Qalib Azərbaycan türk birliyinin güclənməsinə böyük töhfələr verir

582

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü bir sıra vacib qərarlarla əlamətdar oldu. Qurumun bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılması, Türkmənistana müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış – 2040” sənədinin qəbul edilməsi və digər təşkilati məsələlərlə bağlı vacib qərarlar qəbul olundu.

Türkdilli Dövlətlər Birliyinin sıraları ildən-ilə genişlənir. Son iki ilin ən mühüm hadisələrindən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bununla yanaşı Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv olması da önəmli hadisələrdəndir. 2009-cu ildə Naxçıvanda keçirilən sammitdə Naxçıvan Sazişini dörd lider imzalamışdısa, bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir.

Türk Dövlətləri Təşkilatı artıq böyük perspektivləri olan və dünya siyasətində mühüm rol oynayan beynəlxalq təşkilat funksiyasını yerinə yetirir. Təşkilat bundan sonra da türk xalqlarının birliyinin güclənməsi, siyasi, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, qarşılıqlı etimadın və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradacaq.

İstanbul sammitində Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin rəhbərləri Qarabağın azad edilməsində göstərdiyi səylərə və türk birliyinin daha da gücləndirilməsi istiqamətindəki xidmətlərinə görə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi haqqında qərar qəbul ediblər.

Ali Ordeni təqdim edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə müraciət edərək, onu Müzəffər Ali Baş Komandan adlandırdı və bildirdi ki, Sizin qətiyyətli rəhbərliyinizlə otuz ilə yaxındır davam edən Qarabağ işğalı 44 gündə tamamlandı. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev ona təltif edilən Türk Dünyasının Ali Ordeninin qəbul edərkən təşəkkürünü bildirərək qeyd etdi ki, “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.” Bu fikirlər, dövlət başçısının öz xalqı ilə bütövlüyünün təcəssümü idi.

Prezident İlham Əliyevin təltif edilməsi dövlətimizin başçısının fəaliyyətinə verilən yüksək qiymət və etimaddır. Bu, onun həyata keçirdiyi effektli siyasətin strateji mahiyyətini, beynəlxalq miqyasını göstərir. Fəxrlə deyə bilərik ki, türkdilli dövlətlərin yaxınlaşmasında, təşkilatlanmasında, fəaliyyətlərinin genişlənməsində, nüfuzunun və sıralarının artmasında Prezident İlham Əliyevin mühüm xidmətləri var. Bu, dövlət başçısının diplomatik məharətindən və təcrübəsindən, böyük təşkilatçılıq bacarığından xəbər verir. Onun təşkilatın həyatındakı faydalı fəaliyyəti üzv dövlətlər tərəfindən hər zaman yüksək qiymətləndirilir və təqdir olunur.

Prezident İlham Əliyevin İstanbul şəhərində keçirilən sammitdəki çıxışı mühüm mesajları ilə də yadda qaldı. Ölkə başçısı bildirdi ki, Vətən Müharibəsinin ilk günündən Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırdı. Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqəsinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın:”Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” – fikirləri bizə əlavə güc verdi.

Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü – siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.

Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsindəki Qələbəmizə nəzər salaraq bildirdi ki, biz təxminən 30 illik işğala son qoyduq: “Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləyaqətimizi bərpa etdik. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki bu, ədalətli müharibə idi. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və İkinci Qarabağ savaşının nəticələri bunu göstərir”.

Ölkə başçısı postmüharibə dövrünün yeni reallıqlarına toxundu, inci Qarabağ savaşının nəticələrinin bölgə üçün yeni imkanlar açdığını vurğuladı: “Hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək”.

Müharibədən sonrakı mərhələdə də Türkiyənin dəstəyinin davam etdiyini vurğulan Prezident İlham Əliyev bildirdi ki, Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, – körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, – bütün bu işlərdə fəal iştirak edirlər.

Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər.

Ölkə başçısı Zəngəzur koridorunun əhəmiyyətinə diqqət çəkərək qeyd etdi ki, Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.

1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq.

Ölkə başçısı İstanbuldan Ermənistana da mesaj göndərdi: “Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”.

Beləliklə, deyə bilərik ki, Azərbaycan tarixi Zəfəri ilə bölgəyə sülh, sabitlik, təhlükəsizlik gətirib. Sammitdə qəbul edilən qərarlar türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək. Bu qərarlar bütövlükdə türk dünyası üçün mühüm perespektivlər açacaq. Türkdilli dövlətlərin birliyi məqsədi ilə  yaradılmış bu platforma gələcəkdə daha da inkişaf etdiriləcək.

Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisi, Sumqayıt şəhəri Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər