Hər anı şərəflə dolu 44 günlük Zəfər savaşımızın qəhrəmanlarını dünyaya bəxş edən valideynlər, onlara ömür yoldaşı olan xanımlar, bacı, qardaş, qız, gəlin, arxa-dayaq olan insanlar kimi bu gün etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə, beynəlxalq aləmdə imici hər zaman müsbət olan qalib ölkənin vətəndaşları olmağımızla, bu ölkəni qalib edən sərkərdəmizlə qürur duyuruq.
Ölkəmiz ötən əsrin 90-cı illərində yaşadığı çətinliklərə rəğmən elə o zamandan başlamış beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısını uğurla başa çatdırmış, bu gün dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişdir.
Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalan, səsvermələrdə ədalətli qərarlar verib, Gürcüstan, Moldova, Ukraynanın ərazi bütövlüyünü həmişə olduğu kimi indi də dəstəkləyən bir ölkə olmuşdur. Təsadüfi deyil ki, həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.
Ordumuzun tarix yazdığı 44 gün, eləcə də müharibədən keçən müddət ərzində cənab Prezidentin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgilənmişdi.
O, müsahibələri ilə sübut etdi ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyətini uğurla qoruyub saxlamış, layihələrlə bağlı vaxtında qərarlar vermiş, öhdəliklərinə məsuliyyətlə yanaşmışdır.
Təkcə beynəlxalq arenada deyil, ölkə daxilində də hər zaman insanlar dövlətin diqqət və qayğısını hiss edir. Şəhid və qazi ailələrinə, sosial müdafiəyə ehtiyacı olanlara, qaçqın və məcburi köçkünlərə, kimsəsizlərə, təhsil alanlara, bir sözlə böyükdən balacaya hər kəsə şamil olunan yeni-yeni sosial paketlərin hazırlanması, tətbiqi, işğaldan azad olunan bölgələrimizdə sürətlə icra olunan müxtəlif layihələr bu qayğının, bu diqqətin bariz nümunəsidir.
Yorulmaz fəaliyyəti, lazımi məqamda lazımi addımı atmağı, xüsusilə təxribat və böhtan xarakterli suallar, ölkəmizə qarşı ittihamçı fikirlərlə dolu əcnəbi jurnalistlərə yerini göstərməsi, onlara tutarlı, el dilində desək “ürəyimizdən tikan çaxaran” sözlərlə cavab verməsi Ali Baş Komandanımıza cənab Prezidentə olan inamımızı daha da artırır, onunla qürur duyuruq.
Xalq doğru seçim etmişdir. Bütün məsələlərdə strateji baxışı, yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məslələrinə dair çox aydın təsəvvürü olan Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.
Bir vətəndaş kimi mənim buna heç bir şübhəm yoxdur.
Pərvanə Ramazanova
Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin direktoru.