Qaçqın uşaqlarının evi olmur

1245

Səbinə Dəniz

“Detdom uşaqlarının atası olmur, naçalnik”. Nədənsə bu ifadə tez-tez qulağımda səslənir. Razılaşaq ki, detdom uşaqları ilə qaçqın uşaqlarının həyatı çox yaxındı…

 

Qaçqınlıq qəribə həyatdır, elə adı kimi bir az ağır, bir az kövrək, bir az qürurlu, bir az qürursuz, bir az ac bir az da tox… Mən isə qaçqının kim olduğunu illər boyu öz gözlərimlə gördüm. Öyrəndim ki, illərlə zəhmət çəkib-qurub yaratdıqları evlərini, xatirələrini, ürəyinin yarısını doğma torpaqda qoyub, əlinin qabarını, ürəyinin nisgilini, göz yaşını başqa yerə daşıyan adama “qaçqın” deyilir. Onların həyatı bir günün içində alt-üst oldu. Dağ havasına, buz bulaqlara alışan insanlar, Milin ilan mələyən, susuz səhralarına səpələndi. Həmin dövrü adlaya bilməyən, evini, elini itirməklə razılaşmayan çoxlarının ürəyi partladı. İqlimin ağırlığına dözməyib həyatını itirənlər də çox oldu. Qalanları isə şəhərdəki yarımçıq tikililərə, tələbə yataqxanalarına, qohum künc-bucağına sığınmağa, “qaçqın” tənəsi yeməyə məcbur oldular.

 

Deyirlər, insanın uşaqlıq xatirələri yaddaşından heç vaxt silinmir, fərqi yoxdu bu xatirələr necə izlər buraxır, yaxşı, ya pis…

 

Hamı kimi mənim də uşaqlıqda xatirimdə, beynimdə buraxılmış izlər illər boyu silinməyib.

 

Yox, elə bilməyin ki, qayğısız bir uşağın şıltaq macəralarından söz açacam, o uşaqlardan danışacam ki, uşaqkən böyümüş, qayğılarının çəkisi özlərindən ağır olmuşdur.

 

Hər şey yaxşı yadımdadı, vaxtı ilə sanatoriya olmuş bir binada bir otaqlı, təmirsiz mənzildə məskunlaşan babam və nənəm…Bir də… Bir də ki, nəm hopmuş divarların nəmini içinə çəkə-çəkə, bəzən göz yaşını yeməyinə qarşıdırıb yeyən balaca qıvrım saçlı qızcığaz… İlk dəfə həmin yerə gələndə insanların üzündə gördüyüm acılardan yoğrulmuş, lakin bir az da olsun ümid qatılmış susqun fikirlər… Ətraf binalarda yaşayan şəhər uşaqlarının yad baxışları, eyvanlarından övladlarına “qaçqınlarla oynama” deyən şəhərli xalalar və bütün bunlardan daha pis “yardım gətirən maşınlar”… İçində ərzaq, geyim filan olan bu maşınlar həyətə girəndə qəribə bir təlaş yaranırdı elə bil. Hər dəfə qonşuların səs-küyü, növbə davası qulağımın pərdəsini az qala deşirdi… Nədənsə o yardım maşınlarını heç sevmirdim, boyum balaca olduğu üçün o qədər izdihamın içərisində nə qədər boylansam da itib-batırdım, həm özüm, həm də bitib-tükənməyən arzularım. Amma əsas səbəbi isə bəlkə də qürurumdan idi. Amma etiraf edim ki, yardım alınan günlərdə evdə daha dadlı yeməklər yeyə bilirdik.

 

Ovunacağım və qürrənələcəyim çox şeyim var idi. Babamın aldığı “Danimarka xalq nağılları kitabı” (7 cild), 2 gəlinciyim bir də şüşə qırıntılarını basdırıb qızıl çıxacaq zənn etdiyim “qızıllarım”. Hə, bir də koridorun pilləkənlərində etdiyim müəllimlik… Dərs keçdiyim şagirdlərim illərin qocaman müəllimləri kimi qürur yerim idi. Balaca qıvrımsaç müəllimə hər axşam evdə olan müəllim işləyən babasına hesabat verirdi… Unuda bilmədiyim və qoxusu burnumda, dadı damağımda olan o qədər şeylər var ki… Nənəmin təqaüdü ilə yediyim kekslər, “şirinquşlar”, “Pambıqlar” dondurmalar… İndi o dadı dünyanın ən bahalı restoranlarında axtasam tapa bilmərəm… Soyuq qış gecələrində evimizdə tez-tez qaynayan xəngəl qazanları, ondan da qaynar olan qəlblərimiz, söhbətlərimiz və hər şey tezliklə düzələcək deyə qurduğumuz ümidlərimiz…

 

Nənəmin sığalları, nağılları, babamın isə nağıllardan tamam uzaq dəhşətli və real müharibə hekayələri… Hamısı bircə-bircə xatirimdədir…

 

Hətta həyətdə dalaşdığım uşaqlar, məni çox vaxt özləri ilə oynamağa qoymayan topları olan “şəhərli uşaqları” da yadımdadır. Simaları, geyimləri və həmişə bizimlə sərt davranan , qışqıran və bizi onlardan uzaqlaşdırmağa çalışan anaları gözlərimin önündən çəkilmir…

 

Qaçqın uşaqlarının heç nəyi olmur, nə geyinməyə paltarı, nə oynamağa oyuncağı, nə tox qarnı, nə nazı, ədası, nə də dəcəlliyi…

 

Həyat ovuclarımın arasında axıb gedərkən parçalarını toplamağa imkan olmadı… Bircə danışdığım xatirələrimdən başqa….

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər