək boş zamanları olur. Eyni zamanda da evə gedəndən sonra ayıracaq vaxt var. Valideynlər övladlarını dinləyərək, onun problemlərinin bütün səbəblərini ortaya çıxara bilər. Hər valideynin özü bir psixoloqdur.
Dəfələrlə olub ki, biz təhsil ocaqlarına müraciət etmişik. Elə məktəb direktorları olub ki, buna seviniblər. Elələri də olub ki, təhsil idarəsinin icazəsi olmadan bizi içəri buraxa bilməyəcəklərini deyiblər. Bir şeyi də düşünmək lazımdır ki, biz məktəblərdə psixoloji seminarlar keçməklə hansısa təmənna güdmürük.
– Televiziya verilişlərinin, proqramlarının də formatı günü-gündən dəyişir. Multfilmlərdə də müəyyən subliminal mesajlar ötürülür və bundan başqa, uşaqlar erkən informasiya alırlar. Yaşından əvvəl informasiya almaq cəmiyyət olaraq bizi inkişafamı aparır?
– Yaşından əvvəl alınan informasiyanın mütləq şəkildə izahı lazımdır. Fərz edək ki, uşaqlar müəyyən şeyləri öyrənmək istəyirlər. Gəlin təhsildən nümunə gətirək. Kurikulum sisteminə görə, uşaq 6-cı sinifdə mayalanmanın nədən ibarət olmasını dərsdə keçir. Ancaq onu dərk etmir. Şagirdin mayalanmanı dərk etməsi üçün həm valideyn, həm də müəllim o mövzunun üzərində çox ciddi dayanmalıdır. İlkəl cinsi terapiyanı, cinsi tərbiyəni oradan başlamalıdır. Cinsi tərbiyə deyərkən qara-qura şeylər düşünməməliyik. Biz su içərkən qara düşünə bilərikmi?! Xeyr. Su içmək kimi cinsi terapiya da bir tələbatdır. Biz bunu uşaqlara sağlam şəkildə çatdırsaq və övladlarla sağlam münasibətlər qurulsa, gələcəkdə yaranacaq hər hansı problemin qarşısını ala bilərik.
Bu məsələdə bizim trendimiz SSRİ zamanında çəkilən Azərbaycan filmləri olmalıdır. O kinolarda gözəl tərbiyə də verilir, valideynə hörmət də aşılanır. Sevgi münasibətlərinin qurulmasından tutmuş, ictimai qınağa qədər bütün mövzuları əhatə edən filmlərimiz var. İctimai qınaqlar həmişə olub. Sadəcə olaraq, indi informasiyanın bolluğundan ictimai qınaq bədənimizə düşmüş xərçəng kimi tez şaxələnir.
– İctimai qınaq bəzi məsələlərdə çox lazımlıdır və problemi aradan qaldırır. Ancaq bəzi məqamlarda problem, fəlakət yaradır. Bu mənada necə deyə bilərik ki, ictimai qınaq həmişə lazımdır?
– Bizi cəmiyyətin mənfi ağuşuna atan başımıza gələn hadisələr yox, bu hadisələrin ətrafında olan danışıqlar, dedi-qodulardır. Belə bir deyim var – balacalar danışır, böyüklər danışılır. Bu danışılmalar bizi həm dağın başına qaldırır, həm də dağın başından bir saniyədə yerə çırpır, param-parça edir. Artıq biz bu çiliklənən şüşəni emala da versək, onun bərpası uzun bir vaxt aparır. Biz itirməyi də bacarmırıq, bölüşməyi də. Övladlarımıza bölüşməyi başa salsaq, bu qədər çətinlik çəkmərik. Qarşımıza çıxan maneələri aşmaq üçün həm eqomuz, həm də ətraf problemlər yaradır. Sizə bir misal çəkim: son günlər 3 lüt qızın videosu Azərbaycanda rezonans doğurdu. Hansı birimiz dedik ki, bəlkə o qızlarla söhbət edək, onları doğru yola çəkək. Bunun əvəzinə ancaq qınaqlar səsləndi. Düşünmürük ki, hamı fərddir və hər fərdin də özünün bioloji xüsusiyyətləri var.
Problemin qarşısını vaxtında almırıq. Gözləyirik ki, nəsə başımıza gəlsin, ondan sonra hər kəs bizi danlasın. Bu zaman çalışırıq ki, özümüzə haqq qazandıraq.
– Abituriyenlər üçün ali məktəblərə qəbul imtahanları keçiriləcək. Ən çox psixoloji problem yaşanan ərəfələrdir. Bu haqda da danışmanızı istərdim.
– Oğlum imtahan verirdi, onu gözləyirdik. Bir də gördük ki, bir qızın ürəyi getdi. Onu qucaqladım, avtomobilimə apardım. Mənə dedi ki, anasının əziyyətini yerə salıb. Deməli, imtahan vaxtı, sualları cavablandırıb. Yanındakından nəsə soruşanda kağız yerə düşüb. Kağızı götürərkən, içəri girən nəzarətçi qızın harayına, yalvarmağına baxmayaraq onu imtahandan qovub.
Qız mənə “xala, mən nəzarətçinin ayaqlarına yıxıldım. Dedim ki, oxuyan uşağam. Amma məni imtahandan qovdu” dedi. Nəzarətçilər o qıza kömək edə bilməzdimi? Əlbəttə ki, edə bilərdilər. Amma biz onu rahatlıqla intihara yönəldirik.
– Siz dediyiniz işin əxlaqi və vicdan tərəfidir. Amma məsələnin qanun və intizam tərəfi də var. Sizə elə gəlmirmi ki, qanun tərəfdən də nəzarətçi vicdanlı davranıb?
– Ən azından xəbərdarlıq edilməli idi ki, həmin qız qaydaları pozur. Bu xəbərdarlıq olmadan imtahan vərəqini əlindən almaq düzgün deyil. Qayda-qanun mütləqdir, amma qəbul imtahanlarında nəzarətçiləri də psixoloq olmalıdır. Çüni psixoloqlar ani şəraitdə yaranacaq stressin qarşısını ala bilirlər.
– Valideynlər istəyir ki, övladı, məsələn, Hüquq fakültəsinə qəbul olsun. Amma abituriyentin yığdığı bal az olur və politologiyaya düşür. Bu zaman da valideynin deyinməsinə görə uşaqlarda qorxu yaranır. İndi isə elə bir dövrdür ki, vəzifədə olmadan da yaxşı pul qazanmaq olur. Niyə hələ də vəzifəyə meyllilik girovluğundan qurtula bilməmişik?
– Çünki biz özümüz olmağı bacarmırıq. Biz publika üçün işləyirik. Dərhal kimin nə deyəcəyini düşünürük.
– Mövzunu dəyişək. Hamımız fərd kimi atılmaq qorxusundan əziyyət çəkirik. Atılmaq qorxusu qadınlarda çoxdur, yoxsa kişilərdə?
– Qısqanc insanlarda daha çoxdur. İnsan sevdiyini bölüşmək istəmir, bu, qısqanclıqdır. Amma bunun dərin sindromları tərk edilmək qorxusudur. Kişilərdə çox olur, buna Otello sindromu deyirlər. Özünə, əqidəsinə, məntiqinə, ruhi durumuna güvənən bir kişi niyə dərin qısqanclıq sindromu yaşamalıdır? Biri var, desin ki, filan şeyi geyinmə, başqasının baxmasını istəmirəm. Bu, başadüşüləndir. Amma biri də var ki, paylaşdığı hissi də qısqanır. “Sən kimi düşünürdün ki, mənə bu istiliyi göstərdin?” deyir. Bu, artıq patalogiyadır, itirmək qorxusudur.
Qadınların da içərisində belələri var. Qadınlar var ki, evlərində üzərinə düşən hər şeyi edirlər. Amma əri ondan uzaqlaşır. Bəs niyə belə olur? Heç kim düşünmür ki, ruhlar bir-birini tapmalıdır. Ruhlar bir-birini tapmasa, mümkün deyil.
– Bəs niyə xəyanətlərin sayı çoxalıb?
– Baxırıq ki, kiminsə anası normaldır. “Necə ola bilər ki, anası normal olan birinin belə övladı olsun?”. Bu sualı veririk. Amma gəlin baxaq görək, atası normalmı olub? Ata qonşu arvadını görüb, onun namusuna şər atmamalıdır. Qonşu tək salam verib, gülər üzlə danışıb, bu o demək deyil ki, sabah onun haqqında başqa şeylər düşünülsün. Həmin bu xəstə təfəkkür, onun əxlaqlı xanımının olmasına baxmayaraq, cəmiyyətə əxlaqsız qızı təqdim edir.
– Alovlu sevgi nə zaman külə dönür?
– Sevgi, aşiq olmaq, çox istəmək, bağlanmaq tamamilə ayrı-ayrı şeylərdir. Elələri var ki, sadəcə pafosla “sevirəm” deyir. Amma içərisində bağlandığı başqa bir dostu da ola bilir. Bir də baxır ki, bağlandığı dostuna aşiq olub. Bəzən də elə dost ola bilər ki, onu çox istəyir və heç kimlə bölüşə bilmir. Gəlib sevdiyi qız və ya oğlan haqda da ona danışanda, baxır ki, çox istəməyin nəticəsində bəy-gəlin kürsüsündə özləri oturub. Qarşı tərəf bu zaman düşünür ki, dostu ona xəyanət etdi.
İnsanlar dost olarkən bir-birini dinləyir. Sevgili olanda, sevəndə isə bir-birini dinləmir, əksinə hirslənir. “Sən eləsən, sən beləsən”, “sən vicdansızsan, gözümün qabağında başqasına baxdın” deyirlər. Qarşı tərəfdəkini dinləmək istəmir. Bununla da effektiv ünsiyyətin olmaması iki bağı bir-birindən uzaqlaşdırır və məsafə verir.
Elə sevgilər var ki, məsələn, biri Bakıdadır, biri Şəkidə. Buna baxmayaraq sevgilərini o qədər gözəl qoruya bilirlər ki! Onlar bir-birinə dost kimi yanaşaraq, hisslərini, problemlərini məsafədən bölüşə bilirlər. Və mümkün deyil ki, əqidəsi olan bunu poza bilsin.
Deyək ki, kişilərin təbiəti başqa cürdür. Elə tələblər var ki, xanımlar kişilərə o “icazəni” verir və buna göz yuma bilir. Amma belə halın qadınlarda olmasını mental düşüncələrə görə, kənarda saxlayırıq.
– Yəni, kişinin xəyanətinə haqq qazandırmaq olar?
– Mən xəyanətə tamamilə “yox” deyirəm. Haqq qazandırmaq olmaz. Sadəcə olaraq o söhbətin üstünə getməmək lazımdır. Tutaq ki, kişi Bakıdadır, xanımı da uzun müddətdir ki, rayondadır. Qadın da, kişi də, sağında və solunda bir-birini görməyi bacarmalıdır. Xəyanət hər kəsin vicdanının məhsuludur. Hər kəs özü qəşəng bilir ki, xəyanət nədir. Ona qalsa, kişi də, qadın da gözü ilə xəyanət edir. Baxıb “bu nə qəşəng qızdır,” bu nə yaraşıqlı, xarizmatik oğlandır” deyirlər. Bununla da həmin adamı xəyalında canlandırır.
– Buna görə də, din göz zinasını da günah sayır.
– Bəli, biz düşünməyək ki, zina təkcə cinsi münasibətlərin qurulmasındadır. Bəzi insan var ki, elə hey qarşı cinsdən danışır, amma əslində heç elə biri də deyil. Bəzən ona pis baxırlar. Amma söhbət edəndə görürlər ki, bu insan özüdür.
– Adel sindromundan (elə arasında sevgi xəstəliyi kimi tanınır) daha çox hansı yaşda olan insanlar əziyyət çəkir?
– Hazırda 35 yaş kateqoriyasında olan xanımlar və bəylər bu sindromdan əziyyət çəkirlər. Xanım olur ki, müəyyən yaşı var, amma yaşadığı eşq dəhşətlidir. Artıq onda əsəb, emosional stresslər yaranır. Bu emosionallığın içərisində informativ stress də təsir etməyə başlayır. Nədir burada informativ stresslər? Məsələn, “votçap”da şəkillərini göndərmək, haqqında məlumat vermək və sair. Belə informativ stressləri yaşayaraq onda emosional stresslər də baş qaldırmağa başlayır.
Emosional stressdə də situasiya o dərəcədə affektə çevrilir ki, o, özünə də, qarşısındakına da qəsd edə bilər.
– Bəs Adel sindromundan necə qurtulmaq olar?
– İnsanlar özlərində bu problemi görüb psixoloqa müraciət edirlərsə, müxtəlif terapiyalarla problemi həll etməyə çalışırıq. Həll yolları müxtəlifdir və çox geniş mövzudur. Hər temperamentin özünə yaxınlaşmaq tərzi var. Bu terapiyalarda psixoloq pasiyenti ilə empatiya qurmalıdır.
– Evli və ya sevgilisi olan xanımlar, kişilər olur ki, problemi olarkən əks cinsdən olan dostuna danışır. Bu məsələdə arvadı ərdən, əri arvaddan, sevgililəri bir-birindən ayıran nədir?
– Ər-arvad münasibətləri təkcə xəyanətə görə pozulmur. Elə insanlar var ki, müzakirə edirlər, problemlərini dinləyirlər. Bir insana gündə 50 dənə sevgi mesajı gələ bilər. Amma insan özü düşünməlidir ki, hamısına cavab versə, bu, onu hansı uçuruma apara bilər. Hər bir qadın da, kişi də özünə qadağalar, qaydalar, qanunlar qoymalıdır. İnsan özünə bu qadağaları qoyarsa, onun bir qorxusu yoxdur.
– Aytən xanım, söhbət dost kimi bir-birini dinləməkdən gedir. Gəlin, başqa misal çəkək. Hansısa bir qız problemini anasına demir, gedib yaxın bir rəfiqəsinə danışır. Bu, o demək deyil ki, anasını çox istəmir.
– Ananı çox istəyir, amma ondan qorxur. Qorxu hissimiz imkan vermir ki, özümüz olaq. Qızlarımız əgər ata ilə, qardaşla dost olub bölüşməyi bacarsalar, kimsə onları rahatlıqla bədbəxt edə bilməz.
– Sevmək insanı daha çox xoşbəxt edir, yoxsa sevilmək?
– Belə bir ifadə var: kişinin sevməyə, qadının isə sevilməyə ehtiyacı var. Kişi sevərkən, qadın isə sevilərkən xoşbəxt olur. Bəzən görürsən ki, qanı qara bir qadın yolda gedərkən təsadüfən deyilən bir sözdən dərhal üzü gülür. Çünki o sözlərə acdır. Düşünür ki, onu güldürən səbəb budur. Əslində isə eşitmək istədiyini eşidir. Həmin vaxt onun üçün fərqi olmur ki, sözü deyən xaraktercə özünə uyğun biridir ya yox!
– Evli kişi və ya qadının da müvafiq olaraq sevməyə, sevilməyə ehtiyacı var?
– Ərlə-arvad arasında münasibət də var, övlad da dünyaya gəlib. Amma ruhən bir deyillər. Ruhən bir olmadıqda, qulaq yaxşı sözlərə ac olur. Sevgi, aşiqlik qeyri-ixtiyari bir hərəkətdən yaranır. Kinolarda da görürük ki, qeyri-ixtiyari baxışdan oğlanla qız bir-birinə aşiq olur. Bütün sevgilərin motivində təsadüf dayanır. Bu təsadüf qığılcımdır. Lakin insanlar ailə qurandan sonra bu qığılcımları iflic etməlidirlər. Özləri bunu düşünməlidirlər. Ailədə yola getmirsənsə, ayrıla bilərsən.
– Xanımlar botoks, plastik əməliyyatlar etdirirlər, bunun sayı artıb. Bu, məsələnin statistik tərəfidir. Gəlin psixoloji məqamlara toxunaq. Baxırsan, normal bir qadındır, xarici görünüşü yerindədir, amma kompleksə düşür. Buna görə də, müxtəlif əməliyyatlar etdirir. Bunun altında yatan psixoloji faktorlar nələrdir?
– İnsanların bədən quruluşu müxtəlifdir. Mənim burnum bir az uzundur, indi nə etməliyəm, özümü öldürməliyəm?! Mən başqa gözəlliklər tapıb burun məsələsini dəf edirəm. Küçəni gedərkən belə kiminsə “Aytənin burnu uzundur” deyə biləcəyindən qorxmuram. Xanımlar gedib çətin əməliyyata girirlər. Nə qədər də pulları gedir. Gəlin baxaq görək, hamısı sonradan ideal vəziyyətdə olurmu? Xeyr. Bu yaxınlarda mən klinikaların birində oldum. Xanımlardan biri özünü “90-60-90” etdirmək istəyirmiş. Amma əməliyyatı elə etmişdilər ki, dəhşətli simmetriya pozuntusu yaranmışdı.
Psixoloji səbəblərə gəlincə, xanımlar plastik əməliyyatları yenə özlərinə görə etmirlər. Kimsə çıxıb desə ki, özünə görə edib, bu, yalan olar. Qadın kosmetikanı özünə görə edir, bununla ruhu düzənini tarazlayır. Orxan Kamalın məşhur “Yad qızı” əsərini yada salaq. Məzhər xanımından niyə ayrılır? Xanımı restoranda içə bilmədiyinə görə. Məzhər deyir ki, sən məni biabır etdin. Və Məzhər gəlir Jaləyə vurulur. Jalə obrazı onun ruhuna daha yaxındır. Qınaya da bilmərik. İllər öncə oxuduğumuz əsər görün nə qədər aktualdır.
Bu gün həmin Məzhər bəylər açıq-aşkar işləyir. Buna vaxtaşırı rast gəlinir. Ancaq bir məsələ var ki, kişilər artıq Jalələrdən iyrənirlər. Çünki bu Jalələr özləri deyil. Nə burun, nə dodaq özlərinindir. Sanki bir kötükdürlər.
Bilirsiniz səhvimiz nədir? Biz qadınlar kişiləri yanımızda pul qabı kimi görmək istəyirik. Belə olan halda kişilər də qadınları görəndə “uf, bunu nə otelə aparardım” deyə düşünür. Çünki siqnallar bir-birinə ötürülür. Qadın baxır ki, arxasınca bir oğlan düşüb, özü də “Gelandevagen”lə. Qadın düşünmür ki, bu maşın icarəyə götürülüb ya yox. Qadın “bilirsən nə olmuşdu, dalımca bir dənə “Gelandewagen” düşmüşdü” deyir. Deyir ki, təki o oğlanla münasibəti düzəlsin, rəfiqəsinə hədiyyə alacaq. Bu qızın içərisində olan görməmiş hissləri axırda ona gətirir ki, öz əlində heç nə qalmır.
– Aytən xanım, cadunun real təsiri varmı?
– İnsanın beynində, ruhunda, təfəkküründə özünü inandırması olur. Fərz edək ki, birinə deyirik ki, sən Allah, mənim falıma bax. O fala baxdırana qədər insanın gündəlik həyatında evdə söz-söhbəti də düşür. Adam gedir fala baxdırır, falçı deyir ki, günün ikinci yarısında dəhşətli dava düşəcək. İnsanın bütün problemləri kənarda qalır. Beynində ancaq davanı düşünür. Evə gəlir, həyat yoldaşı şirin bir söz deyəndə belə dava salır. Bu zaman düşünür ki, falçı düz deyirmiş. Falçıların, cadugərlərin evlərinə, eşiklərinə baxın. Sonunda etdikləri dələduzluqlara görə, hamısı əllərindən çıxır.
– Azərbaycan televiziya məkanında dələduzlar varmı?
– Efirlərdə dələduzlar var. Hamımız da tanıyırıq. Adlarını çəkmək istəmirəm, düşünməsinlər ki, onlarla gündəmə gəlmək istəyirik. Bu, onlarda artıq psixi bir sindromdur, özünü böyütmə hallarıdır. Bu da şizofreniyanın bir qoludur.
– Mövzunu din-psixologiya mövzusuna yönəltmək istəyirəm. Bəzən xoş hisslər də, məsələn, cənnətə düşmək eşqi insanları baş kəsməyə belə vadar edir. Bu da cənnət qorxusu. Bu mənada cənnət və cəhənnəm anlayışlarında redaktələrə ehtiyac varmı?
– Mənim ilk ixtisasım iqtisadçı-şərqşünaslıqdır. Həmin zamanlarda biz bəlağət fənnində gedib otururduq. Rəhmətlik Malik Qarayev bizə tərcümə nəzəriyyəsi və Quranşünaslıqdan dərs deyirdi. İslamın modelləşməsindən isə Abdulla Əhədov dərs deyirdi. Bu dərslərdə oturarkən deyirdik ki, İslamı qara görürük. Deyirdik ki, buna görə də cənnəti belə qara, qorxu kimi qəbul edirik. O zamanlar müəllimə bir sual vermişdim: “Həqiqətən də cənnət və cəhənnəm deyərkən, təfəkkürümüzdə yaratdığımız məqama hansı formada sarılırıq?”. Biz üçüncü-dördüncü kursda oxuyanda artıq bəzi xanımlar qapanmışdı. Qapanmaq qadının bir cihadıdır. Allah hər bir qadına qapanmaq hidayətini versin. Çünki dində də bildirilir ki, qadın nə qədər qapalı olarsa, bir o qədər maraqlı olar. Amma bundan sui-istifadə etmək lazım deyil. Kimsə cənnətə düşmək üçün bunu edirsə, düzgün deyil. Başıaçıq da cənnətə düşəcək şəxslər var. Heç kimin qeybətini etmədən, kiminsə haqqını yemədən, hər kəsi psixoloji olaraq bir fərd kimi görsək, günah etmərik. Bu formada yanaşsaq, siz dediyiniz din sevgisini qorxu ilə yaşayıb cahil hərəkətlər etmərik.
– Ümumiyyətlə, cənnət və cəhənnəmin realda mövcud olmasına inanırsınız?
– Bilmirəm cəmiyyət məni hansı formada qəbul edər. Mənim üçün cənnətin də, cəhənnəmin də reallığı yaşadığımız həyat tərzidir. İnsan yaşadığı həyat tərzi ilə özün cənnətə də ata bilər, cəhənnəmə də. Cənnət də, cəhənnəm də hər kəsin öz düşüncəsindədir. Heç birimiz ölüb dirilməmişik. Bunlar hamısı mənim üçün fərziyyələrdir. Bəlkə də yanlış düşünürəm.
Amma sizə bir məqamı da deyim. Ailə dəyərlərini bilmək üçün bizə müsəlman hüququ dərsi keçilirdi. Bizim gözəl dinimizdə qadının və kişinin hüquqlarını qorunması təsbit olunub. İslamda boşanan qadın 3 aydan sonra başqası ilə ailə qura bilər. O da bəllidir ki, niyə məhz 3 ay deyilib. Çünki bətnində uşaq ola bilər. Bizim dinimiz bunu deyirsə, niyə cəmiyyətimiz boşanan qadının ərə getməsini qınayır?! Əgər dindən danışırıqsa, bəs dində olanlara niyə qiymət vermirik?! Niyə oğlanlarımız düşünür ki, boşanan qadını almaram. Nəyə görə, gənc qızlarımız ailə qurmamış öz ləyaqətləri olan bir məqamı itirirlər, sonra da hansısa ağıllı, özünə güvənən bir oğlanı aldadıb ərə gedirlər.
Hər hansı qız yeniyetməlikdə valideyn diqqətsizliyindən, müəllim-məktəb diqqətsizliyindən bir səhv edə bilər. Ən çox burada məktəb psixoloqunun üzərinə məsuliyyət düşür. Hansısa bir direktoru qınamaq lazım deyil. Məktəb psixoloqu hər uşağın ailə daxilindəki problemlərini bilməlidir.
– Filosof Ağalar Məmmədovun “Ərəblərin cənnəti” adlı bir məqaləsi var. O yazır ki, cənnət və cəhənnəm anlayışları ərəblərin təbiətə verdiyi reaksiyadır. Yəni, ərəblər görmək istədiklərini, arzuladıqlarını cənnət adı ilə assosiasiya ediblər, cəhənnəm isə onların yaşadığı çətin həyat tərzinin yaratdığı təəssürat idi. Bu haqda nə deyəcəksiniz?
– Cənnət və cəhənnəm insanların özlərinə inandırmaq istədikləri xəyali aləmlərdir. Hacı Şahinə qulaq asarkən adam deyir: “Ay Allah, məni günahlardan uzaqlaşdır, tövbəyə doğru gedim”. Ancaq elə din xadimi də var ki, necə danışırsa, adam qorxudan qulaqlarını tutur. İnsanları cəhənnəmlə qorxudurlar. Neçə bipolyar pozuntulu insanlar var ki, hamısı belə qorxudan yaranıb. Ayılandan sonra isə deyiblər ki, namazdan da, kitabdan da uzaq olacaq. Deyirəm ki, məni günaha batırmasınlar, sadəcə sağlam təfəkkürlə düşünsünlər.