Qapılar bağlanır, növbəti stansiyaya qədər işıqlar sönə bilər...

1805

“Bakı Metropoliteni”nin sərnişinlərinin sayı azalıb; metronun son vəziyyəti – Reportaj

İki gün dalbadal ölkə ərazisində elektriklərin kəsilməsi “Bakı metropoliteni”ndə də gərgin anlar yaşatdı. Afrika istilərinin hakim olduğu bu günlərdə tunellərdə qalan insanlar yüksək temperatur, havasızlıq və qaranlıq şəraitində 2 saata yaxın ölüm-qalım savaşı verdi. Uzun çəkdi, amma sonda tuneldə qalmış ən son sərnişinə qədər hamısı sağ-salamat təxliyə edildi. Şükürlər olsun ki, insan tələfatı olmadı.

Sərnişinlərin təxliyəsi yekunlaşsa da metro fəaliyyətini dayandırdı. Elektrik enerjisinin ikinci dəfə kəsilməsi nəticəsində “Bakı Metropoliteni” QSC-nin işində problem yaranmışdı. Elektrik enerjisi tam təmin edilənə qədər isə metro sınaq rejimində çalışdı.

Nəhayət, növbəti gün, iyunun 4-ü saat 13:00-dan başlayaraq metronun işi bərpa edildi. Axşam baş vermiş hadisə insanların gözünü yamanca qorxutmuşdu. Elektrik enerjisinin üçüncü dəfə kəsiləcəyi qorxu ilə insanlar metroya minmirdilər.

Adətən axşam saat 18-20 aralığında metro stansiyalarında adam əlindən tərpənmək olmurdu. Lakin həmin gün axşam demək olar ki, metro vaqonları boş gedib-gəlirdi. İyunun 5-i səhər saatlarında nisbətən fərq vardı. Amma yenə də başqa günlərlə müqayisə edəsi olsaq, sərnişin sayı çox az idi. “28 May” metro-stansiyasında Dərnəgül istiqamətinə gedən qatarın vaqonlarında xeyli oturacaqlar boş idi.

Gündəlik metrodan istifadə edənlər arasında qısa sorğu nəticəsində öyrəndik ki, qatara minməyə risk etmirlər. Günel Əkbərova neçə ildir ki, işə metro ilə gedib-gəlir. Son hadisələrdən sonra tuneldə qalacağı qorxusu ilə yerüstü nəqliyyata üstünlük verir: “Düzdür, metro ilə gedib-gəlmək vaxta qənaət edir. Üstəlik ucuz başa gəlir. İki gündür taksidən istifadə edirəm. Metroya düşməyə ürək etmirəm. Yenə elektrik kəsilərsə?”.

Real vəziyyəti görmək üçün metroya düşürük. Bir vaxtlar adam əlindən tərpənmək mümkün olmadığı “Neftçilər” stansiyasında adda-budda adam var. “İçərişəhər” istiqamətində gedən qatar stansiyaya yaxınlaşır. “Neftçilər” stansiyasından üzü “28 May”a doğru hərəkət edirik. Qatarda hər sırada azı 1-2 oturacaq boşdur. Münasib yer seçib əyləşirik.

Metronun ən çox tünlük müşahidə edilən “Koroğlu” stansiyasında da eyni vəziyyətdir. Görünür, insanlar hələ də metrodan istifadə etməyə cəsarət etmirlər.

Qatar hər stansiyada 1-2 dəqiqə dayanır. Başı aşağı telefonda oyun oynayan xanım həyəcanla ətrafına boylanır: “Görəsən, nəsə olmayıb?!” Sakitləşməsi üçün dillənirəm: “Adam yoxdu deyə hər stansiyada gözləyir ki, bəlkə kimsə minər”. Sakitləşir və telefonundakı oyuna davam edir.

Digər stansiyalarda da vəziyyət oxşar idi. Qatarlar demək olar ki, boş gedib-gəlir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə iyulun 3-ü, saat 18:47-də elektrik enerjisinin kəsilməsi səbəbi ilə həmin gün metropoliteninin sərnişinlərinin sayında 30 faiz azalma olub: “Növbəti gün, iyulun 4-ü, saat 13:10-da qatarların hərəkəti bərpa edilən gün ötən gün qrafik dövrlə müqayisədə sərnişinlərin sayında 50 faiz azalma oldu. Bu gün nisbi artıb gözlənilir”.

Biz də ümid edirik ki, yaxın günlərdə sərnişinlər içlərində olan metro fobiyasından xilas olar və qatarlar əvvəlki günlərdəki kimi sadiq sərnişinləri ilə dopdolu o baş-bu başa şütüyərlər.

Ləman Mustafaqızı, 
Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər