Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər danışır: "Bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var..."

11096
Qaçaq Nəbinin kötücəsi Həcər Əkbərova ulu babası və nənəsi haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq istəyir
 “Əsl xalq qəhrəmanları olan ulu babam və nənəm – Qaçaq Nəbi və Həcər haqqında uzun müddətdir ki, araşdırmalar aparır, onlar barədə yayılan şayiələrə son qoymaq istəyirəm”.  Bu sözləri Qaçaq Nəbi və Həcərin kötücəsi – hazırda Sumqayıtda yaşayan Həcər Əkbərova deyib.  O, Sumqayıt Musiqi Kollecini bitirib, orta məktəbdə müəllim işləyir.
Həcər araşdırmalarına təhsil illərində başlayıb və mühüm məlumatlar əldə edib. Özü də iddia edir ki, bu məlumatlar sənəd və dəlillərə əsaslanır: “Oxucular üçün aydın olsun deyə hər şeyi başdan izah edəcəyəm. Xalq qəhrəmanlarımız olan Qaçaq Nəbi və Həcərin üç övladı olub. Oğulları – Əhməd, Xəlil və kiçik qız övladı olan Zeynəb. Nəbi və Həcər xalqının, millətinin rifahı üçün, əsasən, Zəngəzur mahalında, Naxçıvanda və Qarabağda mübarizə aparıblar. Qaçaq Nəbi sui-qəsd nəticəsində öldürülüb. Bildirilir ki, həmin dövrdə oğlanlarının təxminən 13-15 yaşı olub. Nəbi öldürüldükdən sonra qohumları Əhməd və Xəlili Türkiyəyə göndəriblər. Əhmədin nəslinin davamçıları da elə Qarsda dünyaya gəlib. Nəvəsi Mehmet bəy hazırda Avstraliyanın Melburn şəhərində yaşayır. Ailəlikcə münasibətlərimiz var və daimi əlaqə saxlayırıq. Bu məlumatları Mehmet bəy də təsdiq edir”.
Həcər xanım deyir ki, Qaçaq Nəbinin qızı Zeynəb atasının ölümündən sonra anası Həcərlə birgə qohumları tərəfindən Zəngəzur dağlarından Aşağı Mollu kəndinə gətirilib: “Dul qalmış Həcər qızını qorumaq üçün qohumlarının təkidi ilə öz qohumu olan, arvadı vəfat etmiş Həmzə adlı kişi ilə ailə qurur. Lakin bu izdivacdan övladı olmur.  Hazırda Gədəbəy rayon Arıqıran kəndində yaşayan Zərniyar nənə də bunu təsdiq edir. Onun xalası Güllər xanım Nəbinin əmisi oğlunun arvadı olub”.
Xalq qəhrəmanlarının qızı Zeynəb Əliabbas adlı gənclə evlənib, 1923-cü ildə onların Əliş adlı oğlu dünyaya gəlib. Həcər Əkbərova da məhz Əlişin nəvəsidir.  Onun sözlərinə görə, ailədə qəhrəmanlıq, döyüşkənlik nəsildən-nəsilə irsən keçir. Atası İlqar babasının yolu ilə gedərək işğalçı ermənilərə qarşı vuruşub, özünü qorxmaz, comərd bir igid kimi göstərib. Füzuli uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Hazırda müharibə veteranıdır.
Həcər xanım ulu nənəsi barədə uydurulan bir məsələyə də münasibət bildirib: “Qaçaq Nəbi və Həcər istismarçı imperializmə, çar rejiminə, erməni-rus şovinizminə, qarşı döyüşüblər. Həcər nənəmin guya sonradan erməniyə ərə getməsi barədə uydurma isə iyrənc böhtandır. Ortada olan fakt budur ki, Azərbaycan xalqı qəhrəmanı Nəbi və Həcərə böyük sevgi göstərir. 130 ildən çoxdur vətənimizin cənubunda, şimalında, Kərkükdə, Anadoluda ən çox sevilən, oxunan, dinlənilən məşhur xalq mahnılarından bir çoxunda Qaçaq Nəbi ilə Həcər vəsf edilir. Qaçaq Nəbinin ömür tarixçəsindən görünür ki, bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var.
Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Qaçaq Nəbi və Həcər xanımın xalqımızın ən çox sevilən qəhrəmanları olduğunu bildirib.
M.Ə.Rəsulzadə “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsində yazır: “Azərbaycan qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlib. XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaq­lardan zəngəzurlu Qaçaq Nəbini əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Qarabağda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi əsas düşmənləri rus çar rejimi, ermənilər, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Dastanlarda “Nəbi urusları bura qoymadı” – misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də xalqın qəlbində yaşayır”.
Araşdırmalarını davam edən Həcər Əkbərova maraqlı bir faktı qeyd edib: “Qaçaq Nəbi haqqında “Atları yəhərləyin” filmində, o vaxtkı ideologiyaya uyğun olaraq, Həcərin övladının olduğu, lakin öldüyü bildirilib. Film televiziyada nümayiş olunduqdan sonra ssenari müəllifi, xalq şairi Süleyman Rüstəm babam Əliş kişi ilə görüşüb, üzr istəyib”. Həcər Əkbərova filmin rejissoru Əbdül Mahmudovla həmsöhbət olub. Əbdül müəllim ona deyib ki, təzyiqlərə görə filmdə bəzi səhnələr, epizodlar məcburi şəkildə kəsilib. Tanınmış rejissor həmçinin qeyd edib ki, “Babək” filmini çəkərkən dünyaya gələn oğluna Babək, “Atları yəhərləyin” filmini çəkərkən anadan olan qızına isə Həcər adlarını qoyub.
Həcər Əkbərovanın dediyinə görə Türkiyənin Qars Universitetində ulu babasına və nənəsinə aid önəmli bir sənəd saxlanılır. Həmin sənəddə Qaçaq Nəbi və Həcərin oğlanları Əhməd və Xəlil Türkiyə sərhədinə keçən zaman sənəddə atası Nəbi, anası Həcər olaraq göstərilir. “Bu işdə tək məqsədim gələcək nəsillərə saxta tarix yox, həqiqətləri əks etdirən tarix təqdim etməkdir. Arzum, ensiklopediya şəklində həqiqətləri əks etdirən, faktlara əsaslanan, sənəd və dəlilləri olan kitabımın çıxmasıdır. Bu istiqamətdə də işlərimi davam etdirirəm”, – deyə H.Əkbərova bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər