Qadın hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir

1277

Azərbaycanda qadına münasibət tarixən müəyyən hörmətə və diqqətə əsaslanıb. Bununla yanaşı Azərbaycan tarixində qadın hüquqlarının və azadlıqlarının qanunvericilikdə təsbit olunmasını dünyada baş verən proseslərə uyğun həyata keçirilib. Azərbaycanda qadın hüquqlarının müdafiəsi və təşviqi, dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbulunda qadınların iştirakının genişləndirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli ilə bağlı bir çox qanunların, fərman və sərəncamların qəbulu, beynəlxalq təşkilatların üzvü kimi ölkəmizdə mühüm sənədlərin tətbiqi qadın hüquqlarının həyata keçirilməsi və təminatının inkişafına təkan verib.

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır.

Ölkəmizdə qadınlarla bağlı dövlət siyasətinin daha mütəşəkkil həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı  ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bununla yanaşı ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da  qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanıb.

Bu istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün Ulu Öndər Heydər Əliyev 2000-ci il martın 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzaladı. Fərmanda  Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyinin təmin edilməsi öz əksini tapıb.

Həmçinin ölkədə qadınların vəziyyəti ilə bağlı beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması ilə bağlı tapşırıq verilib. Qərarın icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli qərarına uyğun olaraq nazirliklərdə, komitələrdə, şirkətlərdə, konsernlərdə gender məsələləri üzrə məsul şəxslər təyin edilib.

Bu qərar gender bərabərliyinin təmin edilməsi istiqamətində bütün dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyətinin təkmilləşdirilməsinə, öz siyasətinə gender amilinin daxil edilməsinə imkan verdi.

2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında qadın problemləri üzrə Milli Fəaliyyət Planı” qəbul edilmişdir. Milli Fəaliyyət Planı milli prioritetlər nəzərə alınmaqla siyasi, iqtisadi, sosial, mədəni, təhsil və səhiyyə sahələrini, o cümlədən qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2006-cı il 10 oktyabr tarixində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanun gender ayrı-seçkiliyinin bütün formalarını aradan qaldıraraq, siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində kişi və qadınlar üçün bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə xidmət edir. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunların qəbulu insanların təfəkküründə bir çox stereotipləri qıran yeni düşüncə tərzinin yaranmasına səbəb oldu.

Qəbul edilmiş bir sıra dövlət proqramları qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı haqqında” konvensiyalara qoşulub.

Beləliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gender siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə insan hüquqlarının müdafiəsi, qadınların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir və hər zaman diqqət mərkəzində saxlanılır. Onu da qeyd edək ki, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına marağının artırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin rolu böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl nümunədir, eyni zamanda, onların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir.

Sonda onu da qeyd edim ki, hazırda ölkəmizdə 381 xanım vəkil hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirir. Son 4 il ərzində Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatların nəticəsində Vəkillər Kollegiyasında vəkil qadınların sayı 3 dəfə artıb. Bu, sözsüz ki, dövlətimizin vəkillik sahəsinə olan diqqət və qayğısının nəticəsidir. Bu günlərdə bu diqqət və qayğının başqa br nümunəsinin də şahidi olduq. Belə ki, Cənab Prezidentimizin Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə  3 nəfər xanım vəkil  “Tərəqqi” medalı ilə təltif edildi. Qadın vəkillərimizə və ölkə vəkilliyinə göstərilən yüksək etimada görə dövlətimizin başçısına öz dərin minnətdarlığımızı bildiririk.

Gülnur Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun vəkili

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər