Bakıda xarici ölkənin vətəndaşı olan qadının azərbaycanlı oğlanı intim görüntüləri ilə şantaj etdiyi bildirilir.
Unikal.org Minval.info-ya istinadən xəbər verir ki, sosial şəbəkədə Catherine Provost adlı istifadəçi “Facebook”-da Orxan Abdullayevə (Ad şərtidir. Şəxsin kimliyi bizə məlumdur. Xahişi əsasında ad gizli saxlanır – red) dostluq sorğusu göndərib. Qeyd edək ki, bu profilin sahibi haqqında bölməsinə Fransada yaşadığını yazıb.
O.Abdullayev C.Provostu dostluğuna qəbul edib və həmyerlimiz ingilis dilini yaxşı bildiyindən gənclər danışmağa başlayıb. Amma qadın Orxana Facebook-da çətinliklə fikirlərini bildirdiyini yazıb və onu “Skype”a dəvət edib. Abdullayev C.Provostla razılaşıb onunla görüntülü danışmağa etiraz etməyib.
Orada bir-biri ilə danışan gənclər ehtiraslı mövzuya keçiblər. Ardınca isə hər ikisi əyinlərindəki paltarı soyunublar. Amma həmyerlimiz üçün bundan sonra gərgin anlar başlayıb. Belə ki, xarici ölkənin vətəndaşı onun görüntülərini qeydə alıb və O.Abdullayevi bununla şantaj edib.
C.Provost onun görüntülərini sosial şəbəkədəki dostlarına göndərəcəyilə, porno saytlara yükləyəcəyilə hədələyib.Orxan nə söyləyəcəyini bilməyib dərhal “Skype”ı bağlayıb. Yalnız Facebook-la danışmağa başlayıb və Catherinadan ondan nə tələb etdiyini soruşub. O isə bunu yalnız “Skype”da deyəcəyini bildirib.
Bu barədə saytımıza məlumat verən O.Abdullayev çarəsiz qaldığını qeyd edib. Onun sözlərinə görə, C.Provost əvvəlcədən bunu planlaşdırıb. Belə ki, Orxanın iddiasına görə, qadın öncədən onun dostluq siyahısında yer alan bütün sosial şəbəkə istifadəçilərinin profilini götürüb:”Mənə dedi ki, videonu porno saytlara yerləşdirəcək. Dedim ki, bundan qorxmuram. Bizim ölkədə buna heç kim pis baxmayacaq, kişiyəm, subayam, etmişəm. Məni bir yolla skype-da danışmağa vadar edirdi. Yəqin ki, videoda üzümü çəkə bilməyib, istəyir ki, bir də danışaq və üzümü çəksin, montajla videoya əlavə etsin. Əvvəldən şübhələnmişdim, amma ehtiras məni yoldan çıxardı. Bunu da danışıram ki, başqalarının da başına gəlməsin”.
Oxşar hadisə daha öncə müxtəlif ölkələrdə də baş verib. Gənc qızlar oğlanları başdan çıxarıb, bu kimi videolara çəkib, pul tələb edirlər. Əldə etdiyimiz məlumata görə, bu kimi şantajla pul əldə edən şəbəkə var. Onlar kimlərinsə foto və videosundan istifadə edir, qarşı tərəfi hədələyirlər. Tələyə düşənlərdən bacardıqları qədər pul qoparırlar. Bu hadisə də onlardan biri ola bilər.