27 sentyabr 2020 -ci ildə başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılda düşmən qoşunlarına sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunu işğaldan azad etməsinə şərait yaratdı. Beləliklə, Cəbrayıl rayonunun xeyli hissəsinin işğaldan azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri 18 Oktyabr tarixində Zəngilan rayonu uğrunda döyüşlərə başladı.
Zəngilan uğrunda döyüşlər Sərhəd Qoşunlarının komandanlığı altında aparılırdı. Döyüş əməliyyatlarının başlmasından qısa müddət sonra, oktyabrın 20 -də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.
Beləliklə, Zəngilan rayonunun düşmən tapdağından azad olunması ilə Azərbaycan-İran sərhədi tamamilə bərpa edildi.
İşğal olunmuş sərhədin 132 kilometri bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam və müdafiə işləri həyata keçirildi.
Zəngilan uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi məqsədi ilə 26 Noyabr 2020 -ci ildə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən, şəxsi igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbçisi “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
23 dekabr 2020 -ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Zəngilan rayonuna gəldilər.
Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna üç dəfə səfər edən Prezident İlham Əliyev bütün bərpa və tikinti işlərinə birbaşa özü rəhbərlik edir. Əlbəttə ki, azad edilmiş ərazilərdə həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafında çox əhəmiyyətli rol oynayacaq.
Prezident İlham Əliyevin hər bir səfəri “Böyük Qayıdış” üçün bütün mövcud imkanların səfərbər edildiyini göstərir. Keçmiş məcburi köçkünlərin ilk qrupu bir neçə aydan sonra artıq Zəngilanda məskunlaşdırılacaq.
İşğal zamanı ermənilər tərəfindən dağıdılmış kənd və şəhərlərimizin bərpası prosesi sürətlə davam edir. Zəngilan rayonunda bərpa edilən ilk kəndlər 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulur, artıq işlər yekunlaşmaq üzrədir. Burada ilk dəfə olaraq tam izolyasiya edilmiş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikilir. Daxili mühəndislik kommunikasiyaları, “ağıllı” texnologiyalar əsasında istilik sistemi qurulacaq, bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri açılacaq.
Layihə əsasən 5 komponentdən ibarət olacaq: mənzil tikintisi, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji.
Burada tikiləcək 200 evdən ibarət kəndin enerji ehtiyacları yalnız alternativ enerji mənbələrindən təmin ediləcək. Layihənin həyata keçirilməsində Türkiyə, Çin, İsrail və İtaliya şirkətləri iştirak edir.
Dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş şirkətlərindən olan “Huawei-Azərbaycan” şirkəti Ağıllı Kənd layihələri üçün qabaqcıl texnologiyaları təmin etmək məqsədi ilə bölgədə ən son məhsul və texnologiyaları yerləşdirəcək.
“Ağıllı Kənd” layihəsinin ilk mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılacaq və “ağıllı təhsil”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri tətbiq ediləcək. Bələliklə Zəngilanın Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd olaraq tarixə düşəcək.
Elvin Əlizadə, gənc yazar, Sumqayıt şəhər Poeziya Evinin əməkdaşı